“İKT-İRS” layihəsi gənc nəsli öz tarixi keçmişi ilə tanış edir | |
Noyabrın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş 39 nömrəli tam orta məktəbdə “İKT-İRS” layihəsinin açılış mərasimi keçirilib. Tədbirin proqramına uyğun olaraq əvvəlcə qonaqlara Azərbaycan və rus bölmələrində 4 “c” Gülşən Tağıyevanın və 4 “ç” Aytən Rəfiyevanın siniflərində “Balıq əhvalatı” və “Ailəsini sevməyən vətənini sevməz” adlı “açıq dərs”ləri təqdim olunub. “Açıq dərs”lərdə “İKT-İRS” layihəsi əsasında hazırlanmış, məşhur Azərbaycan xeyriyyəçisi Haci Zeynalabdin Tağıyevin həyatından real epizodu əks etdirən “Balıq əhvalatı” nağılı Azərbaycan və rus dillərində sinifdənxaric oxu materialı kimi təqdim edilib.
Sonra akt zalında keçirilən tədbiri məktəbin direktoru və layihənin rəhbəri Tahirə Şükürova açaraq layihə haqqında hesabat xarakterli çıxış edib, Azərbaycan Respublikası Təhsil Nazirliyinə bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Bildirib ki, məktəb olaraq “İKT-İRS” lahiyəsini seçməkdə əsas məqsəd inkişafda olan gənc nəslin öz tarixi keçmiş irsi ilə yaxından tanış olması və eyni zamanda yeni texnologiyaların öyrənilməsində onların yaxından iştirakını təmin etmək olub. T.Şükürova vurğulayıb ki, ölkənin təhsil sahəsinin inkişafı daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Onun təşəbbüsü ilə bütün sahələrdə başlanan islahatlar təhsildə də özünü daha qabarıq göstərməkdədir: “Məhz bu dərs ilində məktəbimizin əsaslı şəkildə təmir olunub, müasir avadanlıqlarla təmin edilməsi bizə bu layihə üzərində daha da səylə işləməyə stimul verdi. Bizə bu şəraiti yaratdığına görə ölkə Prezidenti İlham Əliyevə öz adımdan və kollektiv adından təşəkkürümüzü bildiririk”.
Tədbir iştirakçıları kiçik məktəblilərin ifasında “İlmə” mahnısını dinlədikdən sonra söz “İRS Mədəni Təhsil Mərkəzi”nin rəhbəri, uşaq yazarı, professor Solmaz Amanovaya verilib. O öz çıxışında qeyd edib ki, dövləti, Vətəni sevdirməyin yolu məhz təhsildən keçir. Xüsusilə dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimizin, eləcə də şagirdlərin öz tarixi irsimizi öyrənməsində layihənin böyük rolu olduğu vurğulanıb.
Tədbirin sonunda qonaqlar məktəbin foyesində təşkil olunmuş Azərbycanın milli-mənəvi dəyərlərini əks etdirən sərgi ilə tanış oldular.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə təhsilin idarəedilməsi, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, keyfiyyətin idarə edilməsində müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, informasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi mövzularında keçirilib.
Rəşad ZİYADOV |
|
22.11.2019 | 18:09 | |
|
|
|