“Fizikanın aktual problemləri” | |
Naxçıvan Dövlət Universitetində “Fizikanın aktual problemləri”nə həsr olunmuş elmi-nəzəri seminar keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov elmi-nəzəri seminarların əhəmiyyəti, aktuallığı barədə danışıb.
AMEA Naxçıvan bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika üzrə fəlsəfə doktoru Qulu Həziyev Naxçıvanda ali məktəb tələbələri ilə birlikdə müxtəlif elmi-kütləvi tədbirlərin təşkil edilməsi, hamiliyə götürülmüş tələbələrin elmə maraqlarının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsindən danışıb.
Həm fizikanın, həm də astronomiyanın ən maraqlı və aktual mövzuları haqqında slayddan istifadə etməklə, seminar iştirakçılarına ətraflı məlumat verilib.
Fizika üzrə fəlsəfə doktoru Fərman Qocayev “Aşağı temperatur fizikasının nailiyyətləri. İfratkeçiricilik və onun praktik tətbiqləri” adlı çıxışında bildirib ki, aşağı temperaturlar fizikasının inkişaf tarixi 1908-ci ildə maye heliumun kəşf olunması ilə başlayıb. İfrat keçiricilik effektinin kəşfi isə ən mühüm nailiyyət kimi dəyərləndirilib.
Fizika üzrə fəlsəfə doktoru Xanəli Həsənovun “Məntiqi təfəkkürün fizika məsələlərinin həllində rolu” adlı çıxışı da tədbir iştirakçılarında maraq yaradıb. |
|
20.11.2019 | 17:26 | |
|
|
|