“Autizmli uşaqlara dəstək proqramı” | |
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən biri də Neftçala rayon İ.Babayev adına tam orta məktəbin psixoloqu T.Elmirin həyata keçirdiyi “Autizmli uşaqlara dəstək proqramı” layihəsidir. Layihənin məqsədi Neftçala rayon və ona ətraf ərazilərdə autizm spektr pozuntularına malik olan uşaqları aşkarlamaq, autizmin spektr pozuntularının təzahür xüsusiyyətlərini öyrənmək, onlarla psixodiaqnostik və psixokorreksiya işi təşkil edərək müsbət dəyişmələrə nail olmaqdır. Qeyd edək ki, autizm erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur.
Layihəyə müraciət edən autizmli xəstələrin qeydiyyatı aparılmış və autizmli uşaqların ilkin psixoloji-diaqnostik qiymətləndirilməsi keçirilmişdir. İlkin qiymətləndirmələrdə müxtəlif psixoloji pozuntulara malik 40-a yaxın sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir. Autizmdən əziyyət çəkən uşaqların autizm səviyyəsini müəyyən etmək üçün ilkin diaqnostik qiymətləndirmə keçirilmişdir. PEP-R testini istifadə etməklə təqlid, qavrama, əl-göz koordinasiyası, kiçik motorika, böyük motorika, koqnitiv və şifahi olmaq üzrə 7 sahədə inkişaf qiymətləndirilməsi aparılmışdır. Hər inkişaf sahəsində edə bildiyi, edə bilmədiyi və qismən edə bildiyi ( öyrənməyə hazır olduğu) bacarıqlar müəyyən edilmişdir. Diaqnostik qiymətləndirmələri peşəkar psxoloq-mütəxəssislər həyata keçirmişdir. Layihənin ilk ayı ərzində həmin uşaqlar içərisində 16 autizmin müxtəlif spektr pozuntularına malik uşaq aşkarlanmış və ilkin diaqnostikadan sonra məşğələlərə cəlb edilmişdir. Müraciətlər növbəlilik prinsipinə əsaslanaraq indi də davam edir. Autizmli uşaqlarla psixoloji, loqopedik, fizioterapiya məşğələləri iki psixoloq, bir loqoped, bir fizioterapist tərəfindən keçirilir. Aparılan psixoloji məşğələlərdə autistik uşaqlara ən çox tətbiq edilən ABA davranış terapiyasından istifadə olunmuşdur. Bu metod uşağın davranışlarını və bu davranışları ilə əlaqəli ətraf mühitin xüsusiyyətlərini obyektiv olaraq analiz etməyə şərait yaradır. Autistik uşaqlar hər inkişaf sahəsində fərqli səviyyələrdədir. Vacib olan hər inkişaf səviyyəsində olan öncəlikləri müəyyən etməkdir. Uşağın ilkin tələbatlarını təmin edəcək sahələrdə malik olduğu bacarıqlar hədəf kimi seçilməlidir.
Xüsusi qeyd edilməlidir ki, “Autizmli uşaqlara dəstək proqramı” çərçivəsində autizmli uşaqlarla psixoloji işin aparılmasında, müxtəlif terapiya və diaqnostik metodların tətbiqində Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin əməkdaşı, psixoloq Turanə Hüseynova tərəfindən psixoloq mütəxəssislərə yaxından köməklik göstərilmişdir.
Həyata keçirilən layihə çərçivəsində 4 noyabr 2019-cu ildə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün “Autizm sindromu nədir, onun əlamətləri və xüsusiyyətləri” mövzusunda regional təlim təşkil olunmuşdur.Təlimi aparan psixoloq T.Elmir və loqoped T.Sevda autizm sindromu, onun əlamətləri, başvermə səbəbləri və xüsusiyyətləri, eyni zamanda autizmin müalicəsində həyata keçirilən tədbir və məşğələlər barədə təlim iştirakçılarına geniş məlumat verdi. Sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə söhbətlər keçirilmiş, məlumatlar toplanmışdır. Çünki ailə uşağın inkişafında və təhsilində ən təsirli rolu olan faktorlardan biridir. Buna görə də normal və ya qüsurlu olsun, hər uşağın daxilində böyüyüb inkişaf edə biləcəyi, bəzi qayda və rolları yaşayaraq öyrənə biləcəyi ailə mühiti içində olmaq ehtiyacı vardır. Bunların xaricində, ailələrin bu problemlərlə mübarizə aparması zamanı yaşadıqları psixoloji narahatçılıqlar da ən böyük problemlər arasındadır.
“Autizmli uşaqlara dəstək” proqram layihəsi çərçivəsində daha bir regional təlim-seminar Biləsuvar rayonunda baş tutmuşdur. 15 noyabr 2019-cu il tarixdə keçirilən təlimdə region psixoloqları, loqoped, uşaq birliyi rəhbərləri iştirak etmişdir. Seminarda noyabr ayı “Autizmlilərə kömək aylığı” elan edilmiş və qarşıda duran vəzifələr ətraflı təhlil olunmuşdur. Seminarda təhsil işçiləri ilə autizmli uşaqların diaqnostikası, korreksiyası məsələləri ətraflı müzakirə edilmişdir. Həkim və valideynlərin Autizm Spektr Pozuntusu və digər inkişaf problemlərinin erkən simptomlarını ayırd etməsinin həyati əhəmiyyətə sahib olması xüsusi vurğulanmışıdr. Qeyd edək ki, layihə sentyabr ayından başlamaqla 3 ay müddəti əhatə edir və bu istiqamətdə işlər uğurla davam etdirilir.
|
|
30.11.2019 | 10:23 | |
|
|
|