Azərbaycan xalqının milli sərvəti | |
1919-cu ildə cəmi iki fakültə ilə fəaliyyətə başlamış Bakı Dövlət Universitetində bu gün 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, 30-dan artıq elmi-tədqiqat laboratoriyası, 3 milyon nüsxəyə yaxın kitab fondu olan Elmi Kitabxana və digər qurumlar fəaliyyət göstərir. Burada müxtəlif elmi istiqamətlərdə bakalavriatura səviyyəsində 66 ixtisas, magistratura səviyyəsində 231 ixtisaslaşma, doktorantura səviyyəsində 114 ixtisas üzrə mütəxəssislər hazırlanır. Hazırda 23 mindən çox tələbə, magistrant və doktorantın ayrı-ayrı sahələr üzrə elmi ixtisaslara yiyələnməsi prosesi ilə 1500-ə yaxın professor-müəllim və tədris-köməkçi kollektiv məşğul olur.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan başlayaraq parlaq nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Düz bir əsr bundan əvvəl Cümhuriyyətin qurucuları həmin dövrün tanınmış alim və mütəxəssislərini respublikamıza dəvət etmiş, Avropa nümunəsi əsasında yeni bir ali təhsil ocağının əsasını qoymuş, bununla da Azərbaycan xalqının elm, təhsil və mədəniyyət tarixində müstəsna əhəmiyyətə malik misilsiz xidmət göstərmişlər. Təsis olunduğu gündən indiyədək daim yüksəlişdə olan Bakı Dövlət Universiteti bu gün regionun ən nüfuzlu ali təhsil ocağı və mühüm elm mərkəzidir.
Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, milli ideologiyanın formalaşmasında, milli təhsilin əsaslarının yaradılmasında, maarifçiliyin, elm və təhsilin tərəqqisində, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında Bakı Dövlət Universiteti öz titanik fəaliyyəti sayəsində ölkəmizə və xalqımıza sanballı töhfələr vermişdir. Bakı Dövlət Universitetinin məzunlarının qazandığı nailiyyətlər respublikamızın elmi həyatının ayrılmaz tərkib hissəsi olmaqla xalqımızın qədim tarixinin araşdırılmasında, milli mədəniyyətimizin, ana dilimizin daha da təkmilləşdirilməsində və yüksək səviyyəyə qaldırılaraq nəsillərdən-nəsillərə ötürülməsində, azərbaycançılıq ideologiyasının təbliğində ölçüyəgəlməz rola malik olmuşdur.
Bakı Dövlət Universiteti Azərbaycanda təhsilin və elmin inkişafına misilsiz xidmətlər göstərməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynamışdır. Bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Ulu öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirmiş, bir məzun olaraq onun regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün mütərəqqi işlər görmüşdür.
Nüfuzlu elm və təhsil müəssisəsi kimi böyük şöhrət qazanmış Bakı Dövlət Universitetinin sayı 150 mini ötən məzunları arasında onlarla dünya şöhrətli alim, görkəmli siyasi xadim, tanınmış şəxsiyyət var. Onların sırasında Ümummilli lider Heydər Əliyev, Nobel mükafatı laureatı, fizik akademik Lev Landau, kimyaçı akademik Yusif Məmmədəliyev, riyaziyyatçı akademik Zahid Xəlilov, fizioloq akademik Abdulla Qarayev, geoloq akademik Şəfaət Mehdiyev, ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayev, ədəbiyyatşünas professor Cəfər Xəndan, şərqşünas professor Aida İmanquliyeva və digər mütəxəssislər xüsusi yer tuturlar.
Bakı Dövlət Universitetinin yüksəliş mərhələsində müstəsna xidməti olan Ulu Öndər Heydər Əliyev milli təhsilin inkişafını və onun aparıcı dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını ciddi vəzifə kimi müəyyənləşdirmiş, bu sahədə aparılacaq islahatların mahiyyətini açıqlamışdır. Onun irəli sürdüyü elm və ali təhsil konsepsiyasının əsasını müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi başlıca prinsiplər təşkil etmişdir. Heydər Əliyev həm sovet dövründə - 1969-1982-ci illərdə, həm də müstəqillik dövründə - 1993-2003-cü illərdə elmin, təhsilin inkişafını nəzərdə tutan bir sıra mühüm fərmanlar, sərəncamlar, dövlət proqramları imzalamış, Azərbaycan Milli Elmlər Akademiyasının, respublikanın ali təhsil müəssisələrinin, xüsusilə Bakı Dövlət Universitetinin inkişafına hər zaman qayğı göstərmişdir.
Ulu Öndər doğma ali təhsil ocağına rəğbətini hər zaman fərəhlə bildirmiş, “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamını iftixarla söyləmişdir. “Universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssisini yetişdirməkdən ibarətdir” - sözlərini dəfələrlə vurğulayan Heydər Əliyev bu ali təhsil ocağının maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi potensialının artırılması üçün müvafiq tədbirlər planının həyata keçirilməsinin təşəbbüskarı və himayədarı olmuşdur. Ötən illər ərzində BDU-nun çoxsaylı kollektivi, o cümlədən professor-müəllim heyəti dünya şöhrətli məzunun qarşıya qoyduğu ali ideyaları və amalları yüksək səviyyədə həyata keçirmək naminə ciddi səy göstərmişdir.
Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş beş yubiley mərasimindən dördü - 50, 60, 75 və 80 illik yubileylər məhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu mənada Ulu Öndərlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Təsadüfi deyil ki, bu ali təhsil məbədi istər təhsil və elmin inkişafında, istərsə də maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır.
Elə bu səbəbdən Bakı Dövlət Universitetinin qədirbilən professor-müəllim heyəti və tələbə kollektivi özünün dünya şöhrətli məzunu ilə haqlı olaraq hər zaman fəxr etmişdir. Bu tükənməz sevginin bariz nümunəsi olaraq universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafında göstərdiyi misilsiz qayğıya, bu təhsil ocağının şöhrətini yüksəklərə qaldırdığına görə 1999-cu ildə - 80 illik yubiley ərəfəsində Ulu Öndər Heydər Əliyevə Bakı Dövlət Universitetinin Fəxri Doktoru diplomunu böyük minnətdarlıq duyğuları ilə təqdim etmişdir.
Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinə özünüidarəetmə - muxtariyyət statusunun verilməsi də onun qayğısının ən parlaq nümunələrindən biridir. Müstəqilliyimizin həmin dövründə ali məktəbə müəyyən prinsiplər əsasında belə bir statusun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir. Belə ki, qabaqcıl xarici ölkələrində fəaliyyət göstərən aparıcı ali məktəblərin mütərəqqi iş təcrübəsinin universitetimizdə tətbiqi, tədris-tərbiyə prosesinin müasir beynəlxalq standartlara uyğun qurulması üçün həmin illərdə məqsədyönlü addımlar atılmışdır.
Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin milli dövlətçilik siyasətini hazırda uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə təhsilin beynəlxalq tələblər səviyyəsinə qaldırılması, ölkə təhsilinin dünya təhsil sisteminə inteqrasiyası üçün mühüm tədbirlər həyata keçirir. Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsinə, həyatın bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayır, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edir. Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırılmasında görən Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin cəmiyyətdəki rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişaf səviyyəsini əyani şəkildə nümayiş etdirən Bakı Dövlət Universitetinin 90 illik yubileyinin respublika miqyasında geniş şəkildə qeyd olunması, bu prosesin ümumən təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən birinə çevrilməsi də məhz Prezident İlham Əliyevin xidmətləri ilə bağlıdır.
Dövlət başçısının rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi və elmi-mədəni sahələrdə bir çox nailiyyətlər əldə olunmuş, xüsusilə təhsil sahəsində mühüm islahatlar həyata keçirilməyə başlamışdır. Onun qarşıya qoyduğu tələbləri həyata keçirmək üçün sivil dünyanın ən mütərəqqi yeniliklərinin Bakı Dövlət Universitetinin elm və təhsil istiqamətlərinə tətbiqi indi ən başlıca məsələlərdəndir. Həmin istiqamətdə qarşıya qoyulan vəzifələr bu ali təhsil məbədinin çoxsaylı kollektivindən, xüsusilə professor-müəllim heyətindən ciddi məsuliyyət tələb edir.
Bu baxımdan Prezident İlham Əliyevin 21 iyun 2017-ci il tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunun verilməsi bu ali təhsil ocağının inkişafı istiqamətində yeni perspektivlər müəyyənləşdirir. Əlbəttə, bu status Bakı Dövlət Universitetinin akademik və elmi fəaliyyətdə çevikliyini, eyni zamanda müasir korporativ idarəetmə modellərinin tətbiqini təmin etməyə kömək göstərəcəkdir.
Tədris prosesi Azərbaycan, rus və ingilis dillərində aparılan Bakı Dövlət Universitetində dünyanın bir çox ölkələrindən təxminən min nəfərə qədər əcnəbi tələbə də təhsil alır. Burada ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir.
Qətiyyətlə demək olar ki, bu gün Bakı Dövlət Universitetinin sürətlə inkişaf edən, yenidən qurulan fakültələri, kafedraları, laboratoriyaları özünün müasir texnoloji avadanlıqları, səriştəli mütəxəssislərinin fəaliyyəti sayəsində ən qabaqcıl elm və təhsil ocaqları ilə rəqabət aparmaq qüdrətinə malikdir. Son zamanlar uğurla həyata keçirilən islahatların nəticəsi olaraq Bakı Dövlət Universiteti müasir dünyanın tələbatlarına və beynəlxalq standartlara uyğun gələn savadlı, vətənpərvər mütəxəssislərin hazırlanması işini uğurla həyata keçirir. Bu ali təhsil ocağı tətbiq edilən tədrisin keyfiyyəti, müasir tələblərə cavab verən yüksək maddi-texniki bazası, təhsil alan tələbələrin sayı, intellektual səviyyəsi, beynəlxalq əlaqələri, ölkə hüdudlarından kənardakı mövqeyi baxımından regionda öz liderlik mövqeyini əzmlə qoruyub saxlayır.
Dünya ölkələrinin bir çox ictimai-siyasi xadimlərinin, elm, təhsil və mədəniyyət nümayəndələrinin Bakı Dövlət Universitetinin Fəxri doktorları seçilməsi də bu nüfuzlu ali məktəbin zəngin milli-mənəvi dəyərləri qoruyub saxlamasına, beynəlxalq aləmə, Avropanın mənəvi-intellektual həyatına hərtərəfli inteqrasiyasına əsaslı zəmin yaradır.
Bu baxımdan Prezident İlham Əliyevin 14 noyabr 2017-ci ildə imzaladığı “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında qeyd edilir ki, Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir.
Dövlət başçısının Sərəncamına uyğun olaraq bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda beynəlxalq səviyyədə geniş qeyd edilməkdədir. Fərəhli haldır ki, yubileylə əlaqədar zəngin tədbirlər planının tərkib hissələrindən biri kimi Bakı Dövlət Universitetinin şanlı tarixinə həsr edilmiş sanballı kitab artıq nəşrə hazırdır.
İftixar hissi ilə vurğulamalıyıq ki, yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirən Bakı Dövlət Universitetinin 100 illik yubileyi 2019-cu ilin iyun ayında Parisdə UNESKO-nun Baş qərargahında təntənə ilə keçirilmişdir. Həmin tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elçin Babayev dünyanın tanınmış ictimai-siyasi xadimlərinin bu ali təhsil ocağının fəxri doktoru olduğunu diqqətə çatdırmış, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, bir çox ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Polşa və Litva prezidentlərinin, Nobel mükafatçılarının, NATO, UNESKO və İSESKO-nun rəhbərlərinin, ABŞ-ın Dövlət katibləri və digər görkəmli şəxsiyyətlərin Bakı Dövlət Universitetinin Fəxri doktorları olduqlarını vurğulamışdır.
Bundan başqa, Bakı Dövlət Universitetinin 100 illik yubileyi cari ilin may ayında Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN) Baş Assambleyasının və Buxarest Universitetinin təşkilatçılığı ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində, sentyabr ayında isə Avstriyada - Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təntənə ilə keçirilmişdir.
Bütün bunlarla yanaşı, respublikamızın bir çox ali təhsil və mədəniyyət ocaqlarında, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetində, Mingəçevir Dövlət Universitetində, Sumqayıt Dövlət Universitetində, Bakı Mühəndislik Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Şərqin ilk ali məktəbinin - Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransların keçirilməsi də bütövlükdə ölkə elm və təhsilinin uğurlarının göstəricisidir.
Təbii ki, müasir cəmiyyətin inkişafında, onun həyat səviyyəsinin yüksəlməsində, mədəniyyət və sivilizasiyanın tərəqqisində təhsilin və elmin həlledici rolu Azərbaycanın ümumavropa təhsil və elm məkanına inteqrasiyası prosesinin daha da sürətləndirilməsini, bu sahədə həyata keçirilən islahatların intensivləşdirilməsini tələb edir. Bu məqsədlərin həyata keçirilməsi, habelə dünya elminə inteqrasiyanın sürətləndirilməsi üçün Bakı Dövlət Universitetində məqsədyönlü tədbirlər həyata keçirlir, müvafiq struktur dəyişiklikləri aparılır, yeni innovativ şöbələr formalaşdırılır, əsasən gənclərdən ibarət işgüzar və təşəbbüskar kadr potensialı formalaşdırılır. Bu nüfuzlu ali təhsil ocağında ictimai fəallıq qısa müddətdə xeyli yüksəlmiş, universitetin elmi və idarəçik həyatında gənclərin rolu artmağa başlamışdır. Qocaman ali təhsil ocağında gerçəkləşdirilmiş bir sıra zəruri tədbirlər, o sırada kadr korpusunun möhkəmləndirilməsi yaxın gələcəkdə universitetin bütün sahələrdə daha sürətlə inkişaf edəcəyindən soraq verir.
Bu gün Bakı Dövlət Universitetində təhsilin məzmun və formaca yeniləşdirilməsi, aparıcı ölkələrin qabaqcıl ali məktəblərinin zəngin təcrübəsinin mənimsənilməsi istiqamətində ciddi addımlar atılır. Doğma ali məktəbimizin mövqeləri dünya miqyasında gündən-günə möhkəmlənməkdə, elmi-pedaqoji kadrlarının beynəlxalq elmi konfranslarda iştirakı həm kəmiyyət, həm də keyfiyyət baxımından çoxalmaqdadır.
Əlbəttə, keyfiyyətli təhsil ilk növbədə nizam-intizamdan, qaydalara uyğun davranış normalarından başlanır. Bu gün həmin normalar Bakı Dövlət Universitetində mühüm keyfiyyət faktına çevrilmiş, yaradılan möhkəm intizam, tədrisin keyfiyyətinə gündəlik nəzarət fəaliyyətin səmərəsini xeyli dərəcədə artırmışdır. Universitetdə hökm sürən işgüzar şərait, elmi yaradıcılıq mühiti, müasir maddi-texniki baza çoxsaylı kollektivin də böyük rəğbəti ilə qarşılanmışdır. Çoxsaylı professor-müəllim heyəti və tələbə kollektivi son aylarda universitetin ərazisində abad şərait yaradılmasının, tədris korpuslarında və tələbə yataqxanalarında təmir-bərpa işləri aparılmasının, maddi-texniki bazanın gücləndirilməsinin canlı şahidləridir. Bütün korpuslarda tələbə-müəllim yeməkxanaları kompleksinin müasir tələblərə uyğun şəkildə yenidən qurulması, yüksək estetik zövqlə və keyfiyyətlə yenidənqurma işlərinin aparılması bu nüfuzlu elm məbədinin əzəmətli görkəmində klassika ilə müasirliyin uğurlu sintezini yaratmış, kollektivi doğma ali məktəbə daha sıx bağlayan amillərdən birinə çevrilmişdır.
Müstəqilliyimizin indiki mərhələsində Bakı Dövlət Universitetinin əsas məqsədi yüksək səviyyəli mütəxəssis, vətənpərvər ziyalı, milli dövlətçiliyə sadiq vətəndaş, Azərbaycançılıq ideologiyasına şərəflə xidmət göstərən şəxsiyyət hazırlamaqdan ibarətdir. Bununla əlaqədar olaraq bu ali təhsil ocağında strateji istiqamətlər dəqiq müəyyənləşdirilmiş, bu yöndə bütün potensial imkanlar səfərbərliyə alınmışdır. Yüz yaşlı universitetin səriştəli kollektivi bu günün yetkin gəncliyini formalaşdırmaq üçün əzmlə çalışır, xalqımızın işıqlı sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması məqsədi ilə tədrisin və təhsilin keyfiyyətini yüksəltməyə çalışır.
Xüsusi vurğulamaq lazımdır ki, hazırda ali təhsil müəssisəsində tədris səviyyəsinin yüksəldilməsi və sanballı elmi nailiyyətlərin əldə olunması ilk növbədə kompüter və müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqini tələb edir. Bakı Dövlət Universitetinin rəhbərliyi bu reallığı nəzərə alaraq innovasion yeniliklərin geniş tətbiqi istiqamətində mühüm irəliləyişlərə start vermiş, dekanlıqların, kafedraların və digər qurumların müasir kompüter avadanlıqları ilə təchiz olunması prosesinə başlanılmışdır.
Məlum olduğu kimi, son illərdə ölkədə aparılan sosial layihələrin, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərin, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması uğurlu sosial siyasətin bariz göstəricisidir. Bu baxımdan Bakı Dövlət Universiteti Elmi Şurasının 2019-cu ilin oktyabr ayında keçirilən iclasında Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU əməkdaşlarının, o cümlədən universitetin Qazax filialı kollektivinin əməkhaqlarının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilməsi bu ali təhsil ocağının çoxsaylı kollektivi tərəfindən rəğbətlə qarşılanmışdır.
Təqdirəlayiq haldır ki, hazırda Bakı Dövlət Universiteti ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində önəmli rola malikdir. Bu ali təhsil ocağı ölkədə maarifçiliyin, təhsilin inkişafında, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında fəal iştirak edir. Elm və təhsil sahəsində uğurlu fəaliyyəti ilə Azərbaycanın hərtərəfli inkişafına bundan sonra da öz layiqli töhfəsini vermək niyyətində olduğunu nümayiş etdirən Bakı Dövlət Universitetinin əsas fəaliyyəti və inkişafı bu gün təhsil, elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşmək hədəflərinə doğru istiqamətlənmişdir. Əminliklə söyləyə bilərik ki, bir əsrlik yubileyini zəngin elm və təhsil nailiyyətləri ilə qarşılayan doğma Bakı Dövlət Universiteti növbəti 100 illiyə yeni enerji ilə qədəm qoyaraq daha böyük uğurlar qazanacaqdır.
Abuzər XƏLƏFOV, Əməkdar elm xadimi, BDU-nun fəxri professoru, Prezidentin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor
Knyaz ASLAN, Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, fəlsəfə doktoru, dosent
|
|
22.11.2019 | 09:42 | |
|
|
|