V SABAH Tələbə Debat Forumu | |
“Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsi çərçivəsində SABAH qrupları layihəsinin və Milli Debat Proqramının birgə təşkilatçılığı ilə “V SABAH Tələbə Debat Forumu” keçirilib.
“SABAH Tələbə Debat Forumu”nun əsas məqsədi SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinin təminatı, onların müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, natiqlik bacarıqlarına yiyələnməsidir. Həmçinin, tələbələr arasında intellektual oyunlarda iştiraka maraq yaradılması, müxtəlif universitetlərdə təhsil alan SABAH tələbələri arasında ünsiyyətin artırılmasına şərait yaratmaq da əsas məqsədlərdəndir.
“Ekoloji problemlərin yaranmasının əvvəlcədən qarşısının alınmasında və mövcud problemlərin aradan qaldırılmasında innovativ metodlar tətbiq olunmalıdır” mövzusu ətrafında keçirilən Forumun qrup və “play-off” oyunlarında ümumilikdə 6 universiteti təmsil edən 22 komanda mübarizə aparıb. Debat raundlarında uğurlar qazanan Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) “Tanrının övladları” və “Alpha” komandaları finala vəsiqə qazanıblar.11 tələbə forumun ən yaxşı natiqləri adına layiq görülüb.
Finalda Azərbaycan Dövlət İqtisad Universitetinin “Tanrının övladları” komandası Forumun qalibi olub. Qalib komandaya kubok təqdim edilib Forum Təhsil Nazirliyinin dəstəyi ilə, Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən keçirilib.
Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı və bacarıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.
SABAH qrupları 2014-2015-ci tədris ilində 5 ixtisas istiqaməti (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat) 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 36 ixtisas və 2400-dən çox tələbəni əhatə edir. |
|
22.11.2019 | 13:32 | |
|
|
|