Əjdər Ağayevsiz bir il... | |
Noyabr ayının 27-də uzun illər tükənməz yaradıcılıq enerjisi, səmərəli və məhsuldar fəaliyyəti ilə Azərbaycan pedaqogika elminin inkişafında mühüm rol oynayan Əjdər Ağayevin vəfatının bir ili tamam olur. Bir il elə sürətlə keçdi ki,... bu bir il ərzində ona olan sevgi azalmadı, əksinə artdı, onun yeri daha qabarıq göründü. Nurani siması, intellekti, mədəniyyəti, zəhmətkeşliyi, erudisiyası, sadəliyi, məhəbbəti, insanlara münasibəti ilə ürəkləri fəth edərək, qəlblərdə ən doğma insan kimi yaşayır və daima yaşayacaqdır.
Bu gün biz tarixi səhifələyərək, şair, nasir, publisist, tənqidçi, pedaqoq, Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri, respublika müəllimlər şurasının sədri Əjdər Əbdülhüseyn oğlu Ağayevin xatirəsini şad etmək niyyəti ilə onun həyat salnaməsinə nəzər yetirmək istərdik.
Qırmızıkənddən başlanan ömür yolu
Əjdər Əbdülhüseyn oğlu Ağayev 1937-ci ilin oktyabr ayının 10-da Salyan rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra Əjdər Ağayev 1955-1960-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil almışdır. Hələ təhsil aldığı illərdə öz intellekti və zəhmətkeşliyi ilə diqqət çəkən Əjdər Ağayev əmək fəaliyyətinə doğma Salyan rayonunun məktəblərində müəllim kimi başlamışdır. Şagirdlərə tədris etdiyi fənni öyrətdikcə onun müəllimlik peşəsinə marağı daha da artmışdır. Bu maraq onun yolunu 1965-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına (indiki doktorantura) doğru istiqamətləndirmişdir. Taleyin hökmü ilə burada o böyük alim, görkəmli ziyalı, professor Əhməd Seyidovun rəhbərliyi ilə “Fərhad Ağazadənin pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 1969-cu ildə dissertasiya işini böyük uğurla müdafiə edərək, pedaqoji elmləri namizədi elmi dərəcəsi almışdır. Dissertasiya işinin uğurları onun əmək fəaliyyətini həmin institutda davam etdirməsinə yol açmış və bu institutda o əvvəlcə elmi işçi, sonra isə baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır. Elmi-pedaqoji fəaliyyəti zamanı əldə etdiyi uğurlar onun yolunu “Azərbaycan məktəbi” jurnalına istiqamətləndirir və 1974-1981-ci illərdə bu jurnalın və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru kimi fəaliyyət göstərir. Onun jurnalda işlədiyi dövrdə Azərbaycan təhsilinə görkəmli təhsil xadimi, akademik Mehdi Mehdizadə rəhbərlik edirdi. Əjdər Ağayev jurnaldakı fəaliyyəti ilə onun ehtiramını qazandı, jurnalın ənənələri yarandı və “Azərbaycan məktəbi” SSRİ-nin nüfuzlu mətbu orqanlarından birinə çevrildi. 1981-ci ildən etibarən əmək fəaliyyətini yenidən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri vəzifəsində davam etdirmişdir.
Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda işlədiyi müddətdə o, pedaqoji fəaliyyətlə də məşğul olmuş, müxtəlif ali məktəblərdə “Pedaqogika” və “Pedaqogika tarixi” fənlərini tədris etmişdir. 1981-ci ildən 2006-cı ilə qədər Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Ömrünün son dövrlərində əmək fəaliyyətini Bakı Mühəndislik Universitetində “Pedaqogika” kafedrasının müdiri vəzifəsində davam etdirmişdir.
Əmək fəaliyyəti ilə yanaşı o, mühüm əhəmiyyət kəsb edən müxtəlif ictimai işləri də uğurla yerinə yetirmişdir. Müxtəlif vaxtlarda o, Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini, dərslikləri qiymətləndirmə komissiyasının sədri, ümumtəhsil məktəbləri üçün baza tədris planları hazırlayan işçi qrupunun rəhbəri, “Təhsil haqqında” Qanunu, təhsil islahat proqramını və fasiləsiz təhsil konsepsiyasını hazırlayan işçi qrupunun üzvü, “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqə komissiyasının təşkilat komitəsinin üzvü, Təhsil Cəmiyyətinin sədr müavini, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətinin və məclisinin üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Təhsil şurasının sədri, “Təhsil və zaman”qəzetinin baş redaktoru kimi ictimai işləri yerinə yetirmişdir.
1975-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. “Araz” ali ədəbi və “Qızıl qələm” media, akademik Mehdi Mehdizadə mükafatına layiq görülmüşdür. 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Əjdər Ağayevin elmdə ilk tədqiqat işi
Əjdər Ağayevin ilk tədqiqat işi “Fərhad Ağazadənin pedaqoji görüşləri”nin tədqiqinə həsr olunmuşdur. Bu mövzuda namizədlik dissertasiyası müdafiə etməklə yanaşı, 1987-ci ildə onun “Fərhad Ağazadənin pedaqoji görüşləri” adlı monoqrafiyası da işıq üzü görür. Bu əsərlərində o, Fərhad Ağazadənin yaşayıb-yaratdığı dövrün ictimai-iqtisadi və maarif mənzərəsini təhlil edərək, onun dünyagörüşünün, baxışlarının və yaradıcılığının mənbələrini müəyyənləşdirir. 1880-1931-ci illərdə yaşayan Ağazadə Fərhad Məşədi Rəhim oğlu Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu olmuş, Xaldan, Şuşa, Gorus, Gəncə və Bakı məktəblərində müəllim işləmiş, xalqın maariflənməsi istiqamətində mühüm işlər görmüş, ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuş, çoxlu sayda pedaqoji məqalələrlə mətbuatda çıxış etmişdir. Bu məqalələrində onun məktəb, təhsilin məzmunu, prinsip və üsulları, ana dilinin tədrisi, gənc nəslin tərbiyəsi, qadın təhsili haqqında fikirlərini yaşadığı dövrün ictimai-siyasi hadisələri fonunda təhlil edən Əjdər Ağayev gənc nəslin tərbiyəsində bu irsdən istifadənin yollarını müəyyənləşdirir.
Vətəndaşlıq borcunun tərbiyə edilməsi - təlimin məqsədi kimi
Vətəndaş tərbiyəsi problemi Əjdər Ağayevin tədqiqatlarının leytmotivini təşkil edir. O, təkcə yüksək dünyagörüşünə malik insanlar yetişdirmək vəzifəsi ilə məktəbin fəaliyyətini məhdudlaşdırmağı səhv addım kimi qiymətləndirirdi. Onun fikrincə, məktəb, ilk növbədə, öz fəaliyyəti ilə Azərbaycan xalqının inkişafına xidmət edə biləcək vətəndaşlar yetişdirməlidir. Sovetlər dönəmində ideologiyanın Sovet adamının formalaşmasına yönəldiyini nəzərə alsaq, Əjdər Ağayevin vətəndaş tərbiyəsi ideyasının nə qədər mühüm əhəmiyyət kəsb etdiyi aydın olar. Bu ideyanı ancaq qəlbi vətən eşqi ilə döyünən insan irəli sürə bilərdi və onun “Məktəblərdə vətənə sədaqət tərbiyəsi” (1975), “Məktəblilərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi” (1975), “Vətəndaş olmağa borclusan” (1979), “Həyatın Astanasında”(1983) kitabları və çoxlu sayda məqalələri bu mövzuya həsr edimişdi. Bu əsərlərlə yanaşı, bir şair kimi yazdığı “Qalx ayağa, Azərbaycan”şeiri ilə o bir daha qəlbinin Azərbaycanla, onun müstəqilliyi, suverenliyi və inkişafı ilə döyündüyünü sübut edir.
Qalx ayağa,Azərbaycan, alovlardan vurub keç. Daha bəsdir, aç gözünü, düşmənini yaxşı seç. Qeyrətini bayraq elə, silahını uca tut, Qoy məhv olsun qatı düşmən, nəfəs alsın ana yurd. Qalx ayağa, Azərbaycan - Sənin üçün verək can! Biz səninik, sən də bizim.
Pedaqogika tarixində yeni istiqamət
Pedaqogika tarixçiləri tədqiqatlarında adətən mütəfəkkirlərin, maarifçilərin pedaqoji görüşlərini və məktəbin tarixini tədqiq edirlər. Əjdər Ağayev ilk dəfə olaraq, problem xarakterli mövzudan - şəxsiyyətin formalaşması mövzusundan mütəfəkkirlərin, maarifçilərin fikirlərinin tədqiqinə keçid edir. Bu problemlə bağlı olaraq “Azərbaycan maarifpərvərlərinin şəxsiyyət və onun formalaşması haqqında” (1974), “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında”(1974), “Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi”(2005) kitabları və çoxlu sayda məqalələri nəşr edilmişdir. Qeyd olunan sonuncu kitab onun doktorluq dissertasiyası əsasında yazılmışdır. Həmin əsərlərdə “şəxsiyyət”, “insanın inkişafı”, “şəxsiyyətin formalaşması” anlayışları mövcud pedaqoji, psixoloji, fəlsəfi və sosioloji ədəbiyyata istinad edilərək, təhlil edilir. Sonra o, qədim dövrün filosofu Anakarın, orta əsr mütəfəkkirləri Ə.Bəhmənyarın, E.Miyanəçinin, Ş.Sührəvərdinin, S.Urməvinin, N.Tusinin, H.Qəzvinin, M.Şəbüstərinin şəxsiyyətin formalaşmasına dair fikirlərini təhlil edir. Əjdər Ağayevin bu istiqamətdə apardığı tədqiqatların orijinallığı ondadır ki, o, mütəfəkkirlərin bu istiqamətdə fikirlərini müqayisəli təhlil edir, şəxsiyyət probleminin qoyuluşu və problemin həlli yollarını araşdırır, şəxsiyyətin formalaşması probleminin məzmununa və metodlarına yeni müstəvidə yanaşır, müasir dövrdə klassik irsimizdən istifadə edilməsinin imkanlarını araşdırır və dəyərli təkliflər irəli sürür. Bu, onun ənənə və müasirlik prinsipini prioritet sayması ilə bağlı idi.
Ənənə və müasirlik - təhsilin strateji prinsipi kimi
Müstəqillik əldə edildikdən sonra ölkəmizdə köklü təhsil islahatlarına böyük ehtiyac olduğu müəyyən edildikdə, bəzi alimlər təhsil sistemini təkmilləşdirməyin yolunu xarici ölkələrdə aprobasiyadan çıxmış konsepsiyaların tətbiqində gördükləri zaman, Əjdər Ağayevin “Təlim prosesi: ənənə və müasirlik” kitabı işıq üzü gördü. Bu kitab konseptual bir məsələni aktuallaşdırırdı: - təlim prosesində müasirlik ənənə üzərində öz inkişafını tapa bilər. Bu konseptual ideya Əjdər Ağayevin vətənpərvərlik hisslərindən irəli gəlirdi və onun irəli sürdüyü “ənənə və müasirlik” reallığı əks etdirdiyi üçün hamı tərəfindən qəbul edilən prinsipə çevrildi.
“Təlim prosesi: ənənə və müasirlik” kitabında o, Azərbaycan məktəbinin uğurlu təcrübəsinə diqqəti cəlb edir, qabaqcıl və yenilikçi müəllimlərin innovasiyalarını dəyərləndirir, xarici ölkə məktəblərinin təcrübəsinin Azərbaycan məktəblərinə tətbiqinin səmərəli yollarını araşdırır, yeni təlim texnologiyalarının mahiyyətini açıqlayır.
Sağlığında müəllimlər müəllimi adını qazanmış müəllim
Əjdər Ağayev təbiətən müəllim doğulmuşdu. O, öz elmi axtarışları ilə yanaşı, müxtəlif dövrlərdə müxtəlif ali məktəblərdə “Pedaqogika” fənnini tədris edirdi. Onun müəllimlik fəaliyyətinə bütün müəllimlər qibtə edə bilər. Qayğıkeş, humanist bir müəllim kimi o, dərsi əməkdaşlıq metodları ilə tədris edir, tələbənin müstəqil fəaliyyətinə üstünlük verir, biliyi tələbələrin özləri tapmasına və ona yaradıcılıqla yanaşmasına şərait yaradırdı. Pedaqogika fənni yaradıcı xarakterə malik olduğu üçün yalnız belə tədris edildikdə tələbə üçün əlçatan olur. Elə buna görə idi ki, biz onu həmişə tələbələr arasında görürdük. Tələbələr arasında olanda, onlara nə isə öyrədəndə özünü dünyanın xoşbəxti sayırdı. Belə münasibət yalnız əsl müəllimlərə xas idi.
Əjdər Ağayev təkcə ali məktəb tələbələrinə deyil, həmçinin doktorantlara da elmi tədqiqatların sirlərini öyrədirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi ilə 52 nəfər doktorant pedaqogika üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almışdır. Lakin bu rəsmi rəqəmdir. Qeyri-rəsmi olaraq, ölkəmizdə pedaqogika üzrə tədqiqat aparan doktorantların mütləq əksəriyyəti onun məsləhətlərindən faydalanmışdır. Ona görə də hamı onu öz müəllimi kimi mənalandırırdı.
O təkcə doktorantlarla deyil, həmçinin məktəb müəllimləri ilə əlaqə saxlayırdı. Onun tez-tez müxtəlif məktəblərdə müəllimlərlə söhbət etdiyini, onlara məsləhətlər verdiyini, müəllimlər üçün elmi seminarlar və mühazirələr təşkil etdiyini görmək olardı. Bütün bu işləri Azərbaycan müəlliminin daha yüksək səviyyədə inkişaf etməsinə, təhsilin səviyyəsini yüksəklərə qaldırmaq motivasiyasına görə həyata keçirərdi.
O, “Müəllim himnini” yazması ilə müəllimliyə nə qədər önəm verdiyini sübut etdi. Həmin himn ilk dəfə 1989-ci ildə Azərbaycan müəllimlərinin I qurultayında Respublika sarayında Birləşmış Müəllim Xorunun ifasında səslənmişdir.
Ömrümüzü şam kimi əridib gilə-gilə, Böyüyən nəslimizi hazırlarıq həyata! Gözümüzün nurunu bəxş edib doğma elə Çatmışıq azadlığa, dirçəlişə, büsata.
Vətənin yüksəlişi istiqlal amalımız, Ucalır əlimizdə üçrəngli bayrağımız. Dünyanın sirlərini öyrədirik həvəslə, Azərbaycan - sevgimiz, dövlətimiz - gücümüz!
Mübarizə əzmində, yüksəliş yolundayıq, Vətən üçün layiqli övladlar bəslərik biz.
Hər məktəb elm ocağı, hər müəllim bir işıq, Hər şagird, hər tələbə yurdumuzun sərvəti, Elmin dərinliyinə baş vurub güc almışıq, Canımız tək sevirik bu müqəddəs sənəti!
Əjdər Ağayevin uşaqlar üçün şeir və hekayələri
Əjdər Ağayev 1950-ci illərdən bədii yaradıcılığa başlamışdır. İlk hekayəsi “İlk və son mahnı” 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində, “Bir də çal o mahnını” adlı ilk şeiri isə 1957-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap olunmuşdur. 200-dək şeirinə mahnı bəstələnmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirmişdir.
“Sülh gəmisinin kapitanı” (1982), “Payız” (1995), “Kosmos və mən” (1997), “Bala dadı, bal dadı” (1999), “Ceyran nənəm” (1999), “Gəlirəm gözlə məni” (2000), “Fərhadın rəsmləri” (2008), “Allahın haqq bəndəsiyəm” (2008), “Pişik balasının səhvi” (2013) kitablarında o bir tərəfdən balaca uşaqların hiss və həyacanlarını təsvir etmiş, ikinci bir tərəfdən onların həyat təcrübəsi toplaması baxımından mühüm məsələləri pedaqoji müdrikliklə təsvir etmişdir.
Təhsil eksperti
Keçən əsrin 1970-ci illərindən etibarən mütəmadi olaraq Azərbaycan televiziyasında təhsil və tərbiyənin müasir problemlərindən, gənclərin milli-mənəvi tərbiyəsindən bəhs edən “Sənin vətəndaşlıq borcun”, “Həyat bizi səsləyir”, “Ədəb - ərkan dünyamız”, “Təbliğatçının televiziya məktəbi”, “Təhsil: düşüncələr, mülahizələr” verilişlərinin müəllifi və aparıcısı olub. Uzun illər ərzində efirlərə gedən bu verilişlər ölkəmizin təhsil sisteminin təkmilləşməsində, gənclərdə milli-mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamışdır. Bu verilişlərdə Əjdər Ağayev özünü həmçinin kamil təhsil eksperti kimi göstərə bilmişdir. Təsadüfi deyil ki, 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təklifi ilə yaradılan “Təhsil Şurası” İctimai Birliyinə də ilk sədr məhz Əjdər Ağayev seçilmişdir. Bu şuranın yaradılması mühüm hadisə idi. 20 il həmin şuraya rəhbərlik edən Əjdər Ağayev kamil təhsil eksperti kimi təhsil sistemində mövcud nöqsanları göstərmiş, bu nöqsanların aradan qaldırılması yollarını açıqlamış, mətbuatda daima aktual pedaqoji məsələlərə həsr edilmiş mövzularla çıxış etmiş, müəllimlər üçün konfranslar, elmi seminarlar təşkil etmiş- bir sözlə, var qüvvəsi ilə Azərbaycan təhsilinin inkişaf etməsi üçün çalışmışdır.
Epiloq əvəzi
Biz onun gördüyü işlərin, zaman-məkan müstəvisində, bir hissəsi haqqında söhbət açdıq. Onun gördüyü işləri sadalamaqla qurtarmır. İstər-istəməz belə bir sual insanı düşündürür: Görəsən bir ömrdə nə qədər iş görmək olar? Görünür, görülən işin həcmi, məzmunu və keyfiyyəti insanın özünün məzmunu ilə ölçülür. Əjdər müəllim kamil şəxsiyyət, böyük ziyalı, xeyirxah və nəcib insan, ləyaqətli vətəndaş, yorulmaz tədqiqatçı, zirvədə duran müəllim, uşaqların qəlbini duyan şair, yazıçı, səmimi dost, müdrik ailə başçısı idi. Belə insanlar dünyalarını dəyişəndə, hamı heyfsilənir və “Allah rəhmət eləsin” deyir.
Hikmət ƏLİZADƏ, BDU-nun professoru, pedaqoji elmlər doktoru, Təhsil Şurasının sədri |
|
22.11.2019 | 14:30 | |
|
|
|