“Milli Dirçəliş günü müstəqilliyin bərpasında tarixi rol oynadı”

“Xalqımızın dirçəlişi ilə əldə olunan Azərbaycanın dövlət müstəqilliyi əbədi  olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır”. Ulu öndər Heydər Əliyevə məxsus bu dəyərli fikir Naxçıvan Dövlət Universitetində 17 noyabr-Milli Dirçəliş gününə həsr edilmiş tədbirin şüarı kimi səsləndirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının daim azadlıq və müstəqillik arzusu ilə yaşadığına diqqət çəkərək, ötən əsrin 80-ci illərinin sonlarından Bakının Azadlıq meydanında başlanan fasiləsiz etiraz mitinqlərindən söz açıb. Onun sözlərinə görə, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynayıb. Rektor deyib ki, xalqımız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında birləşərək, öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyini, bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bütün dünyaya nümayiş etdirib.  

 

S.Məhərrəmov gəncləri tariximizin şanlı səhifələrini dərindən öyrənməyə, ölkəmizin rifahı, tərəqqisi yolunda çalışmağa, bu müqəddəs amalların həyata vəsiqə qazanmasında səylərini əsirgəməməyə çağırıb.

 

Sonda tarixi günlə əlaqədar videoçarx nümayiş olunub.



17.11.2019 | 10:00