Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb | |
Dekabrın 2-də Təhsil naziri Ceyhun Bayramov “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə “Cisco” şirkətinin vitse-prezidenti Qay Didrix, şirkətin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, şirkətin regional və Azərbaycan üzrə menecerləri iştirak ediblər.
Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsinin quruluşu çərçivəsində “Cisco” şirkəti ilə yaxından əməkdaşlıq edilib. Şirkətin təqdim etdiyi həllər vasitəsi ilə təhsil müəssisələrində İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb. Hazırda “Cisco” Şəbəkə Akademiyalarının Azərbaycanda sayı 13-ə bərabərdir. Onlardan 5-i ali təhsil müəssisələrində, digərləri isə özəl qurumlarda yerləşir. Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.
Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Müzakirə nəticəsində “Cisco” təcrübəsinin, innovativ həll və texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə işlərin aparılması nəzərdə tutulub. |
|
03.12.2019 | 11:59 | |
|
|
|