Rəqabətli ali təhsilə doğru | |
Qlobal çağırışlar ali təhsil sistemində sürətli dəyişikliklərin aparılmasını zəruri edib. Ali təhsildə rəqabətliliyin təmin olunması isə ilk növbədə universitetlərdə aparılan elmi tədqiqatların səviyyəsindən, yeni akademik mühitin yaradılmasından, gənc tədqiqatçılar nəslinin yetişdirilməsindən bilavasitə asılıdır. Son illərdə Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən doktorant və gənc tədqiqatçıların elmi konfransları ölkəmiz, təhsil sistemimiz qarşısında duran hədəflərə çatmaqda mühüm rol oynayır. Bu silsilədən dekabrın 3-4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən doktorant və gənc tədqiqatçıların XXIII konfransı öz əhatəliliyinə və məzmununa görə fərqlənirdi.
Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın doktorant və gənc tədqiqatçıların elmi yaradıcılığının stimullaşdırılması, onların elmi potensialının üzə çıxarılması baxımından əhəmiyyətini qeyd edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində son illər ərzində müvafiq strategiyaların qarşıya qoyduğu hədəflərə çatmaq üçün görülən işlərdən bəhs edən rektor universitetin nəzdində fəaliyyət göstərən 6 elmi-tədqiqat laboratoriyasının gənc alimlərin tədqiqat aparmaları üçün baza rolunu oynadığnı bildirib.
Hər şey rəqabətli ali təhsil üçün
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov konfransın Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunduğunu, Nəsimi poeziyasının Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynadığını xatırladıb.
Nazir qeyd edib ki, bilik iqtisadiyyatı və innovasiyalarla xarakterizə olunan müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolu sürətlə artmaqdadır. Məhz bu səbəbdən elm, təhsil və innovasiyaların inkişafı ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, müvafiq strateji Yol xəritələri və digər çoxsaylı dövlər proqramlarında elm, təhsil və innovasiyaların inkişafı üzrə konkret hədəflər müəyyən edilib. “Məlumdur ki, insan kapitalının davamlı inkişafı, ilk növbədə, elm və təhsilin keyfiyyəti ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin bugünkü və gələcək inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. Həmin kadrların müasir təfəkkürlü və kreativ düşüncəli, səriştəyə çevrilə bilən bilik və bacarıqlara malik olması, praktiki vərdişlərlə müşayiət olunan nəzəri biliklər qazanması olduqca vacibdir”.
Təhsil naziri əlavə edib ki, ölkə Prezidenti tərəfindən ötən il təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qeyd edilən məqsədləri özündə ehtiva edir. Proqram çərçivəsində iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Birinci istiqamət üzrə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim və tədris texnologiyalarından yararlanmaqla ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, ikinci istiqamət isə yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə xaricdə doktorantura səviyyəsində təhsilin mailiyyələşdirilməsi və onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.
Ceyhun Bayramov qeyd edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində də bu komponentlər nəzərə alınıb. “1538 nəfər magistratura, 575 nəfər rezidentura, 173 nəfər doktoranturada təhsil almaq hüququ əldə edib. Bu da bütün proqram təqaüdçülərinin 64 faizini təşkil edir. Əminəm ki, dünyanın aparıcı universitetlərində təhsil alan həmin gənclər yaxın gələcəkdə ölkəmizdə elmin və təhsilin inkişafına mühüm töhfələr verəcəklər”.
“Bu məsələ bizi ciddi düşündürməlidir”
Təhsil naziri kadr hazırlığı ilə əlaqədar bir sıra statistik göstəriciləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, 2018-ci ildə ölkəmizdə fəlsəfə doktoru və elmlər doktoru hazırlanması proqramlarını həyata keçirən müəssisələrin sayı müvafiq olaraq 119 və 89 olub. Hazırda fəlsəfə doktorları və elmlər doktoru proqramları üzrə ümumilikdə 2626 nəfər təhsil alır. Fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67 faizi, elmlər doktoru proqramları üzrə təhsil alanların 51 faizi ali təhsil müəssisələrinin payına düşür. 2018-ci ildə fəlsəfə doktoru proqramlarına 665 nəfər, elmlər doktoru proqramlarına 165 nəfər qəbul olunub. Həmin ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı isə müvafiq olaraq 605 və 87 nəfər olub. “Təəssüf doğuran odur ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 16 faizi, elmlər doktoru proqramlarını bitirənlərin 14 faizi dissertasiya müdafiə edə bilib. Bu məsələ bizi ciddi düşündürməlidir. Hesab edirik ki, son zamanlar qəbul olunmuş mühüm qərarlar bu sahədə ciddi dönüşün yaranmasına imkan verəcək”.
Doktoranturaya qəbulda yeni qaydalar
Təhsil naziri xatırladıb ki, cari ilin oktyabrında doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarında dəyişikliklər edilib. Qəbul qaydalarına əsasən, mərkəzləşmiş formada xarici dil imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə doktoru imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda keçirilməsi nəzərdə tutulub. Xarici dil üzrə beynəlxalq sertifikatlara (TOEFL və digərləri) malik olanlar isə xarici dil üzrə qəbul imtahanından azad ediləcək. “Düşünürəm ki, bu dəyişiklik olduqca vacibdir. Çünki xarici dil bacarıqları olmadan mühüm elmi bazalara çıxış, ən qabaqcıl elmi nailiyyətlərlə tanış olmaq və onlardan bəhrələnmək mümkün deyil. Onu da qeyd edim ki, tarixən Azərbaycan ziyalıları bir neçə xarici dil biliklərinə malik olublar. Xaricdə təhsil almış peşəkar mütəxəssislər kimi ölkəmizin tərəqqisinə töhfələr veriblər. Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, Sorbonna Universitetində təhsil almış, cari ildə 150 illiyini qeyd etdiyimiz Əhməd bəy Ağaoğlu, Azərbaycanı Avropada tanıdan, ilk kimyaçı alim, Almaniyada təhsil almış, Strasburq Universitetində elmi fəaliyyətlə məşğul olmuş Mövsüm bəy Xanlarov məhz belə ziyalılardan olublar”.
Təhsil naziri hazırda ölkə üzrə elmlər doktoru proqramında təhsil alanlar arasında gənclərin çəkisinin artdığını bildirib. Bu səbəbdən perspektivli gənclərin elmi fəaliyyətə daha da cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi, ixtisaslar üzrə bir mərhələdə keçirilməsi, eləcə də bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulu sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması üzrə ali təhsil müəssisələri ilə müzakirələr yekunlaşıb, hazırlanmış təkliflər aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Davamlı rəqabətin həlledici amili
Ceyhun Bayramov qeyd edib ki, ali təhsil və elmi tədqiqatların səmərəli vəhdətini təmin edən universitetlər insan kapitalının inkişafı və innovasiyalar sahəsində daha çox uğurlar əldə edir. Bu gün tədqiqatçılıq fəaliyyəti universitetlər üçün davamlı rəqabətin həlledici amillərindən birinə çevrilib. Belə ki, dünya universitetlərinin reytinq metodologiyalarında istifadə olunan meyarlar əsasında tədqiqat fəaliyyəti QS reytinqi üzrə 20 faiz, Şanxay reytinqi üzrə 40 faiz, “Times Higher Education Rankings” üzrə 60 faiz xüsusi çəkiyə bərabərdir. “Hesab edirəm ki, bu amil beynəlxalq reytinqlərdə mövqelərini yaxşılaşdırmağı hədəfləyən universitetlərimiz tərəfindən mütləq nəzərə alınmalıdır”.
Ceyhun Bayramov ali məktəblərimizin publikasiya aktivliyi məsələsinə də toxunub. Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında 2015-ci ildə yaradılmış əməkdaşlıq nəticəsində ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science” elmi məlumat platformasına çıxışı təmin edilib.
“Bu günə olan məlumata əsasən “Web of Science” elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1392 elmi tədqiqat işi artıq qeydə alınıb. Onu da qeyd edim ki, son 4 il ərzində Azərbaycan üzrə “Web of Science” də indekslənən jurnalların sayı 1-dən 8-ə qədər artıb. Lakin elmi tədqiqat işlərinin sayının artması ilə yanaşı, keyfiyyət əmsalının da artırılmasına xüsusi diqqət yetirmək lazımdır. Bu istiqamətdə əsərlərin yüksək impakt faktorlu jurnallarda çap olunması, çoxlu sayda istinad qazanılması və beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınması üçün strategiyalar hazırlanmalıdır”. Təhsil naziri əlavə edib ki, beynəlxalq reytinq agentlikləri qiymətləndirmə zamanı universitetlərin ümumi publikasiya sayını deyil, publikasiyaların normallaşdırılmış istinad dərəcəsini əsas götürürlər.
Nazir doktorantura təhsilinin maliyyəlləşdirilməsi ilə bağlı vacib bir məqama da toxunub: “Bildiyiniz kimi, ali təhsilin bakalavriat və magistratura səviyyələrində adambaşına maliyyələşmə mexanizmi doktorantura səviyyəsini əhatə etməyib. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində dövlət sifarişinə əsasən doktorantların təhsil xərclərinin adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi barədə təkliflər hazırlanıb və hökumətə təqdim edilib”.
Elmin prioritet istiqamətlərinə yenidən baxılmalıdır
Təhsil naziri qloballaşan dünyada mövcud çağırışlardan danışıb. Onun sözlərinə görə, elmi tədqiqatların maliyyələşdirilməsi, texnologiyaların inkişafı və konkret olaraq innovasiyalardan danışdıqda dünyada baş verən qlobal tendensiyalar mütləq nəzərə alınmalıdır. Bu gün dünyada bir sıra risklər mövcuddur . Təbii resursların azalması, iqlim dəyişikliyi və ekoloji tarazlığın pozulması, peşə və ixtisasların sürətlə dəyişməsi kimi risklər bütün ölkələri, əlbəttə ki, Azərbaycanı da narahat edən problemlərdəndir. Həmin risklərin yaratdığı təhdidlərdən qorunmaq üçün ölkələr qlobal çağırışlara adekvat innovasiyaların, elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüsləri artırıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlayıblar. “Yeni çağırışlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların yaradılması, süni intellektin geniş tətbiqi ilə bağlıdır. Belə bir şəraitdə Azərbaycanda da elmin prioritet istiqamətlərinə yenidən baxılmalı, hədəflər müəyyənləşdirilərkən qlobal çağırışlar, dünyada elmin inkişaf tendensiyaları, ölkənin sosial-iqtisadi inkişaf perspektivləri əsas götürülməli, tətbiqi tədqiqatların, xüsusi ilə də elmi innovativ fəaliyyətin gücləndirilməsi ön plana çəkilməlidir”.
Nazir sonda əmin olduğunu bildirib ki, elmi nəticələrin təqdim olunması və elmi diskussiyaların aparılması üçün davamlı bir platforma statusu qazanmış konfrans yeni nəsil alimlərin yetişməsində öz mühüm töhfəsini verməkdədir.
Daha sonra AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək son illərdə Təhsil Nazirliyi ilə Akademiya arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında gənclərin elmi tədqiqatlara cəlb olunmasında əhəmiyyətindən, BDU-nun gənc alimlərinin konfransda iştirakından danışıb.
Daha sonra gənc alimlərin təqdimatları olub. Qeyd edək ki, 2 gün davam edən konfransda 500 doktorant və gənc tədqiqatçının məruzəsi dinlənilib. ***
Söhbət etdiyimiz doktorantlar bu kimi konfransların elmi həyatlarında rolunu yüksək qiymətləndirdilər.
Ramil Muxtarov, Milli Aviasiya Akademiyasının dosenti, elmlər doktoru hazırlığı üzrə doktorant: - Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən konfransda, demək olar ki, ölkəmizin bütün ali təhsil müəssisələrindən olan tədqiqatçılar iştirak edir. Tədbirin hər il fərqli ali təhsil müəssisələrində təşkili doktorantlarda yeni elmi zirvələr fəth etməyə həvəs yaradır. Təhsil Nazirliyinin konfransa yüksək diqqəti təmsil etdiyim Milli Aviasiya Akademiyası da daxil olmaqla ölkəmizin bir sıra ali təhsil müəssisələrindən olan gənc tədqiqatçıların tədbirə marağını artırıb. Elmi işlərin nəticələrinin nümayişi, gənclərin aparılan diskussiyalarda iştirakı, yeni əlaqələrin yaradılması, fərqli istiqamətlərdə elmi yeniliklərlə tanış olması baxımından konfransın davamlı olaraq keçirilməsini arzu edərdim.
Elnur Məmmədli, ADNSU-nun doktorantı: - İlk növbədə, bu tədbirin elmə maraq göstərən gənclər üçün çox əhəmiyyətli olduğunu deyə bilərəm. Buradakı auditoriyada həm bakalavr, həm magistr səviyyələrində təhsil alan tələbələr də var. Həmin tələbələr mənə yaxınlaşır, elmi fəaliyyətimlə maraqlanırdılar, doktorantura pilləsinə getməyin məqsədəmüvafiq olub-olmadığı, praktiki əhəmiyyəti barədə suallar verirdilər. Bunların hər biri gənclərdə maraq yaradır və həmin marağı praktik olaraq mən görürəm. Konfrans gənc tədqiqatçılara məqalələrinin, tezislərinin çap olunmasına imkan verir, geniş akademik əhatə yaradır. Bu baxımdan, həm də doktorantlar üçün böyük praktik köməkliyi var.
Kamilə Cəfərli, AzMİU-nun doktorantı: - Tədbirin gənclərin elmi tədqiqatlara cəlb olunması, onların bu sahədə səriştə və qabiliyyətlərinin inkişafına təkan verəcəyinə əminəm. Konfrans biz doktorantlara elmi yeniliklərlə tanış olmaqla aktual mövzulara fokuslanmağa imkan verir. AzMİU-da tələbələrin elmi tədqiqatlara cəlb olunması sahəsində müsbət təcrübə var. Son illər universitetin akademik uğurlarının artması, beynəlxalq nüfuzu biz gəncləri elmi tədqiqatlara həvəsləndirir.
Zülfiyyə Ağayeva, BDU-nun doktorantı: - Ümid edirəm ki, konfrans gənc tədqiqatçıların bir araya gəlməsi üçün əlverişli bir platforma rolunu oynayır. Ümumiyyətlə, tədbir mükəmməl təşkil olunub. Konfrans gənc tədqiqatçıların bir araya gəlməsi və onlar arasında əlaqələrin qurulması, elmi mübadilənin aparılması nöqteyi-nəzərindən çox faydalıdır. Çox istərdim ki, konfransa təqdim olunan elmi məqalələr dərc olunsun və müəlliflər, eləcə də maraqlananlar onunla tanış ola və yararlana bilsinlər.
Oruc MUSTAFAYEV |
|
06.12.2019 | 09:00 | |
|
|
|