Hərəkətdə təlim şəraitində tədris | |
Bu siniflərdə şagirdlər özlərini lap evdəki kimi hiss edirlər. Yorulanda ayağa durur, xalçanın üzərində gəzişir, daha sərbəst olur, sıxılmırlar. Burada partalar da fərqlidir. Həmin sinif otaqlarında həm oturacaqlı, həm də hündür masalar yerləşdirilib. Masaları hazırda istifadə edilən ənənəvi məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Hər 15 dəqiqədən bir şagirdlər yerlərini dəyişir və müvafiq tapşırıqları yerinə yetirirlər. Siniflər digərlərindən bir sıra xüsusiyyətləri ilə də fərqlənir. Ən başlıcası burada tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagirdlərin, eyni zamanda müəllimlərin də hər zaman hərəkətliliyi təmin olunur. Bu gün dünyanın bir sıra inkişaf etmiş ölkələrinin üstünlük verdiyi hərəkətli tədris mühitinə bizim həkim və mütəxəssislərimiz tərəfindən də böyük dəstək verilir. Qeyd edək ki, bu siniflər həm də fərqli dizaynı, gözəl tərtibatı ilə seçilir. Diqqətçəkən məqamlardan biri də odur ki, belə siniflər bucaqsızdır. Otaqda düz xətlər görə bilməzsiniz. Belə bir tərtibat uşaqları psixi stressdən qorumaq üçün nəzərdə tutulub. Otaqda panorama effekti yaradılıb. Görünən bucaqlarda ağac şəkilləri çəkilib. Şagirdlər özlərini sanki sinifdə deyil, qeyri-adi bir məkanda, təbiət qoynunda hiss edirlər.
Bütün bu yeniliklər və tətbiq olunan texnologiyalar Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən həyata keçirilən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində yaradılan “Sağlam təhsil sinifləri”ndədir. “Sağlam təhsil-sağlam millət” layihəsi təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi istiqamətində atılan vacib addımlardan biridir. Layihənin əsas vəzifəsi uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq və tətbiq etmək, şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşdırılmasını təmin edəcək təlim mühitinin yaradılması işinə töhfələr verməkdir. Layihə dörd əsas istiqamətdə inkişaf etdirilir: tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji, gender. Onu da qeyd edək ki, layihəyə başlanılmazdan əvvəl şagirdlərimizin sağlamlıq vəziyyətini tədqiq etmək üçün monitorinqlər həyata keçirilib. Bu sahədə görülən işlərin elmi-nəzəri və praktik keyfiyyətini təmin etmək məqsədilə tibb, pedaqogika və gender sahələri üzrə ekspertlər cəlb edilib, eyni zamanda bununla bağlı dünyanın qabaqcıl təcrübəsi araşdırılıb, geniş təhlil olunub. Rusiya Uşaqların Sağlamlığı Naminə Birliyinin rəhbəri, professor Vladimir Bazarnının təhsilalanların sağlamlığının qorunması istiqamətində 35 illik təcrübəsi xüsusilə diqqəti cəlb edib və alim ölkəmizə dəvət olunub. Yəni, göründüyü kimi, bu layihənin Azərbaycan şagirdinin yüksək təhsil alması ilə yanaşı, onun sağlamlığının qorunmasında nə dərəcədə effektiv nəticələr verə biləcəyi ən xırda detallara qədər öyrənilib.
Layihənin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərir ki, sağlam təhsil texnologiyaları təhsilalanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.
Mütəxəssislər qeyd edirlər ki, təhsil müddətində oturaq həyat şəraitinin olması şagirdlərin fiziki və psixoloji sağlamlığında xoşagəlməz fəsadlar törədir. Belə ki, oturaq həyat tərzi uşaqların normal inkişaf etməsinə və sağlam böyüməsinə mənfi təsir göstərən ən başlıca səbəbdir. Mövcud təhsil texnologiyaları məktəblilərin oyaq vaxtının 50-70 faizini oturaq vəziyyətdə keçirməyə məcbur edir. Həmçinin, aparılan araşdırmalar onu da göstərir ki, uşaqlar məktəbi qurtaranda onlarda bir sıra məktəb xəstəlikləri olur. Məsələn, məktəbə gələn uşaqlarda fiziki inkişaf çatışmazlıqları qamət, görmə pozğunluqları əgər hardasa 25-30 faiz arasında rast gəlinirdisə, artıq məktəbi bitirənlərin 45-50 faizində belə bir problemlərə rast gəlinir. Onu da qeyd edək ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Təbii ki, bunun müxtəlif səbəbləri var. Ən başlıca səbəb kimi isə uşaqların məktəb tədrisinə başladıqdan sonra onların oturaq həyat tərzinə keçmələri, sinif otaqlarının çoxunda işıqlandırmanın zəif olması, partaların uşaqların boyuna uyğun olmamasıdır.
“Sağlam təhsil sinif”lərində məhz şagirdlərin belə problemlərlə üzləşməmələri üçün sağlamlıqları, onların dərsi daha yaxşı mənimsəməsi məsələləri xüsusi diqqətdə saxlanılır. “Sağlam təhsil sinif”ləri tibbi-gigiyenik tələblər baxımından tərtib və təchiz edilib. Sinif otaqlarındakı digər avadanlıqlar və ləvazimatlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.
Elə müsahiblərimiz də layihənin üstünlüklərindən, onun şagirdlərin istər sağlamlıqlarının qorunması, istərsə də daha keyfiyyətli təhsil almalarındakı əvəzsiz rolundan danışaraq uşaqların tədris prosesi zamanı özlərini daha komfortlu hiss etdiklərini, sərbəst və yüksək təlim nəticələrinə malik olduqlarını qeyd edirlər.
Sağlam tədris şəraiti təhsilalanların fiziki inkişafına müsbət təsir göstərir
“Sağlam təhsil-sağlam millət”in tibbi məsələlər üzrə koordinatoru, ATU-nun uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Şəhla Balayeva məsələyə tibbi baxımından yanaşaraq bildirir ki, belə bir layihənin reallaşdırılması zərurəti uşaq və yeniyetmələr arasında bir sıra patologiyaların - fiziki inkişaf, qamət və görmə pozulmalarının artma tendensiyasının müşahidə olunması ilə bağlı idi. Həmin patologiyalar hələ XIX əsrdən başlayaraq məktəb xəstəlikləri kimi qeyd edilir. Hazırda oturaq həyat tərzinin uşaq və yeniyetmələr arasında geniş yayılması, məktəb tədrisinin intensifikasiyası ilə əlaqədar uşaqların məktəbdə daha çox vaxt keçirməsi və evdə hazırlığa sərf edilən vaxtın artması mənfi amillər kimi problemin daha da dərinləşməsinə səbəb olur. Elə “Sağlam təhsil sinif”lərinin məqsədi də məktəb şəraitində şagirdlərin sağlamlığına mənfi təsir göstərən amillərin aradan qaldırılması, hərəki fəallığın artırılması, təhsilalanların sağlamlığının qorunması baxımından əlverişli mühitin yaradılmasıdır. Bu siniflərdə tədris qismən ayaq üstə keçirilir. Belə tədris isə uşaqlarda hipodinamiyanın profilaktikası məqsədi daşıyır və uzun müddət oturaq vəziyyətlə əlaqəli orqanizmdə baş verən müxtəlif patologiyaların qarşısının alınmasında böyük rol oynayır.
15 dəqiqədən bir mikropauzalar
Şəhla Balayeva qeyd edir ki, “Sağlam təhsil sinfi” uşaqların boy göstəriciləri nəzərə alınmaqla təlim üçün əlverişli xüsusi mebellə: oturaq və ayaq üstə iş üçün masalarla təchiz olunub. Şagirdlər dərsin bir hissəsində ayaq üstə, digər hissəsində isə oturmuş vəziyyətdə işləyirlər. Hər 15 dəqiqədən bir mikropauzalar verilir və bu zaman uşaqların fiziki hərəkətlər etməsi statik gərginliyin aradan qalxmasına və zehni iş qabiliyyətinin bərpasına kömək edir. Mikropauzalar zamanı həm göz əzələləri, həm də gövdənin yuxarı hissəsinin əzələlərini məşq etdirən hərəkətlər edilir, statik iş dinamik fəaliyyətlə əvəz olunur. Sonra uşaqlar yerlərini dəyişməklə (oturaq-ayaqüstü) yeni iş pozası almış olurlar. Beləliklə, dərs günü ərzində ənənəvi dərs formasından fərqli olaraq eyni əzələ qrupuna daimi iş düşmür ki, bu da şagirdlərin zehni və fiziki iş qabiliyyətinin uzun müddət yüksək səviyyədə saxlanılmasına xidmət edir. Bundan əlavə, bu siniflərin təchizatı və dərs prosesi elə qurulub ki, məktəbdə keçirdiyi müddət ərzində (oyaqqalma vaxtının 25 faizi) şagirdlər oturaq həyat tərzindən uzaqlaşaraq daha fəal və dinamik olurlar.
Həkimin sözlərinə görə, layihənin həyata keçirildiyi müddət ərzində “Sağlam təhsil sinif”ləri ilə paralel olaraq ənənəvi siniflərdə təhsil alan uşaqlar daim müşahidə və müayinə edilib. Müayinələrin nəticələri göstərir ki, “Sağlam təhsil sinif”lərində yaradılan sağlam tədris şəraiti təhsilalanların fiziki inkişafına müsbət təsir göstərir. Belə siniflərdə təhsil alan məktəblilərdə əvvəldən yaranmış bir sıra sağlamlıq problemlərinin, məsələn, görmə problemləri, qamət pozulmaları, fiziki inkişaf problemlərinin azalması, iş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, onların intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etməsi və emosional vəziyyətlərinin yaxşılaşması müşahidə edilir. Buradakı uşaqların təlim nailiyyətləri xüsusilə daha yüksək olur.
“Sağlam təhsil sinif”lərinin ilk məzunları
Bakıdakı Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin direktoru Kərim Abidi söyləyir ki, “Sağlam təhsil sinif”lərinin digər siniflərdən fərqli cəhətlərindən biri də şagirdlərin dərs prosesində fiziki və zehni cəhətdən daha aktiv olmalarıdır.
Məlumat üçün bildirir ki, 1649 şagirdin təlim-tərbiyəsi ilə 123 müəllimin məşğul olduğu təhsil müəssisəsində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində 3 “Sağlam təhsil sinfi” yaradılıb. 2018-ci ildən məktəbdə məhz belə sinifdə təhsil almaq istəyənlər üçün 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.
Övladını birinci sinfə gətirən valideynlər həmin siniflərdəki təlim şəraitini, uşaqlarının bilavasitə sağlamlığına yönələn mühiti gördükdən sonra onların məhz burada təhsil almalarını istəyirlər. Bu siniflərə valideynlərin marağı getdikcə artır. Artıq digər valideynlər də övladlarını belə siniflərdə oxutdurmaq istəyirlər.
Direktor qeyd edir ki, müasir dövrümüzdə informasiya texnologiyalarından uşaqların daha çox istifadə etməsi, təhsil müddətində, eləcə də evdə oturaq həyat tərzi keçirmələri, habelə digər faktorlar böyüməkdə olan gənc nəslin sağlamlığında ciddi fəsadlara gətirib çıxara bilər. Kərim Abidi Təhsil Nazirliyinin bu məsələləri diqqətdə saxlamasını və “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində “Sağlam təhsil sinif”lərinin yaradılmasını uşaqların sağlamlığı ilə bağlı problemlərin həlli istiqamətində atılan ən mühüm addımlardan biri kimi dəyərləndirir: “Bu, təhsilalanların sağlamlığını qoruyan bir layihədir. Artıq bizim məktəbdə bu il ibtidai təhsil pilləsini başa vurmuş “Sağlam təhsil sinif”lərinin ilk məzunları var. Müşahidələrimiz onu göstərir ki, bütün hallarda bu şagirdlər həm görkəm, qamət və boyları baxımından digər həmyaşıdlarından yaxşı mənada fərqlənirlər”.
Şagirdlər yorulmur, əksinə, dərslərini daha rahat şəkildə mənimsəyirlər
Bu layihənin uğurla həyata keçirilməsi, qarşıya qoyulan hədəflərə nail olunması təbii ki, müəllimlərin öz işinə necə yanaşmasından asılıdır. “Sağlam təhsil sinif”lərindəki təlim-tərbiyə prosesi yeni düşüncə tərzinə malik, buradakı mövcud təhsil texnologiyalarından səmərəli istifadə etməyi bacaran, uşaqların fiziologiyasını yaxşı bilən, eyni zamanda təlim nailiyyətlərinin yüksəldilməsində bilik və bacarığını əsirgəməyən, onlara qarşı daha həssaslıq və səbrlilik nümayiş etdirən yaradıcı müəllimlərin olmasını tələb edir. Və nə yaxşı ki, məhz burda dərs deyən müəllimlər də elə tam bu meyarlara uyğun təcrübəli təhsil işçiləridir. Bakıdakı 19 nömrəli tam orta məktəbin “Sağlam təhsil sinfi”nin ibtidai sinif müəllimi Sevil Qəmbərova da belələrindəndir. Layihənin tətbiq edildiyi vaxtdan “Sağlam təhsil sinfi”ndə dərs deyir. Artıq bu sinfin birinci buraxılışını edib. İndi isə birincilərə dərs deyir. Layihə ilə bağlı keçirilən təlim və seminarlarda iştirak edib, bilik və bacarığını mükəmməlləşdirib, yenilkləri öyrənib və bu sinfin tələblərini, məqsədini yaxşı bilir.
“Sağlam təhsil sinfi”nin ənənəvi sinif otaqlarından ilk olaraq öz xüsusi tərtibatı ilə fərqləndiyini söyləyir: “İlk vaxtlar burada dərs dediyim zaman çox həyəcanlanırdım. Birincilərimin bu yeni tərtibata malik sinfi gördükləri zaman üzlərindəki ifadə heç vaxt yadımdan çıxmaz. “Sağlam təhsil sinfi”nə ayağını qoyan andan sanki insan özünü bambaşqa bir aləmdə hiss edir, özündə bir rahatlıq tapır. Sinif otağının küncü yoxdur, hər tərəf dairəvidir, hündür və oturacaqlı masalar, divarda olan ağacın təsviri daha çox yaşıllığın olması, tavan və divarda çəkilmiş buludların təsviri, tavandakı işıqlar isə sanki balacaların sehrli bir aləmə, daha dəqiq desək, onların təbiətin qoynuna səyahətinə bir addımın qalmasından xəbər verir. Mənim də bu gözəl təhsil mühitində balacalarla işləməyim xüsusilə zövqvericidir”.
Sevil müəllim deyir ki, sağlam olmaq üçün hərəkət etməyin vacibliyini məhz bu siniflərdə açıq görmək olur.
Burada aparılan dərs prosesi haqqında bizdə tam təsəvvürün formalaşması üçün müəyyən məsələləri diqqətə çatdırır.
Buradakı masalar da sagirdlərin boyuna uyğun tənzimlənir. Sinifdə didaktik asqılar var ki, oraya mövzuya uyğun şəkillər, materiallar asılır və sonra götürülür. İbtidai siniflərdə şagirdlərdə təlimə marağı yüksəltmək, onlarda yaradıcı təfəkkürü inkişaf etdirmək hazırda ən aktual məsələlərdəndir. “Sağlam təhsil sinfi” də məhz uşaqların yüksək təlim və yaradıcılıq nailiyyətlərinə nail olmaq üçün inteqrativ dərslərə daha çox yer verməsi ilə fərqlənir. Dərslər demək olar ki, oyunlar üzərində qurulur. Bu da dərsin daha maraqlı keçməsinə, eyni zamanda tez mənimsənilməsinə öz təsirini göstərir. Tənəffüs zamanı oğlanlar xüsusi idman avadanlıqlarında məşq edir, qızlar üçün də oyunlar təşkil olunur.
Sevil müəllimin fikrincə, hərəkətli tədris mühitində şagirdlər, demək olar ki, yorulmur, əksinə, daha fəal olur, dərsləri rahat şəkildə mənimsəyirlər.
“Sağlam təhsil-sağlam millət” layihəsində uşaqların fiziki cəhətdən sağlam böyüməsi, idrak prosesinin inkişafı, estetik zövqünün düzgün formalaşması bir-biri ilə vəhdət təşkil edir.
Övladları “Sağlam təhsil sinfi”ndə təhsil alan valideynlər razıdırlar
Ülviyyə Məmmədova 19 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavinidir. İxtisasca biologiya müəllimidir. Həm də valideyndir. Artıq 2-ci övladı İsmayıl da “Sağlam təhsil sinfi”ndə oxuyur. Deyir ki, böyük oğlu Elxanın buradakı tədrisindən o qədər razı qalıb ki, ikincisini də məhz bu sinifə qoyub: “Hər bir valideyn kimi mən də uşaqlarımın oxuduğu müddətdə keyfiyyətli təhsil almalarını, təlim nailiyyətlərinin yüksək olmasını istəyirəm. Eyni zamanda, övladlarımın sağlam böyümələri də mənim üçün vacib şərtdir. Ona görə oğlanlarımın hər ikisinin məhz bu sinifdə təhsil almalarını istədim. Burada birbaşa şagirdlərin sağlamlıqlarına yönələn mühit, müəllimin şagirdlərə olan münasibəti, tədris prosesi məni tamamilə qane edir. Həftənin istirahət günlərində usaqların ev tapşırıqları ilə yüklənməməsini də dəstəkləyirəm. Bu siniflərdə uşaqlar daha rahatdırlar və öz fikirlərini söyləməkdə sərbəstdirlər. Ovladlarımı bu sinfə qoymaqla heç də yanılmadığımı düşünürəm. Burada həm şagirdlərin sağlamlığına, həm də təhsilinə xüsusi diqqət ayrılır”.
İlhamə Cabbarova, Məryəm Babayeva, Minayə Kərimli... Bu siyahını övladları “Sağlam təhsil sinfi”ndə təhsil alan digər valideynlərin adlarını sadalamaqla artırmaq olar. Ancaq düşünürük ki, buna ehtiyac yoxdur. Söhbətləşdiyimiz valideynlərin hamısı belə təhsildən razıdırlar, çünki burada onların uşaqlarının yüksək təhsil almaları ilə yanaşı, sağlamlıqları da tam diqqətdə saxlanılır.
Samirə KƏRİMOVA |
|
15.11.2019 | 09:00 | |
|
|
|