Şagirdlərin IV elmi-ifaçılıq konfransı | |
Bakıdakı 6 nömrəli onbirillik incəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şagirdlərin IV elmi-ifaçılıq konfransı keçirilib.
Artıq 4-cü dəfə keçirilən “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı elmi-ifaçılıq konfransında “Dialoq. Elm. İnnovasiya” mövzusu əsas istiqamət kimi götürülüb. Niyazi adına 22 nömrəli, 33 və 34 nömrəli uşaq musiqi məktəbləri, 3 nömrəli onbirillik musiqi məktəbi, 38 nömrəli gözdən əlillər musiqi məktəbi F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri ilə eyni səhnəni bölüşüblər.
Konfransda beynəlxalq və respublika müsabiqələrinin laureatı, vokalçı M.Tağızadə və gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri bəstəkarın ən gözəl əsərlərindən olan “Sevil” operasından bir neçə musiqi nümayiş etdiriblər.
Bəstəkarın “Kürd-Ovşarı” simfonik muğamından fraqmentlər, skripkaçılar ansamblının ifasında “12 miniatür” məcmuəsindən işləmələr, qarmon üçün “1001 gecə” baletinin musiqi nümunələri əsasında “Fantaziya” və bəstəkarın “Kor ərəbin mahnısı”, o cümlədən digər mahnıları iştirakçılarda xoş ovqat yaradıb.
Qeyd edək ki, konfrans F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin böyük xorunun ifasında “Odlar ölkəsi” mahnısı ilə başa çatıb.
Sifai SƏFƏROVA |
|
27.11.2019 | 12:34 | |
|
|
|