Nizami rayonu üzrə məktəb seminarları

“Məktəb seminarları”nın növbəti sessiyaları Nizami rayonunun ümumi təhsil məktəbləri üzrə keçirilib.

 

Sessiyalarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə metodbirləşmə sədrləri, məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

 

“Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəbin imicinin formalaşdırılması, müəllimlərin peşəkar inkişafı, təhsil müəssisələrinin fəaliyyətinin və uğurlarının daha dolğun təbliği, dərsə davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlərə toxunub.

 

R.Tağıyev “Məktəb seminarları” layihəsinin əhəmiyyəti və qarşıda duran vəzifələrin həlli yolları barədə fikirlərini bildirib, məktəb direktorlarını maraqlandıran məsələlərə aydınlıq gətirib.

 

Müxtəlif sessiyalarda ümumi təhsil məktəblərində təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılması üsul və  formaları, müəllim-valideyn münasibətləri, tərbiyə işinin təşkili, məktəb saytlarının idarəolunması, fəaliyyətdə səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər müvafiq mövzularda çıxış ediblər.

 

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 



14.11.2019 | 10:41