Alim ömrü

Böyük Azərbaycan filosofu Ə.Bəhmənyar deyirdi ki, elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Kitab ömrü yaşayanlar isə elm adamlarıdır, bəşəriyyətə həqiqətin, ədalətin və xoşbəxtliyin yolunu göstərən  alimlərdir. Onlar dünyanın çırağı, axirətin nurudur (Məhəmməd Peyğəmbər). Elm insan ruhunun bəzəyidir, yalnız onun köməyi ilə həqiqəti görmək və dərk etmək mümkündür. Ulu Nizami əbəs yerə demirdi:

 

Bağlı bir qapıya açar axtarsan,

Ancaq alimlərdə axtar, taparsan.

 

Elm bəşəriyyət yarandığı gündən  indiyə kimi  tikilən ən möhtəşəm bir məbəddir. Onun hər bir daşını qoymaq üçün alimlər bütün ömrünü sərf ediblər. Öz ixtiraları və kəşfləri ilə bəşər elminə dəyərli  töhfələr verən, dünya elm məbədinə öz “kərpici”ni yerləşdirən Azərbaycanın  müdrik zəka sahibləri  ilə millətimiz haqlı olaraq fəxr edir. Elmdə yaranan bu ənənə və varisliyi uğurla davam etdirənlərdən biri də Azərbaycan elmi  elitasının tanınmış nümayəndəsi, ADPU-nun Ümumi psixologiya  kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor, Əməkdar müəllim Ramiz İbrahim oğlu Əliyevdir.

 

Professor Ramiz İbrahim oğlu Əliyev 9 noyabr 1954-cü ildə Gədəbəy rayonunun  axarlı-baxarlı Arısu kəndində  müəllim ailəsində  dünyaya gəlib. Adını ərazidəki eyniadlı çaydan alan Arısu  kəndi yaşayış məntəqəsi kimi XIX əsrdə salınıb. Dağlar qoynunda yerləşən kənd Azərbaycan təhsilinə və  elminə dəyərli ziyalılar bəxş edib. Kənddə maarifi və maarifçiliyi yayanlardan biri də Ramiz müəllimin  atası İbrahim müəllim olub. O, peşəkar kimya müəllimi, maarifçi və məktəbdar olmaqla yanaşı, həm də el-obada loğman kimi tanınıb. Xalq təbabətinin mahir bilicisi kimi ad-san qazanıb, həm Gədəbəydən, həm də ətraf rayonlardan yanına gələnlər onun şəfalı əllərindən nicat tapıb, öz sağlamlığına qovuşub. Rayonun  sayılıb-seçilən ziyalılarından olan İbrahim müəllim müxtəlif vəzifələrdə (kolxoz sədri, partkom, məktəb direktoru) işləsə də həmişə özünü xalq müəllimi hesab edib. Ramiz müəllim belə bir ailədə - mayası halallıqla və xeyirxahlıqla yoğrulmuş el ağsaqqalı İbrahim müəllimin  ailəsində, insanı vəcdə gətirən əsrarəngiz təbiət gözəlliklərinin qoynunda yerləşən Arısu kəndində boya-başa çatıb. Qartallar oylağı olan sıldırım qayaların əzəməti, Arısu çayının saflığı və duruluğu, əliqabarlı kənd camaatının zəhmətinin ətri onun ruhuna hopub.1960-1968-ci illərdə doğma kəndlərindəki səkkizillik məktəbdə, 1968-1970-ci illərdə Miskinli kənd orta məktəbində təhsil alıb. Fəhmi, bacarığı və diribaşlığı ilə şagird yoldaşlarından seçilən Ramiz orta təhsilini başa vurduqdan sonra arzularının qanadında Bakıya gəlib, 1971-1975-ci illərdə SSRİ-nin 50 illiyi adına APXDİ-nin (indiki ADU)  İngilis dili fakültəsində oxuyub, müəllimlərinin və tələbə yoldaşlarının sevimlisinə çevrilib. İnstitutu bitirdikdən sonra təyinatla Gədəbəy rayonuna  göndərilən Ramiz 1975-1978-ci illərdə Arısu kənd səkkizillik məktəbində ingilis dili müəllimi işləyib. Şagirdlərdə ingilis dilinə və mədəniyyətinə maraq oyatmaq məqsədilə məktəbdə bədii özfəaliyyət və teatr dərnəyi yaradıb. Bayram günlərində şagirdlərin iştirakı ilə  konsertlər və tamaşalar hazırlayıb. Təşkil etdiyi konsertlərdə həm də  yaxşı qarmon ifa etməsi ilə yadda qalıb. Elmi tədqiqata olan həvəsi onu yenidən Azərbaycanın elm və mədəniyyət mərkəzinə - Bakıya gətirib.

 

Aspirantura illəri

 

1978-ci ildə gərgin keçən müsabiqədə (1 yerə qarşı 9 nəfər sənəd veribmiş) ən yüksək nəticə göstərərək Azərbaycan  Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun  Uşaq, yaş və pedaqoji psixologiya ixtisası üzrə əyani aspiranturasına daxil olub. Professor Ə.Əlizadənin elmi rəhbərliyi ilə kiçik yaşlı məktəblilərin şəxsiyyətinin formalaşmasında onların ictimai fəallığının rolunu araşdırmağa başlayıb. Lakin o dövrün qaydalarına görə, 1979-1980 -ci illərdə təhsilini yarımçıq qoyaraq sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra aspirantura təhsilini Moskva şəhərində SSRİ Pedaqoji Elmlər Akademiyasının Elmi-Tədqiqat Psixologiya İnstitutunda professor İrina Vladimirovna Dubrovinanın rəhbərlik etdiyi laboratoriyada davam etdirməli olub. 1981-1982-ci illərdə Moskvada dünya şöhrətli psixoloq alimlərlə birlikdə tədqiqatlar aparması, Moskva elmi-pedaqoji və psixoloji mühitində “bişməsi”, onun elmi erudisiyasının genişlənməsində, nəzəri və praktik hazırlığının yüksəlməsində, yetkin alim kimi formalaşmasında mühüm rol oynayıb. 1983-cü ildə əyani  aspirantura təhsilini başa vuran Ramiz müəllim Bakıya qayıtmalı olub. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun Psixologiya və defektologiya şöbəsində kiçik elm işçi  vəzifəsində elmi fəaliyyətə başlayıb. Bakıda işləsə də Moskva və Kiyev psixoloq alimləri ilə əlaqəni kəsməyib, beynəlxalq səviyyəli konfranslarda, simpoziumlarda iştirak edib, tanınmış psixoloq alimlərin elmi seminarlarında çıxış edib. Nəhayət ki, çəkilən zəhmət öz bəhrəsini verib. O, 1985-ci ildə Ukrayna Elmi-Tədqiqat Psixologiya İnstitutunda “Kiçik yaşlı məktəblilərin şəxsiyyətinin formalaşmasında ictimai fəallığın rolu” mövzusunda  dissertasiya müdafiə edərək psixologiya elmlər namizədi alimlik dərəcəsi alıb. Dissertasiya işi həm rəsmi opponentlər, həm də Müdafiə Şurasının üzvləri tərəfindən yüksək qiymətləndirilib. Aparıcı təşkilatın-  akademik Ş.Amonaşvilinin direktor olduğu Tbilisi ETPİ-nin verdiyi rəydə dissertasiya elmi-nəzəri və praktik səviyyəsinə görə unikal iş hesab olunmaqla yanaşı, müəllifin tədqiq etdiyi problemlə  bağlı irəli sürdüyi fikirlərin psixologiya elminə dəyərli töhfə olduğu bildirilib. 

 

Zirvəyə aparan yol

 

Geniş elmi erudisiyaya, nəzəri və praktik hazırlığa malik olan Ramiz müəllimin dünya şöhrətli rus, Ukrayna və Azərbaycan psixoloqlarından dərs alması, onlarla birlikdə tədqiqat aparması pillə-pillə onu ucaldıb,  şöhrətin uca zirvəsinə yüksəldib. Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. Namizədlik dissertasiyasının müdafiəsindən sonra Ramiz Əliyev müxtəlif ali məktəblərdən dəvət alsa da, iş yerini dəyişməyib. 1986-cı ildən 2001-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər  İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 2001-ci ildə həmin institutun bazasında formalaşdırılan  Təhsil Problemləri İnstitutunda Yaş fiziologiyası və psixologiya  şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir tərəfdən institutun Azad Həmkarlar Təşkilatının sədri kimi geniş fəaliyyət göstərib, digər tərəfdən 80-ci illərin axırlarından ölkədə baş verən ictimai-siyasi hadisələrin iştirakçılarından birinə çevrilib. Siyasi-analitik yazılarla mətbuatda çıxışlar edib. Bu illər həm də  onun elmi  həyatında ən məhsuldar dövr kimi yadda qalıb.

Respublikada ilk dəfə olaraq  “Təhsildə  psixoloji xidmətin Əsasnaməsi”nin layihəsini hazırlayıb və nəşr etdirib. Şagird şəxsiyyətinin  formalaşmasının  etnopsixoloji əsaslarını doktorluq dissertasiyası səviyyəsində araşdırıb.

2004-cü ildə BDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında “Şagird şəxsiyyətinin formalaşmasının  etnopsixoloji əsasları” mövzusunda dissertasiya müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi alıb. Əsər rəsmi opponentlər professor F.Sadıqov, professor Ə.Abbasov, professor Ə.Baxşəliyev, Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvü, professor B.Əliyev, üzvləri və aparıcı müəssisənin mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilib.2009-cu ildə ona psixologiya üzrə professor elmi adı verilib. Doktorluq dissertasiyasının  müdafiəsindən az sonra     Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvlüyünə dəvət olunub və 2006-2013-cü illərdə burada səmərəli elmi fəaliyyət göstərib, onlarla gənc tədqiqatçının xeyirxahlarından biri olub.

 

Psixoloq-alimlərinin üçüncü nəslinin qüdrətli nümayəndələrindən biri

 

Azərbaycanda elmi psixologiyanın inkişafında akademik A.O.Makovelski, professor Ə.K.Zəkuzadə, professor F.İbrahimbəyov, professor Ş.Ağayev, professor M.Məhərrəmov, professor Ə.Bayramov, professor Ə.Əlizadə və professor M.Həmzəyevin müstəsna xidmətləri olub. Bu müqtədir alimlər psixoloq alimlərin birinci və ikinci nəslinin ən qüdrətli nümayəndələridir. İkinci nəslin elmi  rəhbərliyi, diqqət və qayğısı nəticəsində psixoloq alimlərin yeni nəsli - AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, professor Səməd Seyidov, professor Ramiz Əliyev, professor Kəmalə Əliyeva, professor R.Qədirova və b. yetişib. Etiraf edək ki, üçüncü nəslin ən qüdrətli nümayəndələrindən biri də professor Ramiz Əliyevdir. O, çoxşaxəli yaradıcılıq kredosuna və qeyri-standart təfəkkür tərzinə malik alimdir. İngilis və rus dillərini mükəmməl bilməsi, mütəmadi olaraq ABŞ, Avropa və rus psixoloqlarının əsərlərini  mütaliə etməsi, hər bir psixoloji fakt və hadisəyə fərqli yanaşması, hamının birmənalı olaraq  qəbul etdiyi nəzəriyyələri ehkam kimi qəbul etməməsi onu həmkarlarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. O, psixologiyanın müxtəlif sahələri üzrə - eksperimental psixologiya, etnopsixologiya, təhsildə sosial-psixoloji xidmət, test nəzəriyyəsi, istedadlı uşaqlara psixoloji xidmət və psixologiya tarixi ilə bağlı sistemli araşdırmalar aparıb, bir-birindən maraqlı, elmi-nəzəri və praktik dəyərliliyi ilə seçilən əsərləri ilə  pedaqoji ictimaiyyətin  görüşünə gəlib. Onun “Şagird şəxsiyyətinin formalaşmasında milli xüsusiyyətlərinin nəzərə alınması” (1995), “Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları” (2000), “Məktəbə psixoloji xidmətin aktual məsələləri” (2004), “Psixologiya” (2003, 2007, 2008), “Psixologiya tarixi” (2006), “Tərbiyə psixologiyası” (2006), “Etnopsixologiya: qlobollaşma və millilik”  (2007), “Azərbaycan psixologiyasının korifeyi-Əbdül Əlizadə” (2009), “Mentalitet” (2009), “Praktik psixologiya məsələləri” (2011), “Mühit. İdeologiya. Şəxsiyyət” (2015), “Mən, atam, anam, sevgilim və övladlarım” (2019) adlı monoqrafiya, dərslik və dərs vəsaitləri psixologiya elminə dəyərli töhfədir. Bu kitablar qalın yox, qalan kitablardandır. Elmi təfəkkürdə həmişə poeziya elementi olur. Ramiz müəllim də insanı duyğulandıran, qəlbini ehtizaza gətirən  xeyli şeirlərin müəllifidir.

 

Professor Əbdül Əlizadə ənənələrinin davamçısı

 

Professor Ramiz Əliyev 2013-cü ildə ustadı professor Ə.Əlizadənin təklifi ilə ADPU-ya dəvət olunub. Həmin vaxtdan ADPU və Məktəbəqədər tərbiyə fakültəsinin Elmi Şurasının üzvü, Ümumi psixologiya kafedrasının müdiri vəzifəsində çalışır, müəllim və psixoloq kadrların hazırlanmasında səmərəli fəaliyyət göstərir, professor Ə.K.Zəkuzadənin, professor F.İbrahimbəyovun, professor Ş.Ağayevin, professor Ə.Əlizadənin elmi ənənələrini uğurla davam etdirir. Professor Ə.Əlizadənin 80 illik yubileyinin respublika səviyyəsində keçirilməsi onun ənənəyə ehtiramının, elmi təəssübkeşliyinin və təşkilatçılıq bacarığının bariz nümunəsidir. Müxtəlif layihələrin icrasına, tədris plan və proqramların hazırlanmasına öz töhfəsini verir. Elmi-nəzəri və praktik  konfranslarda, “dəyirmi masa”larda orijinal çıxışları və elmi məhsuldarlığı ilə seçilir.

 

Sərvəti şəxsiyyəti olan insan

 

Qəhrəman olmaq üçün bəzən bir an kifayət etdiyi halda, ləyaqətli insan olmaq üçün bütöv bir ömür kifayət etmir. Millət ancaq sevdiyi insanları yaddaşında saxlayır. Elə insanları ki, onlar xeyirxah düşüncə, xeyirxah söz və xeyirxah əməl sahibləridir. Yüksək əxlaq və fəzilət sahibi olan professor Ramiz Əliyev məhz belə insanların yanında yer alan ziyalılarımızdan biridir. Faydalı əməlləri ilə cəmiyyətə töhfə verən, insanlara və insanlığı nümunə olan professor Ramiz Əliyevin şəxsiyyətinin özəlliyi onun sözünün və davranışının gözəlliyindədir. Onun ən böyük sərvəti büllur kimi təmiz, mənəviyyatca saf şəxsiyyətidir. O, əsl ziyalı, bütöv şəxsiyyətdir. Aqil və müdrik insanların, millətin mənəviyyat pasportuna çevrilən zəka sahiblərinin şəxsiyyətlə bağlı fikirlərindən o qədər yazıb ki, yazdıqlarının hər biri onun ruhuna hopub, əxlaqını cilalayıb, könül dünyasını saflaşdırıb. Ramiz müəllim oturuşu-duruşu, ədəbi-ərkanı, səbr və təmkini, ağır-ağır danışmağı ilə klassik kişiləri xatırladır. Sakit, xeyirxah, təvazökar, soyuqqanlı olduğu qədər də haqsızlığa qarşı üsyankardır. Cəsarətli, ağıllı və düzlüyü sevəndir. Güclü analitik təfəkkürə, siyasi düşüncəyə və idarəetmə qabiliyyətinə malikdir. Vaxtı ilə ciddi şəkildə siyasətlə məşğul olması, siyasi diskussiya  klublarında iştirak etməsi, özəl ali təhsil müəssisəsi yaratması və bir müddət onu idarəetməsi dediklərimizi sübut edir. Qürurverici insani keyfiyyətlərin daşıyıcısı olduğuna görədir ki, ona həm təmsil etdiyi elmin, həm də bir elin-obanın ağsaqqalı kimi hamı hörmətlə yanışır. Bu hörməti və ehtiramı Ramiz müəllim  həyatının mənası, qazandıqlarının ən dəyərlisi, ömür kitabının al-əlvan naxışları hesab edir. İnsanın əsl məqsədi insanlıq olduğundan, hesab edirəm ki, Ramiz müəllim həyatda əsl məqsədinə nail olub. Ulu Nizami əbəs yerə demirdi ki, insanın insandan yalnız insanlığı artıqdır. İnsan çox mürəkkəb varlıq olsa da  axırda özünü çox sadə şəkildə - danışığı və davranışı ilə  ifadə edir, ya sevilir, könüllərdə mülk qurur, ya da sağikən unudulur.

 

Hələ bunlar nədir ki...

 

Professor Ramiz Əliyev ömrünün bəlli bir zirvəsində qərar tutub. O, zirvədən dönüb arxaya baxanda onun fəxr etməyə, qürurlanmağa mənəvi haqqı var. Çünki onun 65 illik ömür kitabının hər səhifəsi zəhmətlə, əziyyətlə, şərəf və ləyaqətlə yazılıb. Ramiz Əliyevi “Mentalitet”imizin müəllifi, ideyalarının həyata keçməsi üçün “elmi cəngavərlik” yolunu seçən bir vətəndaş kimi səciyyələndirən alim dostumuz Ənvər Abbasov haqlı olaraq deyir ki, “onun zəhmətinin sevindirici nətəcələri dünənin çətinliklərini aşıb gəlib. Amma nə yaxşı ki, o çətinliklər olub. O cətinliklər professor Ramiz Əliyev kimi bir alim şəxsiyyətini formalaşdırıb. Onu zamanının görkəmli bir insanına çevirib”. Müdriklər əbəs yerə demirlər ki, insan kərpic kimidir, bişdikcə daha da möhkəmlənir.

 

Uca olmağı və ucalıqda qalmağı yaşam tərzinə, həyat fəlsəfəsinə çevirən Ramiz Əliyevə arxada qalan illər nə verib? Nə verməyib ki...   Psixologiya elmləri doktoru elmi dərəcəsi, professor elmi adı, Əməkdar müəllim fəxri adı, kafedra müdiri vəzifəsi, 20-yə yaxın monoqrafiya, dərslik və dərs vəsaiti, 300-dən artıq elmi və publisistik məqalə, yüksək elmi nüfuz və bir də nümunəvi ailə. Əsərlərinin bir hissəsi  rus və ingilis dillərində xarici ölkələrin nüfuzlu jurnallarında işıq üzü görüb. Müxtəlif illərdə Bakı, Moskva, Sankt-Peterburq, Kiyev şəhərlərində keçirilən beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumların iştirakçısı olub. BDU-da psixologiya ixtisası üzrə Dissertasiya Şurasının üzvü olub.  Elmi rəhbərliyi ilə 24 nəfər fəlsəfə doktoru, elmi məsləhətçiliyi ilə 1 nəfər elmlər doktoru dissertasiyası müdafiə edib.

 

Professor Ramiz Əliyev həm də ictimai fəaliyyəti ilə tanınan alimdir. O, “Azərbaycan məktəbi”, “Psixologiya jurnalı”, “ADPU-nun Elmi Xəbərləri”, “Təhsil İnistutunun Elmi əsərləri” və “Naxçıvan Universitetinin Elmi Xəbərləri”nin  redaksiya heyətinin üzvüdür.

 

Professor Ramiz Əliyevin uğurlarının arxasında zəhməti və əziyyəti, yuxusuz gecələri, narahat gündüzləri və bir də ona mənəvi dayaq olan ailəsi dayanır. Həyat yoldaşı Arzu xanım ümumtəhsil məktəbində coğrafiya müəllimi işləyir, böyük oğlu Nicat Neft Şirkətində, kiçik oğlu Cavid Mədəniyyət Nazirliyində çalışır. Hər ikisi  də atalarının elmi  yolunun  davamçılarıdır, psixologiya ixtisası üzrə doktorantdırlar.

 

Respublikada psixologiya elmi sahəsində səlahiyyətli söz sahiblərindən birinə çevrilən əziz dostumuz professor Ramiz Əliyevi, görkəmli psixoloq alimi 65 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları və nəvə-nəticə sevinci arzulayıram.

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi



29.11.2019 | 12:55