Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası | |
Noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə elm və təhsilin inteqrasiyası (ISE-2019) mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransı açan ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru, akademik Roald Saqdeyev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev mövzunun aktuallığından danışıblar.
Tədbirdə Roald Saqdeyevin “İnteqrasiya edilmiş tədqiqat və təhsil yanaşmasında ən yaxşı təcrübələr” mövzusunda məruzəsi dinlənilib. Alim müvafiq sahədə ali təhsil müəssisələrinin rolunu qeyd edib, bununla bağlı Azərbaycanda aparılan işləri yüksək qiymətləndirib.
İsraildən Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov “İnnovasiya, texnologiya və sahibkarlıq əsrində ali təhsil və tədqiqat” mövzusunda çıxış edib. O, ali təhsilin və tədqiqatların müasir dövrün çağırışlarına cavab verməsinin vacibliyini vurğulayıb, tədrisin müvafiq istiqamətlərdə qurulmasına dair fikirlərini bölüşüb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Azərbaycanda təhsilin inkişafı üçün qanunvericilik bazasından danışıb. Ölkə rəhbərliyi tərəfindən elmin və təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq uğurlar qazanıldığını bildirib.
Kembric Molekulyar biologiya laboratoriyasının (MRC) müdiri, professor Qərib Mürşüdov “Elm və təhsil arasında əlaqələr: tədqiqat institutları və təhsil universitetləri” mövzusunda çıxış edib.
Səudiyyə Ərəbistanı Kral Fahd Neft və Mineral Universiteti, Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin fakültə üzvü, geologiya elmi proqramının rəhbəri Cek Dvorkin “Fundamental elm və aspirantura: rəqəmsal geologiya nümunələri əsasında” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda, həmçinin “Clarivate Analytics” şirkətinin təmsilçisi Nik Turnerin “Tədqiqatların ölçülməsi və innovasiyaların tətbiqi: Bakı Dövlət Universiteti “Web of Science” prizmasından”, Pakistan COMSATS Universitetinin Elm fakültəsindən professor Arşad Salem Bhattinin “İslamabad COMSATS Universitetində elm və təhsil”, Türkiyənin Akdeniz Universitetinin Kənd təsərrüfatı biotexnologiyası departamentindən professor Tərlan Məmmədovun “Müasir molekulyar biotexnologiyanın gücü: səhiyyə, kənd təsərrüfatı, ərzaq istehsalı və sənaye sahələrində tətbiqi”, BDU-nun Fizika fakültəsindən Şahlar Əsgərovun “Bakı Dövlət Universitetində dəqiq və texniki elmlərin tədrisində təhsil və elmin vəhdəti”, Koreya Respublikası Pusan Milli Universitetinin Molekulyar biologiya departamentindən İsmayıl Zülfüqarovun “Bilik və bacarıq, öyrətmə və yoxlama - şəxsi perspektivlər” mövzularında məruzələri dinlənilib. |
|
27.11.2019 | 09:54 | |
|
|
|