Rəfiq Turana Fəxri doktor diplomu verilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan ilə görüş olub.

 

İnstitutun direktoru, akademik Yaqub Mahmudov  deyib ki, dostluq və qardaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil edir. O, görüşü AMEA-nın mühüm tədbirlərindən biri adlandırıb.

 

Sonra AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli  Tarix İnstitutunun Fəxri doktoru diplomunu professor Rəfiq Turana təqdim edib.

 

İ.Həbibbəyli Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Azərbaycan və Türkiyə ən ağır dönəmlərində bir-birlərinə dəstək olublar. Bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya üçün bir nümunədir”.

 

Türkiyəli alim də öz növbəsində bildirib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür: “Biz tarixi, soyu və mədəniyyəti bir olan xalqıq. Tariximizi birlikdə araşdırmalıyıq. Türk Tarix Kurumu AMEA-nın müxtəlif institutları ilə birgə araşdırmalar aparır”.

 

Qeyd edək ki, R.Turan Tarix İnstitutunun Fəxri doktoru diplomuna Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə layiq görülüb.



02.12.2019 | 10:10