Gender tarixinə, qadın hərəkatına dair maraqlı dərs vəsaiti | |
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında universitetin “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)” adlı kitabının təqdimat mərasimi keçirilib. Universitetin rektoru Saleh Məhərrəmov kitabın elmi-ictimai əhəmiyyətini qeyd edərək Azərbaycanın gender tarixinə, “tarixi feminologiya”, qadın hərəkatına dair yazılmış mükəmməl bir dərs vəsaiti olduğunu diqqətə çatdırıb.
Tarix üzrə fəlsəfə doktoru, Naxçıvan Ali Məclisinin deputatı Yeganə Məmmədova qeyd edib ki, dərs vəsaiti, ilk növbədə müstəqillik dövrü Azərbaycan tarixşünaslığı üçün son dərəcə aktuallığı ilə səciyyələnən və xüsusi əhəmiyyət kəsb edən bir problemin elmi əsaslarla sistemli və kompleks şəkildə tədqiqinə həsr olunması baxımından maraq doğurur. Bildirilib ki, kitabda Heydər Əliyevin birinci dəfə Azərbaycanda hakimiyyətə gəlişindən müasir dövrədək ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və siyasi həyatında baş verən mütərəqqi dəyişikliklər ümumi şəkildə dəyərləndirilib, Ulu Öndərin qadın siyasəti əsaslandırılmış faktlarla oxuculara çatdırılıb.
Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov vurğulayıb ki, giriş, 4 fəsil və nəticədən ibarət olan kitabda müəllifin ümummilli liderin siyasətinə, azərbaycançılıq təliminə nə qədər bağlı olduğunu açıq-aydın görmək olar. İ.Cəfərov qeyd edib ki, kitabın elmi əhəmiyyəti nəzərə alınaraq xarici dilə tərcümə olunması da gələcək fəaliyyət istiqaməti kimi müəyyənləşməlidir.
Sonda müəllif universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib. |
|
25.11.2019 | 16:33 | |
|
|
|