“Onun əsərlərində klassik ənənə müasirliyə, müasirlik əbədiyyətə qovuşur” | |
“QGallery” qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının baş müəllimi Rəşad Cabarovun fərdi sərgisi açılıb.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Tədris işləri üzrə prorektor Validə Məmmədova, Xalq rəssamı, professor Arif Əziz, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Salhab Məmmədov və Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərgidə çıxış ediblər.
Bildirilib ki, müasir Azərbaycan rəngkarlıq sənətinin istedadlı nümayəndələrindən olan Rəşad Cabarov, təsviri incəsənətimizin maraqlı generasiyasını təmsil edir.
“1990-ci illərdən yaradıcılıq fəaliyyətinə başlayan rəssam akademik bilik və vərdişləri ilə yanaşı, zamanın tələblərinə, baş verən dəyişikliklərə həssasdır. İfadə tərzi qismində realizm və fiqurativlikdən çıxış edən rəssam, üslubi baxımdan postmodernizmə meyillidir. Onun əsərlərindəki duyğu şəffaflığı, daxili məkanların həllində işıq, dərinlik, zəngin və incə koloristik duyum heyranedici qüvvəyə malikdir. Yaratdığı əsərlərində bildiyimiz, sevdiyimiz və bəzən unutduğumuz dəyərlərə müraciət ədən Cabarov onları yeni prizmadan görür, canlandırır. Məhz bu duyğular rəssamın mövzu seçimini müəyyən edir. Sərgidə təqdim olunan 30-dan çox əsər portret, mənzərə, animalistik janrları əhatə edir. Lakin rəssam burada konkretlikdən qaçır və çevrəsini, həyatımızı əlvan rənglərə boyayır, əsərlərindəki işıqla paylaşır”. Bu fikirlər sərgidə rəssam haqqında səslənib.
Milli sənətimizin dünyaya inteqrasiyasına, müasir istiqamətlərinin və rəssamlarımızın tanınmasına hər zaman təkan verən “QGalery” bu dəfə də sərginin ekspozisiyasını maraqlı kontekstdə təqdim edib. Qeyd olunub ki, Rəşad Cabarovun sirli işıq-kölgəyə bürünmüş gözəlləri, qızmar günəşli Bakısı, simvolik Tovuz quşu, gülən çiçəkləri klassik ənənəni müasirliyə, müasirliyi isə əbədiliyə qovuşduraraq, qalereyanın ümumi ab-havasını nağıla çevirib.
Sərgi noyabrın 17-dək davam edəcək. |
|
12.11.2019 | 10:11 | |
|
|
|