“Bilik o halda çox qiymətlidir ki, müstəqil yolla əldə olunur” | |
Xuraman Kazımova 1966-cı ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Artıq 30 ildir İmişli rayonunun Çaxırlı kənd tam orta məktəbində tarix müəllimi işləyir. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 58 bal toplayıb. Peşəsinin vurğunudur.
- Xuraman xanım, necə oldu ki, müəllimlik peşəsini seçdiniz? - Məktəbdə mənim çox yaxşı və gözəl müəllimlərim olub. Mən həmişə onlara bənzəmək istəmişəm və onlardan nümunə götürmüşəm. Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.
Seçimim məktəbdə oxuyarkən sinif saatlarında uzun düşüncələr və evdə çoxsaylı mübahisələrdən sonra həyata keçib...
- Sizi peşənizə nə cəlb edir? - Mənim peşəm məni nə ilə cəlb edir: bir cümlə deyim ki, “düşünməyi öyrətmək, gözəllik hissini tərbiyə və inkişaf etdirmək”. İ.Kant deyib ki, “İş - həyatdan zövq almaq üçün ən yaxşı yoldur”. Mən heç nədən peşman deyiləm! Həqiqətən, işimin sayəsində ətrafımda mənə ehtiyacı olan və ehtiyacın duyduğum insanlar həmişə çoxdur. Bir çox həmkarlarım da mənimlə həmfikirdirlər, bizim yaradıcı bir kollektivimiz var. Mən şagirdlərimi sonsuza qədər sevirəm, həmkarlarıma səmimi münasibət bəsləyirəm və bu peşənin böyük gələcəyinə inanıram. Müəllim həmişə vaxtın, zamanın zirvəsindədir, axı gələcəyi o, tərbiyə edir. Gələcək isə təkcə müasir, insan tərəfindən yaradılmış zəruri şeylərdən ibarət deyil, həm də nəsillərin sübut olunmuş təcrübəsinə əsaslanmalıdır. Müəllim yeniliyindən istifadə edərək, köhnəni unutmur, onları bir-birinə birləşdirir. Müəllim həmişə yaradıcıdır, çünki yaradıcı şəxsiyyətlər insanları öz arxasınca aparır. Müəllim çox şeyi bacarmalı və birinci olmalıdır.
- İşinizdə çətin anlar olubmu? - Müəllim peşəsində ən çətin an, mövcud vəziyyətlərdən düzgün həll yolunu tapmaqdır.
- Bu peşəni seçməyinizdən məmnunsunuzmu? - Özümü başqa yerdə təsəvvür edə bilmirəm. Məktəbdə heç vaxt “inkişafda dayanma” yoxdur: həmişə öyrənmək məcburiyyətində qalırsan. Ən böyük arzum şagirdlərimi uğurlu, təhsilli görməkdir.
- Müəllimlik peşəsində nəyi ən vacib hesab edirsiniz? - Müəllim işində yalnız dərs və tədris proqramları ilə kifayətlənməməlidir. Çünki o, düşüncəni çatdıran, bu düşüncəni uşaqların şüurunda oyadan, onlara özünü tapmağa kömək edəndir. Bir də bilik o halda çox qiymətlidir ki, müstəqil yolla əldə olunur.
- Sinifdə dərslərinizin daha maraqlı keçməsi üçün hansı vasitələrdən istifadə edirsiniz? - İlk öncə, dərsdə yaradıcı, aktiv bir mühit yaratmaq və şagirdlərin kiçik kəşflərini müşahidə etmək məni daha çox sevindirir.
- Məktəbdə sevimli şagirdləriniz varmı? - Əlbəttə, var. Dərsdə müəllim, dərsdənkənar işlərdə isə onların yaxın dostuyam. Belə olmasa, pedaqoji fəaliyyətdə uğur qazanmaq olmaz.
- Müasir uşaqların hansı xüsusiyyətləri onların öyrənməsinə mane olur? - Uşaqlar bilirlər ki, müəllimin danışdıqlarını dərhal öz smartfonlarından oxuya bilərlər. Bəlkə də onların oxuduqları müəllimin dediklərindən daha maraqlıdır. Bu kimi müasir qurğular pis deyil, sadəcə olaraq onlar öyrənmək üçün bir vasitədir. Fikrimcə, şagirdlər dərslərdə onlardan da istifadə edə bilərlər. Məsələn, bəzi tapşırıqlara cavab verərkən... Ancaq müşahidələrim onu deyir ki, bəzən uşaqların bu qurğulara aludəçiliyi onları öyrənməkdən uzaqlaşdırır.
- Sizin kimi eyni peşəyə sahib olanlara nə demək istərdiniz? - Böyük qəlbə və səbrə malik, öz peşəsinin vurğunu olanlar müəllim işləyə bilər. Müəllim təkcə məktəbdə yox, hər yerdə müəllim olmalıdır.
Vilayət ƏLİYEV, İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
30.11.2019 | 13:59 | |
|
|
|