“Təhsil Naxçıvanda inkişafın əsas istiqamətlərindən biridir”

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı Naxçıvan Bölməsi ilə yanaşı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvanşünaslıq Mərkəzi birlikdə təşkil edib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvanın muxtariyyət statusu əldə etməsi və Naxçıvan Muxtar Respublikasının yaradılması 1918-1920-ci illərdə Naxçıvandakı hərbi, ictimai-siyasi hadisələrin nəticəsində baş verib.

 

”Böyük kapitalist dövlətlərin himayədarlığı ilə ermənilər daim ərazilərini genişləndirməyə çalışıb, Naxçıvana qarşı ərazi iddiaları irəli sürüblər. 1921-ci ildə imzalanan Moskva müqaviləsi ilə Naxçıvana muxtariyyət statusu verilıb, Qars müqaviləsi ilə bu status möhkəmləndirilib və 9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası  elan olunub”-deyən İ.Hacıyev Araz-Türk Respublikasının yaradılması və onun Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanmasında oynadığı rol, Sovet Rusiyasının yürütdüyü ikili siyasət, Moskva və Qars müqavilələrinin imzalanması, Naxçıvana muxtariyyət statusunun verilməsilə bağlı ətraflı məlumat çatdırıb. 

 

“Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafının prioritet istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən  Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev bildirib ki, ötən dövr ərzində bütün sahələrdə  nailiyyət qazanan muxtar respublikada inkişafın əsas istiqamətlərindən biri də təhsilin inkişafı olub.

 

Qeyd olunub ki, təhsilə göstərilən dövlət qayğısı, maddi-texniki bazanın gücləndirilməsi, yeni təlim texnologiyalarına uyğun kadr potensialının möhkəmləndirilməsi, məktəblərimizdə müasir innovativ layihələrin həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarının təhsil müəssisələrində geniş surətdə tətbiqi, kitabxana fondlarının zənginləşdirilməsi təhsil sahəsində atılan mühüm addımlardır; Gələcək nəsillərin azərbaycançılıq ideologiyasına sadiq, vətənpərvər ruhda tərbiyə olunması təhsilimizin əsas qayəsidir.

 

Sonda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Türk qapısına gedən yol və Naxçıvanın muxtariyyət statusu” mövzusunda məruzə ilə çıxış edib. Mustafa Kamal Atatürkün “Naxçıvan türkün qapısıdır” fikrini diqqətə çatdıran alimin Naxçıvanın coğrafi mövqeyi, onun imperialist dövlətlərin geosiyasi maraqlarında yeri, ermənilərin Naxçıvanda törətdiyi qırğınlar və Naxçıvan əhalisinin onlara qarşı mübarizəsi ilə bağlı məruzəsi dinlənilib.

 

Qeyd edək ki, konfransın bölmə iclaslarında muxtariyyət illərində Naxçıvanda baş verən siyasi, sosial-iqtisadi proseslər, elmi, mədəni inkişaf və onun nəticələrinə həsr edilən məruzələr dinlənilib,  müzakirələr aparılıb.

 



25.11.2019 | 19:46