Dərs vəsaitlərinin təqdimatı | |
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında İngilis dili və metodika kafedrası müəllimləri Cavid Babayevin “Hit the target through English grammar” və Leyla Zeynalova, Aygün Əsgərovanın birgə hazırladıqları “English for sports students” adlı dərs vəsaitlərinin təqdimatı keçirilib. Universitetin rektoru Saleh Məhərrəmov hər iki dərs vəsaitinin elmi əhəmiyyətindən danışıb.
Adıçəkilən kafedranın müdiri, filolofiya üzrə fəlsəfə doktoru Mirhəsən Eminov isə görülən işləri təkcə kafedranın uğuru yox, universitet elmi mühitinin nailiyyəti kimi dəyərləndirib. Qeyd edilib ki, hər iki kitab həm ingilis dilində, həm də digər ixtisaslarda dərs deyən müəllim və tələbələr üçün faydalıdır.
Kafedranın baş müəllimi Elza Aşurova dərs vəsaitinin digər qrammatika kitablarından fərqini izahlayıb və deyib ki, müəllif burada ilk dəfə olaraq davamedici formada işlənmə məhdudiyyətinə malik feillərin geniş izahatını verib:”Qaydasız feillərin daha geniş təsnifatı kitabda öz əksini tapıb. Əvəzliklərin məna növləri digər dilçilərin işindən fərqli olaraq 12 kateqoriyada ümumiləşdirilib və Nida əvəzliyi adlı yeni bir əvəzlik növü təsnif olunub”.
Digər dərs vəsaitində diqqət çəkən məqam isə ingilis dili fənninin mənimsənilməsinə imkan verən çalışmalara, şifahi və yazılı nitq bacarığının inkişafına, söz ehtiyatının zənginləşdirilməsinə geniş yer verilməsidir.
Sonda müəlliflər universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduqlarını bildiriblər. |
|
14.11.2019 | 16:27 | |
|
|
|