İqlim, təbii coğrafi şərait, bitki örtüyü, demoqrafik məsələlər alimlərin müzakirəsində | |
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Azərbaycanın arid regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Coğrafiya İnstitutunun direktoru və Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov deyib ki, Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi innovasiyanın gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından daha səmərəli istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir. Akademik regionların torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunmasını, təbii-landşaft potensialının mühafizəsi, biomüxtəlifliyin saxlanılması və s. kimi amillərin qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.
R.Məmmədov ölkədə aparılan iqlim tədqiqatları, müşahidə olunan iqlim parametrləri, iqlim dəyişmələrinin kənd təsərrüfatına, su ehtiyatlarına, Xəzər dənizi səviyyəsinə, insan sağlamlığına təsirlərindən də danışıb.
Saysız diaqram və cədvəllərin, şəkil və xəritələrin köməyi ilə geniş və hərtərəfli araşdırma aparan alim 1991-2004 və 2005-2016-cı illər üçün orta aylıq temperatur anomaliyalarını, ən isti və ən soyuq aylarda temperaturun paylanmasını, müşahidə olunan maksimal və minimal temperaturların günlər üzrə sayını, ərazilər üzrə küləyin, yağıntıların paylanmasının parametrlərini, isti və soyuq hava dalğalarının davamiyyətini, sayını və s. araşdırıb.
Akademik diqqətə çatdırıb ki, iqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə bitki örtüyü də azalacaq, şoranlaşmış ərazilərin sahəsi və səhralaşma prosesi artacaq, su qıtlığı yaranacaq, yağıntılar azaldığından çaylarda su az olacaq, Xəzərdə buxarlanma artacaq, Kür-Araz ovalığında quraqlığın 50-60 gündən çox olması ehtimalı yaranacaq və s.
Coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Azərbaycanda ümumi, şəhər və kənd əhalisinin min nəfərə görə və onun iqtisadi rayonlar üzrə say artımını göstərib, bu rayonların urbanizasiya səviyyəsini, hər 1000 nəfərə görə əhalinin doğum, ölüm və təbii artım, nəsilvermə, uşaq və ana ölümü əmsallarını dəqiqləşdirib. Z.Eminovun sözlərinə görə, ölkədə hər il sağ doğulan 1000 uşağa görə ölüm əmsalının ən yüksək səviyyəsi 10 nəfər olduğu halda, 2017-ci ildə bu göstərici ümumən 11.1, şəhər əhalisi arasında 18.7, Bakıda 16.0 olub; həmin ildə 1 yaşa qədər ölən uşaqların sayı ölkədə 1700-ə çatıb, onlardan 1363-ü şəhər əhalisi arasında, o cümlədən 499-u Bakı şəhərində qeydə alınıb.
Coğrafiya məsələlərini tədqiq edənlər regionların təbii ehtiyat potensialından istifadə problemləri, landşaftlardan istifadənin vəziyyəti və perspektivləri, torpaq-bitki örtüyünün mühafizəsi, sosial-iqtisadi və demoqrafik inkişaf, torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri, həlli yolları, insan sağlamlığına təsiri və s. kimi məsələləri müzakirə ediblər.
|
|
12.11.2019 | 18:16 | |
|
|
|