Futbol turnirinin qalibi müəyyənləşib

Məktəblilərdən ibarət komandalar arasında təşkil edilən mini futbol turnirinin final mərhələsi keçirilib.

 

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 61 nömrəli tam orta məktəbdə təşkil olunub.

 

Final oyununu “Məktəblinin dostu” layihəsinin rəhbəri  Rüstəm Ağayev, “Sabah” futbol klubunun baş məşqçisi Arif Əsədov, Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndəsi Elgiz Abbasov, “Səbail” futbol klubunun məşqçisi Füzuli Məmmədov, məktəb direktorları, müəllimlər və şagirdlər izləyib.

 

Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin futbol idman növünə marağını artırmaq, həmçinin, onların sağlam böyüməsini və asudə vaxtını səmərəli keçirməsini təmin etməkdən ibarətdir.

 

Futbol turnirində 12, 57, 61, 63, 117, 194, 272 nömrəli tam orta məktəblərin və 72 nömrəli məktəb-liseyin komandaları iştirak edib.

 

Yarışın final mərhələsində 61 və 63 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıb. Qarşılaşmanın nəticələrinə əsasən, 63 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb.

 

Qalib komanda kubokla təltif olunub. Həmçinin, 61 və 63 nömrəli tam orta məktəb komandalarının üzvlərinə medal və sertifikatlar təqdim edilib.

 



02.05.2018 | 16:51