Könüllülük gənclərin yeni inkişaf modeli kimi

Gəncə Dövlət Universitetində “Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsi” mövzusunda tədbir keçirilib.  

 

Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, “Könüllülük həftəsi” Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.  O, BMT Baş Assambleyasının 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi irəli sürdüyünü qeyd edib.

 

“Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq  yüksəlişi, məhz Ümummilli Liderin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb”-deyən prorektor Prezident İlham Əliyevin Azərbaycanda könüllülük fəaliyyətinin inkişafı istiqamətində atdığı addımları yüksək qiymətləndirib.  

 

Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Yadigar Bədəlov qeyd edib ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayıblar:”Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib”.  

 

Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov bildirib ki, dünyada könüllülük fəaliyyətinin uzun əsrlik tarixi var. Könüllülük müxtəlif coğrafi ərazilərdə müxtəlif səbəblərlə həyata keçirilib. “Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 2009-cu ilin iyun ayında "Könüllü fəaliyyət haqqında” qanunu imzaladı. Sənədə görə, könüllü fəaliyyət əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği üzrə həyata keçirilir. Həmçinin ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, idmanın inkişafı və digər istiqamətlər sənəddə yer alıb”-deyən qurum rəsmisi hesab edir ki,  bütün növ tədbirlərin həyata keçirilməsində könüllülər əsas qüvvədir. 

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.



04.12.2019 | 15:39