Tələbələr və işçi heyət “SƏTƏM”ə dair məlumatlandırılıblar | |
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda cəmiyyətin hər bir üzvü üçün maraqlı, eyni zamanda insan sağlamlığının qorunmasına xidmət edə biləcək vacib amillərə həsr olunan tədbir keçirilib.
Müzakirələrdə iştirak edən tələbə və işçi heyəti beynəlxalq standartlar əsasında hazırlanmış “SƏTƏM” haqqında ümumi məlumatlandırma” ilə yaxından tanış olublar. İştirakçılar üçün maraq doğuran təlimin əsas qayəsi ondan ibarət idi ki, “SƏTƏM” sahəsində bütün işçilər və tələbələr iş yerlərində və təcrübə ərazisində təhlükəsizlik prinsiplərinə əməl edə bilsinlər. Onlar istər özlərinin, istərsə də ətrafdakıların daha az risklə üzləşməsi üçün təlqin olunan bilik və bacarıqlara yiyələnməklə maariflənmiş olsunlar və çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri ərazilərdə özlərinin və ətrafdakıların təhlükəsizliklərini sığortalasınlar. Ümumiyyətlə, bu tədbirin keçirilməsində əsas məqsəd hamını ayıq-sayıq olmağa, çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri ərazilərdə, yolda, küçədə və sair yerlərdə diqqətsizliyə yol verməməyə çağırmaq idi. Diskussiya şəraitində davam edən müzakirə zamanı iştirakçıları maraqlandıran bütün suallar da ətraflı izahat verilməklə cavablandırıldı.
Sonda həyatımızın bütün sahələrində təhlükəsizliyə əməl olunmasının vacibliyinə diqqət çəkərək vurğulandı ki, hər bir kəs fövqəladə hallar zamanı idarəetmə prinsiplərinə uyğun hərəkət etməli, “SƏTƏM”in əhəmiyyətini, “SƏTƏM” İdarəetmə Sisteminin elementlərini, beynəlxalq və yerli qanunvericiliyin tələblərini, işəgötürənin və işçilərin “SƏTƏM”ə dair öhdəliklərini bilməlidir. Belə olan halda heç kim nə öz həyatını təhlükə altına atar, nə də ətrafdakılara ziyan vura bilər.
Maraqlı keçən müzakirədə “SƏTƏM” məsləhətçisi Kamil Manaflı “Alışan və zəhərli qazlar”, “Qazıntı təhlükəsizliyi”, “Qapalı sahəyə giriş”, “Hündürlükdə iş”, “Təhlükəli maddələr və bioloji təhlükələr”, “Təhlükələrə qarşı nəzarət tədbirlərinin görülməsi”, “Sağlamlığa zərərli maddələrə nəzarət (COSHH & MSDS)”, “Hadisə nədir və hadisənin növləri”, “Hadisələrin araşdırılması və məruzə olunması”, “Ətraf mühitin idarəetmə sistemi”, “SƏTƏM mədəniyyəti”, “Biliklərin və təlimin qiymətləndirilməsi” və sair mövzular barədə ətraflı məlumat verib.
Sifai SƏFƏROVA |
|
22.11.2019 | 13:51 | |
|
|
|