Şərəfli ömür sahibi

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.

 

Heydər ƏLİYEV,

ümummilli lider

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə, elmə, mədəniyyətə, bütövlükdə xalqın intellektual səviyyəsinin yüksəldilməsinə qayğısı hər zaman üstün yer tutmuş, aparıcı istiqamətlərdən biri olmuşdur. Əslində xalqımızın son 40 illik milli intibahı mahiyyət etibarilə xalqın təhsillənmə səviyyəsinin yüksəlişi, fundamental elmin yaranması, milli mədəniyyətin tərəqqisi ilə sıx bağlı idi ki, bunların hamısı təhsil sisteminin və ondan səmərəli istifadə edilməsinin nəticəsində mümkün olmuşdur. Bu mənada təhsilin milli tərəqqidəki rolundan danışarkən Heydər Əliyev deyirdi: “...təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq...”.

 

Bəşəriyyət müasir intellektual inkişaf səviyyəsinə görə öncə müəllimlərə borcludur. Bütün aparılan təhlillər göstərir ki, heç bir sənət və peşə adamı cəmiyyətin irəliyə doğru inkişafında müəllimin fəaliyyəti qədər rol oynamır. Çünki müəllimlər insan zəkasını nurlandıran sönməz işıq mənbəyi olmaqla bərabər, bəşəriyyətin mənəvi yükünü çiyinlərində daşıyan həyat anteyləridir.

 

Qəlbinə nur hopmuş belə insanlardan biri, ömrünün yarım əsrdən çox hissəsini təlim-tərbiyə işinə həsr etmiş, muxtar respublikada hamının hörmət və ehtiramla xatırladığı, mənəvi-əxlaqi keyfiyyətləri ilə insanların rəğbətini qazanmış Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nəriman Bilal oğlu Orucəliyev idi.

 

1930-cu ildə Babək rayonunun Cəhri kəndində ziyalı ailəsində anadan olmuşdu. 1945-ci ildə Cəhri kənd orta məktəbini, 1947-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1962-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdi. 1969-cu ildən fasiləsiz olaraq ömrünü Naxçıvan Dövlət Universiteti ilə bağlayan Nəriman Orucəliyev 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdı. 1978-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyası ona pedaqogika kafedrasının dosenti diplomunu vermişdi. 80-ə yaxın elmi məqalənin, o cümlədən pedaqogika elminin aktual problemlərinə həsr edilmiş 10-dan artıq kitabın müəllifi olan Nəriman müəllim “Azərbaycan SSR-in əməkdar təbliğatçısı” və “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adlarına layiq görülmüşdü.

 

Ədəb-ərkan, kamillik, təlim, bilik anlayışlarını ehtiva edən müəllim sözünün özü əlahiddə bir dünyadır. Bu sirli-sehrli aləmin öz səması, günəşi, ayı, sayrışan ulduzları, barı-bəhrəsi, inkişaf qanunauyğunluqları mövcuddur. Lakin gec meyvə verən qollu-budaqlı, möhtəşəm ağac da olsa pedaqoq-müəllim həm də məbəddir desək, yanılmarıq. Bu məbəddə gələcək vətəndaş, ictimai xadim yetişir. Bəlkə ona görədir ki, müəllimlik dünyada ən şərəfli peşə sayılır. Nahaq deyildir ki, Şərq dünyasının böyük filosofu və əxlaq nəzəriyyəçisi Nəsirəddin Tusi demişdir: “Müəllim cismani ağa, ruhani atadır. Müəllim nəfsin tərbiyəsilə məşğul olan mütəxəssis və dünya mövcudatının ən şəfalısıdır”. 

 

Yaxşı deyiblər: Təmasda olduğu adamları nəcibləşdirmək istedadı Allah vergisidir. Bir var fərd özü nəcib yarana və bununla kifayətlənə, bir də var fərdin nəcibliyi başqalarına sirayət edə. Nəriman müəllim ünsiyyətdən isinmək üçün Yaradanın insanlara bəxş etdiyi şəxsiyyətlərdən idi. O, böyük insan olduğu qədər də pak idi. Onu yaxından tanıyanlar bilirdilər ki, o, əxlaqi cəhətdən qüsursuzdur. Ona görə də onun bir pedaqoq kimi təbliğ etdiyi mənəvi keyfiyyətləri (halallığı, düzlüyü, doğruçuluğu, əməksevərliyi, insanpərvərliyi, obyektivliyi və s.) öz davranışında və fəaliyyətində görənlərin müəllimə rəğbəti birə-beş artır, tələbələri həmişə onun şəxsiyyətini ucadan-uca tuturdular.

 

Universitetdə hansı vəzifədə çalışmışdısa, o sahədə dönüş, inkişaf yaratmışdı. Uzun illər universitetin tarix-filologiya və pedaqoji fakültələrində dekan, Pedaqogika və psixologiya kafedrasında müdir vəzifələrində işləmiş, öz bacarığı və təşkilatçılığı ilə seçilmişdi. Nəriman müəllim həmişə deyirdi ki, xalq üçün çörəkdən və sudan sonra ən vacibi məktəbdir. Hər bir insan təhsil prosesində, məktəbdə tərbiyə olunur. Buna görə də təhsil tam, aydın və sabit olmalıdır. Alim-pedaqoq tez-tez fransız yazıçısı A.Barbusun aşağıdakı sözlərini xatırladırdı: “Məktəb yetişməkdə olan nəslin formalaşdığı emalatxanadır. Əgər sən gələcəyi əldən vermək istəmirsənsə, onu əldə möhkəm saxlamaq lazımdır”.

 

Onun müəllimliyində tələbkarlıqla qayğı üzvi bağlılıq təşkil edirdi. Dərsdə çox ciddi, tələbkar görünən Nəriman müəllim tələbələri ilə dostluq etməyi bacarır, onlara dəyərli məsləhətlər verir, elm və həyat yollarında onların əsl qayğıkeşi, yolgöstərəni olurdu.

 

Nəriman müəllimin ən maraqlı xüsusiyyətlərindən biri, deyəcəyi hər sözün, atacağı hər bir addımın verə biləcəyi nəticəni əvvəlcədən götür-qoy etməsi idi. O bilirdi ki, deyilən söz yaydan atılan oxa bənzəyir. Atılan oxu geri qaytarmaq, peşmançılıqdan yaxa qurtarmaq isə mümkün olmur.

 

Nəriman müəllimin verdiyi biliklər, aşıladığı mənəvi keyfiyyətlər milli və bəşəri xarakter daşıyır, fəaliyyəti isə həmişə planlılığı, məqsədyönlülüyü və mütəşəkkilliliyi ilə fərqlənirdi. Peşəsinin qəlbən vurğunu olan Nəriman Orucəliyev öz müəllimliyini Vətəninə, xalqına xidmət etmək vasitəsinə çevirmişdi. Onun dediyi söz, atdığı addımlar, apardığı dərslər bir pedaqoq kimi cəmiyyət üçün faydalı məqsədlər güdür, mənəvi keyfiyyətləri isə xalqımızın tarix boyu qazandığı dəyərlər olduğundan cəmiyyətin sonrakı inkişafı üçün əhəmiyyət kəsb edirdi.

 

Ömrünün 60 ilə yaxınını müəllimlik kimi müqəddəs peşəyə bağlamış Nəriman Orucəliyevin həm həyatı, həm də elmi-pedaqoji fəaliyyəti bir ziyalılıq örnəyi olmuşdur. Həyatın mənasını insanlara xidmətdə görən Nəriman müəllim təvazökar, xeyirxah və alicənab insan idi. Onun dost kimi sədaqətinə, insan kimi kamilliyinə, ziyalı kimi alicənablığına, ağsaqqal kimi nüfuzuna, vətəndaş kimi xalqına, torpağına bağlılığına hamımız şahid idik. O, olduqca sadə, zövqlə geyinən bütöv bir şəxsiyyət idi. Onun insanlara rəftarında, cəmiyyət hadisələrinə münasibətində son dərəcə səmimi bir ziyalı mövqeyi formalaşmış, rəftarında, oturuşunda, duruşunda, ədəb-ərkanında gözəl bir müəllim qüruru cəmləşmişdi. Doğru deyirlər ki, müəllim nümunə, örnək olmalıdır, istər hərəkətində, istərsə də biliyində.

 

O, Azərbaycan müəllimlərinin XI və XII qurultaylarının iştirakçısı olmuş, ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdi.

 

Nəriman müəllim doğma yurda, el-obaya, boya-başa çatdığı Naxçıvan torpağına bağlı şəxsiyyət idi. O, evi, ocağı qədər sevib əzizlədiyi, həvəslə çalışdığı Naxçıvan Dövlət Universitetini özünün əbədi iş yeri sayır, bununla da demək istəyirdi ki, Vətəni, doğma torpağı sevmək hər kəsin borcudur.

 

Nəriman Orucəliyevin ən böyük keyfiyyətlərindən biri də çoxlarına nümunə ola biləcək ailə xoşbəxtliyi idi. Nəriman müəllimin özü həmişə etiraf edirdi ki, həyatda qazandığı uğurlarında sədaqətli ömür-gün yoldaşı Tamella xanımın böyük payı vardır.

 

Hər kəsə bir ömür verilib, deyiblər. Hərə də bir cür yaşayıb bu ömrü. Elə buna görə də dilimizdə ömür, şərəfli ömür ifadələri yaranıb. Faydalı, xeyirxah, gənc nəslin inkişafına təkan verən, xalqına və millətinə xidmətdə keçən ömrə dəyərli ömür deyiblər. Cəsarətli, sözübütöv, sədaqətli, şərəfli ömür sahibinə çevrilib bu cür şəxsiyyətlər. Nəriman Bilal oğlu Orucəliyev də belə mənalı və şərəfli ömür sahiblərindən biri idi.

 

Ömrünü gələcəyimiz olan gənclərin təlim-tərbiyəsinə həsr etmiş Nəriman müəllim yaşasa idi,  indi onun 89 yaşı olacaqdı. O, bu gün bizimlə bir sırada dayanmasa da hamımız onu yaxşı xatırlayır və unutmuruq. Bacarıqlı pedaqoq özünün məntiqi mülahizələri, analitik təfəkkür qabiliyyətinə malik olan fikirləri, prinsipial və xeyirxah mövqeyi, sərrast düşüncə tərzi ilə seçilən, təmənnasız insan kimi hörmət, məhəbbət qazanan və belə bir işdən məmnunluq hissi keçirən bacarıqlı təhsil təşkilatçısı idi.

 

Nəriman müəllim etibarlı dost, yüksək əxlaqi keyfiyyətlərə malik olan bir ziyalı, qayğıkeş ailə başçısı, vətənini, xalqını, dövlətini sevən bir vətəndaş, öz fikrini həssaslıqla tərəf müqabilinə çatdırmağı bacaran, mehriban, səmimi bir insan idi. O, hər hansı bir şəxslə ünsiyyətdə olarkən onun qəlbini ələ alan, yüksək səviyyədə dinləmək qabiliyyətinə malik olduğunu göstərən, nəyi isə öyrənmək istəyən, bildiklərini həmkarına və tələbələrinə axıra qədər aydınlaşdırmağı bacaran, kövrək qəlbli bir alim idi.

 

Nəriman müəllimin elmi-pedaqoji fəaliyyətindən, onun insani keyfiyyətlərindən günlərlə danışmaq olar. Onun haqqında pedaqoq, alim, ziyalı, kamil şəxsiyyət kimi düşünəndə fəxr edirsən ki, belə bir insanla birgə çalışmısan, onunla oturub durmusan. Çünki cəmiyyətin tərəqqisinə, onun təhsilinin inkişafına, gənc nəslin tərbiyəsinə sərf edilmiş ömür şərəfli ömürdür. Belə bir ömür yaşamış Nəriman Orucəliyevi isə onu tanıyanlar, tələbələri və dostları həmişə böyük məhəbbətlə xatırlayırlar.

 

Nəriman ORUCƏLİYEV,

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin birinci katibi



29.11.2019 | 16:35