İsveçrə səfiri Bakı Ali Neft Məktəbində | |
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri, xanım Müriel Peneveyre ilə görüşüb.
Rektor iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində Bakı Ali Neft Məktəbinin xüsusi rolu olduğunu qeyd edərək, təhsil ocağında İsveçrənin ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.
Ali Məktəbin yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini söyləyən E.Qasımov BANM-də Böyük Britaniyanın Heriot-Vatt və ABŞ-ın Corc Vaşinqton universitetlərinin tədris proqramlarından istifadə olunduğunu da qeyd edib. O həmçinin, Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramının həyata keçirildiyini deyib.
Səfir Müriel Peneveyre Azərbaycan-İsveçrə arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticari sahədəki geniş əməkdaşlığa toxunub, neft-qaz sektoru ilə bərabər iqtisadiyyatın digər sahələrinin inkişafına da xüsusi diqqət yetirildiyini söyləyib.
Səfir Azərbaycan universitetləri içərisində ilk olaraq BANM-i ziyarət etdiyini bildirib və tələbələr üçün yaradılan hərtərəfli şəraitdən, eləcə də təhsilin keyfiyyətindən məmnunluğunu ifadə edib.
Görüşün sonunda qonaqlar təhsil ocağının kampusu, laboratoriyaları və təlim mərkəzləri ilə yaxından tanış olublar. |
|
25.11.2019 | 15:48 | |
|
|
|