Əlincəqala rəssam tələbələrin gözü ilə

Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan bir qrup tələbə Əlincəqala tarixi abidəsini ziyarət edib. 

 

Əlincəqala Tarix-Mədəniyyət Muzeyində də olan tələbələr burada abidənin tarixi,  aşkar olunmuş maddi mədəniyyət nümunələri ilə bağlı geniş məlumatlar əldə ediblər. Sonra isə bütün təəssüratlarını fırçanın, boyaların  sehri ilə gözəl bir tabloya çeviriblər.   

 

İnstitutun İncəsənət kafedrasının müdiri, Naxçıvanın Əməkdar rəssamı Cavid İsmayılovun rəhbərliyi ilə baş tutan bu payız etüdündə tələbələr bir-birindən gözəl rəsmlər ərsəyə gətiriblər. Gənc rəssamların özünəməxsus fikir, fantaziya və təəssüratlarının məhsulu olan rəsm əsərlərində Əlincəqala öz möhtəşəmliyi və əzəməti ilə əks olunub.

 

İnstitutdan bildirilib ki, bu cür tədbirlər nəticəsində gənclər, həm tarixi irsi, milli-mənəvi dəyərlərimizi daha dərindən öyrənir, həm də onların bacarıq və istedadlarının üzə çıxmasına əlverişli şərait yaranmış olur.

 



26.11.2019 | 17:28