Bayrağımız qürurumuzdur!

Ağdam rayonu, Quzanlı qəsəbəsi. Təhsil və Müdafiə nazirlikləri 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirir.

 

Rayon Təhsil şöbəsinin yanından başlayan yürüş Bayraq meydanına qədər davam edəcək. Yürüş məsafəsi 1 kilometrdən çoxdur. Bu məsafəni yürüyəcək minlərlə insan toplaşıb. Əllərində bayrağı, ürəyində bayrağına, torpağına, vətəninə sevgisi ilə hər kəs öz yerini tutmağa çalışır.

 

Öndə Azərbaycan bayrağının bugünkü “daşıyıcıları”dır. Onlar  Azərbaycan müdafiə sənayesinin istehsalı olan zirehli texnikanın üzərində daha güvənli, daha cəsur görünürlər. “Bayraq yürüşü”nün önündə məhz onlar gedir.

 

Azərbaycan ordusunun ağır artilleriyasını Azərbaycanın gənc bayraqdarları izləyir. İndiki nəsildən bayrağı məhz onlar təhvil alacaqlar - Azərbaycan məktəbliləri. Əllərində “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür”, “Qarabağ Azərbaycandır!”, “Bayrağımız qürurumuzdur!” şüarları, dillərində vətən, ürəklərində təpər, damarlarında  dəliqanlı qanı. Onlardan biri də Samir Alıyevdir. Ağdam şəhər 18 nömrəli tam orta məktəbin şagirdidir. Əlində tutduğu şüar onun üçün bu günü tam anlamı ilə ifadə edir: “Bayraq mənim üçün qürur mənbəyidir. Hər zaman başımızın üstündə saxlayacağımız, sancıldığı yeri vətənimiz saydığımız atributdur bayraq. Mənim üçün bayraq müstəqillik, suverenlik deməkdir. Bayrağım varsa, deməli, dövlətim var, vətənim var”.

 

Bayrağımız Vətənimizdir

 

Məktəbli qızlar da oğlanlardan geri qalmır. Aynişan Zeynalova X sinif şagirdidir. O da bayraq yürüşünün bayraqdarlarından biridir: "Bayraq oğlan-qız demədən, hamımızındır. Onu daşımaq, qorumaq hər birimizin vəzifəsi, başucalığıdır. Ağdam rayon 14 nömrəli Texniki fənlər təmayüllü liseydə  təhsil alıram. Bu gün bayramdır hər birimiz üçün. Gördüyü mənzərə qarşısında insan qürur keçirməyə bilmir. Ölkəmlə, dövlətimlə, millətimlə, ordumla, məktəbli yoldaşlarımla fəxr edirəm. Biz bu bayrağı daim ucaltmağa qadirik və onun enməsinə heç vaxt yol verməyəcəyik. Çünki bayrağımız vətənimizdir. Biz hər birimiz günün birində o bayrağa sarılıb torpağın canına can qatmağa hazırıq”. 

 

Qazilər ön sıralardadır

 

Azərbaycan ordusunun piyadaları nizamlı addımlarla məktəbliləri təqib edir. Onların arxasında isə bayrağımızın keçmiş keşikçiləri, Qarabağ qaziləri,  bayrağı qanı-canı ilə qoruyan və bu yolda sağlamlığını ortaya qoyan keçmiş döyüşçülər addımlayır. Ayaqları özünün olmasa da, illər öncəki döyüş ruhu hələ aşıb-daşır. Çingiz Məmmədov Qarabağ döyüşçüsü olaraq bu yürüşdə iştirakından doğan hisslərindən danışır: “Hər birimiz bu bayraq üçün savaşdıq. Bundan sonra da savaşmağa hazırıq. Bayraq günü münasibətilə keçirilən yürüşün ötürdüyü hisslər çox yüksəkdir. Burada ön sıralarda addımlamağım isə mənim üçün xüsusilə önəmlidir. Azərbaycanın süverenliyi və ərazi bütövlüyünün qorunmasında əməyi keçmiş bir insan kimi qiymətləndirilməyim mənim üçün bu günün belə möhtəşəm qeyd edilməsi qədər qürurludur. Əslində, vətəni qorumaq, onun üçün canından keçmək bizim borcumuzdur”.

 

 

Bu yürüş onu göstərir ki...

 

Qazilərdən sonra xalq gəlir.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov ucu-bucağı görünməyən yürüşün ön sıralarında durmağın, böyük Azərbaycan ordusunun arxasınca  addımlamağın verdiyi qürur hissindən, “Bayraq yürüşü”nün təşkilindəki məqsədlərdən danışır: “Bu yürüşün hər bir iştirakçısı kimi mən də qürur duyuram. Qürur duyuram ki, dövlət atributlarına sevginin bu cür nümayişinin şahidiyəm. Bu yürüş onu göstərir ki, Qarabağın azad olunmasına xidmət edəcək belə yürüşlərə hər bir ölkə vətəndaşı hazırdır. Bayrağımız ölkəmizin varlığını, eyni zamanda gücünü bütün dünyaya - həm dostlarımıza, həm də düşmənlərimizə göstərir. Ona görə də fəxr etməliyik ki, Azərbaycan kimi ölkədə yaşayırıq”.

 

Nazir müavini müstəqilliyini qazandığı qısa dövrdə bir ölkə, dövlət olaraq əldə etdiyimiz uğurlara diqqət çəkir: “Azərbaycan çox sürətlə inkişaf edir. Bayrağımız mötəbər beynəlxalq təşkiltlarda, idman yarışlarında, mədəniyyət forumlarında, ən yüksək səviyyələrdə dalğalanır. Bu, dövlətimizin gücünü, qüdrətini göstərir. Müstəqilliyimizi bərpa edəli cəmi 28 il olsa da, çox sürətli inkişafa nail olmuşuq. Çox qısa müddətdə böyük nailiyyətlər əldə olunub”.

 

Xalq öz ordusunun arxasındadır

 

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov “Bayraq yürüşü” tarixində Ağdamın kütləviliyi ilə özünəməxsus yer tutacağına diqqət çəkir: “Bayraq xalqın qürurunu ifadə edir. Fəxr edirəm ki, bayraq gününü Ağdam rayonunda belə möhtəşəm qeyd edə bilirik.  Bunun  üçün Təhsil Nazirliyinə də, Azərbaycan ordusuna da təşəkkür edirəm. Yürüşdə iştirak üçün təxminən 4 min nəfər nəzərdə tutmuşduq. Ancaq hesab edirəm ki, bu gün iştirakçı sayı 10 minə yaxınlaşıb”.

 

Xalq  artisti Nurəddin Mehdixanlı xalqla ordunun birliyinə diqqət çəkir: “Millət hər zaman ordusunun arxasında olmalıdır. Bu da o günlərdən biridir. Təhsil Nazirliyi artıq 5 ildir hər il bir cəbhə bölgəsində bayraq yürüşü keçirir. Bu qədər insanın bura toplaşması bilirsiniz nə deməkdir? Xalqımız, millətimiz bayrağına sahib çıxmağı bacarır. Bayrağımız hər zaman uca olsun. Əsgərlə xalq, millətlə ordu bir yerdə olanda yenilməz”.

 

Birlik komandirinin müavini, polkovnik Babək Səmidli “Bayraq yürüşü”nün əhəmiyyətini, məqsədlərini önə çəkir: “Vətəndaşlarımızda bayraq sevgisini artırmaq, dövlətçiliyimizin möhkəmlənməsi üçün dövlət başçısının ətrafında sıx birləşmək üçün bayraq yürüşünü həyata keçiririk. Hər il bu yürüşün iştirakçıları genişlənir. Bayrağımızın dalğalanması üçün minlərlə şəhid vermişik. Onları indi yetişməkdə olan nəslə nümunə göstəririk ki, bayrağımızın dəyərini bilsinlər”.

 

Millət vəkili Aydın Mirzəzadə deyir ki, bu bayrağı işğal olunan ərazilərə sancmağa da, sancıldığı yerlərdə dalğalandırmağa da gücümüz var: “Artıq ikinci dəfə, yəni ikinci ildir bayraq yürüşündə iştirak edirəm. Bir dəfə Tərtərdə keçirilən yürüşə qatılmışam. İndi isə Ağdamın Quzanlı qəsəbəsində keçirilən yürüşdə iştirak edirəm. Buradan təmas xəttinə bir neçə kilometr var. İşğalçılar da bizi görürlər. Yürüşə qatılanlar da sadəcə Ağdam sakinləri deyil. Bu yürüşə qatılmaq üçün başqa yerlərdən, ətraf rayonlardan gələnlər var.  Burada 20-30 nəfər Qarabağ qazisi də iştirak edir. Qürur hissi keçirirəm. Hər kəsin dövlətə bağlılığı hiss olunur. Bu gün Azərbaycan dünyada öz sözünü deyə bilən bir dövlətdir. Bayrağımız mötəbər tədbirlərdə dalğalanır. İşğalçılar bilməlidir ki, bu gün başımızın üstünə qaldırdığımız bu bayrağı işğal olunan ərazilərimizə sancmaq niyyətindəyik. Biz bunu mütləq edəcəyik. Azərbaycan xalqı bir parça torpağını da güzəştə getməyəcək. Ermənistan öz cavabını alacaq. Harada bayraq varsa, Azərbaycan vətəndaşı ordadır. O bayrağı qorumaq üçün ölkə vətəndaşları canından keçməyə hazırdır”. 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul  katibi İlqar Orucov: “Biz Azərbaycan vətəndaşlarının bayrağa olan sevgisinin şahidi olduq. Böyük izdiham gördük. Mənim üçün əhəmiyyətli məqamlardan biri yeniyetmə və gənclərin, xüsusən məktəblilərin yürüşdə xüsusi fəallığı oldu. Bu, onu göstərir ki, yetişməkdə olan nəslin vətənpərvərlik hissi çox yüksəkdir. Ağdam rayonu Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir rayondur. Ərazilərinin böyük hissəsi işğal altında olan bu rayonda insanlar ordusuna, bayrağına sayqıyla yanaşır. Hər kəs torpaqlarının azadlığı üçün döyüşməyə hazırdır. Bu yolda Ali Baş Komandanın əmrlərinə müntəzirdir”.

 

BAYRAQ sevdalısı  məktəblilərimiz

 

 

Yürüşdə 118 nömrəli tam orta məktəb xüsusi ilə seçilir. Üzünü bayraq rəsmi ilə boyamış, başdan-ayağa bayrağı və ona həsr olunan günü ifadə edən Ağdam məktəblilərinin qışqırmaqdan səsi dəyişib. Məktəbin tarix müəllimi Hacı Əmirov X-XI sinif şagirdlərinin öz təşəbbüsü ilə bayraq gününə xüsusi hazırlaşdıqlarını deyir: “İlkin təşəbbüs göstərib. Hansı şüarla çıxış edəcəklərinə də özləri qərar veriblər”.

 

 

 

XI sinfin ən fəal şagirdlərindən biri ismayıl Məmmədquliyev Ağdam sakinidir: “Sinif yoldaşım İlkin və mənim təşəbbüsüm idi. Hesab etdik ki, bayraq günündə sakit yürümək məqsədəuyğun olmaz. Əgər yürüşdə mahnı oxuyar, ruh yüksəldən şüarlar səsləndirəriksə, daha böyük motivasiyaya nail ola bilərik. Əvvəlcə himnimizi səsləndirdik. Aşağı siniflərdən əzbərlədiyimiz bayraq haqqında şeirlər ifa etdik.  Bayraqla bağla maraqlı fikirlər tapıb dedik. Yoldaşlarımız da seçdiyimiz bu fikirləri xorla təkrarlayırlar. Daha doğrusu, İlkin deyir, hamımız təkrarlayırıq”.

 

İlkin Haqverdiyev “Bu gün bütün məktəbli dostlarımıza bir nümunə olmağa çalışdıq. Onlara göstərməyə çalışdıq ki, yumruq kimi birləşməliyik. “Bayraq mənliyimdi, bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim”, “Ölkəmiz türk ölkəsi, aşiq edər hər kəsi. Üstümüzdən əksilməsin üçrəngli bayrağımızın kölgəsi”, deyə arzuladıq, haykırdık”.

 

X sinif şagirdi Elvin Orucov isə deyir ki, “biz burdayıqsa nə bayraq enər, nə də vətən basılar”. 

 

Ağdam rayon 14 nömrəli Texniki fənlər təmayüllü lisey müəllim və yuxarı sinif şagirdləri ilə birlikdə bayraq yürüşünə qatılıb. Təhsil müəssisəsinin direktoru Zərif Mehtiyeva deyir: “Məktəb bir vəzifə olaraq vətənpərvər, dövlətinə və millətinə bağlı vətəndaş yetişdirməyi üzərinə götürüb. Bizim regionda vətənpərvərlik yüksək səviyyədədir. Bu, həm də sərhəd böləsində yaşamağımızla bağlıdır. Burada doğulub böyüyən hər kəs vətənpərvərdir. Hər birimiz bayrağa xüsusi hisslərlə bağlıyıq. Yaşından, işindən asılı olmayaraq hər kəs bayrağını da, dövlətini də, ərazi bütövlüyünü də qorumaq üçün savaşmağa hazırdır”.

 

Sosial-iqtisadi kollecin II kurs tələbələri də burdadır. Kollecdə fiziki tərbiyə ixtisası üzrə təhsil alan Elbəy İmanov deyir ki, bu mənzərəni telefonun yaddaşına köçürmək də o sıralarda yürümək qədər qürurvericidir: “Biz də bu yürüşün iştirakçılarıyıq”.

 

Ağdam şəhərindəki 97 nömrəli tam orta məktəb 26 müəllim və 40  şagirdi ilə yürüşə qatılıb. Məktəbin tədris işləri üzrə direktor müavini Şücaət Bağırovanın sözlərinə görə, şagirdlər arasında vətənpərvərlik hissləri çox yüksəkdir: “O qədər həvəslidirlər ki, yerlərində dura bilmirlər. Bu ruh yüksəkliyi ilə onlar çox güclü gələcək vəd edirlər”. 

 

Ağdam rayon uşaq və ailələrə dəstək mərkəzinin direktoru Yaqut Qəhrəmanova da rayonda yüksək bayram əhvali-ruhiyyəsinin olduğunu vurğulayır. Bu hisslər elə yüksəkdir ki, bir anda döyüş ruhuna çevrilə bilər: “İnsan az qalır bayraq meydanını da keçib getsin. 5-6 kilometr sonra ermənilərlə təmas xəttidir. Bu ruhla biz o təmas xəttini müqavimətsiz keçərik”.

 

Dünən gerçəkləşən  yürüş bayram əhvali-ruhiyyəsi yaratdı. Sadəcə bayram əhvali-ruhiyyəsimi? Dalğalanan dəniz kimi meydanı rəngləndirən üçrəngli Azərbaycan bayrağı ürəklərdə, düşüncələrdə döyüş ruhu da yaratdı. Təbii ki, insanların Quzanlı qəsəbəsindəki möhtəşəm Bayraq meydanından cəmi 5 kilometr məsafədə olduğunu bilməsi də öz sözünü dedi.

 

Bayraq Meydanından cəmi 5 kilometr sonra ermənilərin işğal etdiyi Baş Qərvənd ərazisi başlayır. Yürüşün yaxın illərdə Bayraq meydanında bitməyəcəyi, əksinə burdan başlayacağına ümid yarandı. Baş Qərvəndə yürüməyə hazır minlərlə insan Bayraq meydanına çatsa da, durmaq istəmirdi. Hisslər elə coşmuşdu ki, təmas xəttinə qədər yürüyə bilərdilər...

 

Ruhiyyə DAŞSALAHLI



08.11.2019 | 09:00