İnsan hüquqları mövzusunda dinləmə | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun (PF) növbəti X dinləməsi keçirilib.
Dinləmə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynovun “İnsan hüquqları: dünən və bu gün” məruzəsinə həsr olunub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Lətif Hüseynovun geniş və nümunəvi bioqrafiyası haqqında məlumat verərək, onun Avropa strukturlarındakı gərəkli fəaliyyətinə də diqqət çəkib.
Sonra Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi L. Hüseynov “İnsan hüquqları: dünən və bu gün” mövzusundakı məruzəsini təqdim edib.
O bildirib ki, hər kəsin doğulduğu andan etibarən, hüquq və azadlıqları vardır:” Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları müstəqil hüquq sahəsi kimi hüququn digər sahələri ilə, o cümlədən konstitusiya hüququ, beynəlxalq hüquqla qarşılıqlı əlaqələrə malikdir. XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi olmuşdur. Bununla əlaqədar olaraq, 1950-ci ildən başlayaraq 10 dekabr İnsan hüquqları günü kimi qeyd edilir”.
L.Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin təşkili və fəaliyyətinin bir sıra nəzəri və praktik aspektləri haqqında da danışıb. Avropa Məhkəməsinə müraciət edilməsi qaydası, şikayətlərə baxılma mexanizmi, Avropa Məhkəməsinin qərarları, onların hüquqi qüvvəsi və icrası, həmçinin qərarların milli hüquqa təsiri və bununla bağlı bir sıra digər məsələlər barədə də ətraflı məlumat verib. |
|
02.12.2019 | 17:19 | |
|
|
|