Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Noyabrın 21-də Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirliklərinin rəhbərlərinin V iclasında iştirak edib.

 

İclasda ŞƏT-ə üzv, müşahidəçi və tərəfdaş olan 15 ölkədən 50 nümayəndə iştirak edib. Tədbiri Rusiya Federasiyasının Elm və Ali Təhsil naziri Mixail Kotyukov açıq elan edib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda elmi tədqiqatların faizinin artmasında ali təhsil müəssisələrinin rolu nəzərəçarpacaq qədər yüksəkdir. Nazir müavini qeyd edib ki, azərbaycanlı alimlərin xarici həmkarları ilə birgə nəşr etdirdiyi elmi işlərin sayının artması ölkəmizin beynəlxalq tədqiqat layihələrində fəal iştirakının göstəricisidir. 2017-ci ildə dünyanın aparıcı elmi jurnallarında Azərbaycan alimlərinin  ən çox sayda tədqiqat nəticələri nəşr edilib (1160 nəşr).

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verən Firudin Qurbanov bildirib ki, Azərbaycanda intellektual potensialın gücləndirilməsinə xidmət edən bu proqram Azərbaycan Respublikasının vətəndaşları üçün Şanxay reytinq cədvəlinə daxil olan 500 universitetdə doktorantura səviyyəsində təhsil almaq imkanı yaradır. 

 

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının vacibliyini vurğulayan nazir müavini təhsildə texnoloji innovasiyaların tətbiqindən danışaraq “Rəqəmsal bacarıqlar” və STEAM layihələri barədə məlumat verib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasının təmin olunması istiqamətində Təhsil Nazirliyi tərəfindən müvafiq addımların atıldığını qeyd edən nazir müavini əldə olunmuş nailiyyətlər, o cümlədən İnformasiya Resursları Mərkəzi, Təhsil şəbəkəsi, bu sahədə kadr potensialının inkişafı və elektron resurslar barədə də məlumat verib.

 

Tədbir çərçivəsində nazir müavini Firudin Qurbanov Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini Qriqori Trubnikov ilə görüşüb. Görüşdə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Tədbirin sonunda növbəti iclasın Pakistan İslam Respublikasında keçirilməsinə qərar verilib.

 

 



21.11.2019 | 16:46