“Nə yaxşı ki, Çin dilini öyrənmişəm” | |
Çində keçirilən “Çin Körpüsü-12” beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil edən IX sinif şagirdi Xədicə Əsgərova 81,67 bal toplayaraq, Çində altı ay təqaüdlü təhsil almaq imkanı əldə edib.
Məlumat üçün bildirək ki, bu müsabiqə hər il keçirilir və Çin dövlətinin təsis etdiyi “Çin dilini öyrən və öz gələcəyini qur” devizi altında baş tutur. Dünyanın 105 ölkəsindən 123 məktəblinin qatıldığı bu tədbirdə təmsilçilik haqqını Azərbaycandan məhz Xədicə Əsgərova qazanmışdı.
Yasamal rayonu, 53 nömrəli tam orta məktəbin şagirdi X.Əsgərova Çindən yenicə qayıdıb.
- Final haqqında düşüncələrin, bu, necə bir mərhələ idi? - Maraqlı və çətin. Dünyanın dörd bir tərəfindən gəlmiş insanlarla bir arada olmaq necə bir hiss olar-sevincli, həyəcanlı. Sevinirsən, çünki nə qədər ölkələrdən insanlar görürsən, dostlar qazanırsan. Çətin, çünki rəqiblərin çoxdur. Birinci yeri İtaliya məktəblisi qazandı. Amma mənim göstərdiyim nəticə də aşağı olmadı, 81,67 bal topladım, Çində təhsil almaq şansını əldə etdim. Bu təhsil altı ay müddətində olacaq və mənə Çin tərəfindən təqaüd veriləcək.
- Bacarıqlar konkret hansı parametrlərdə nümayiş olunur? - Müsabiqədə əsas ballar 4 mərhələyə görə verilirdi: Danışıq. Çinin tarixi, ədəbiyyatı, coğrafiyası. Çay, yemək mədəniyyəti üzrə kompyüterdən keçirilən beş səsli, 45 yazılı suallardan ibarət imtahan. Çin mədəniyyətini təmsil edən performans və üzbəüz sual- cavab. Sonda uşaqların topladığı ballar cəmlənir və 100 ballıq sistemlə qiymətləndirilirdi. Balı 75-dən yuxarı olan uşaqlar Çində təhsillə təmin olunur. Təşəkkür edirəm, Konfutsi İnstitutuna ki, mənə uzaq Çinə gedib çıxmağa şərait yaratdı. Onların ölkəmizdəki mərkəzləri Azərbaycan məktəblilərinin də bu layihədə iştirakını təmin edir. Belə ki, bu ilin may ayında Azərbaycan Dillər Universitetində 3 mərhələ üzrə həyata keçirilən seçim turunda qiymətləndirilmə zamanı Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun şagirdi kimi mən I yerə layiq görüldüm. Buradan da finala yolum açıldı.
- Bəs, niyə Çin dili? Həmyaşıdların ingilis və rus dilini öyrənməkdə çətinlik çəkərkən, Çin dilinə yiyələnmək doğrudanmı belə asan oldu. Bildiyimə görə, 3 ilə öyrənmisən... - Bəli, 3 il məşğul olmuşam... Dil öyrənməkdə ən böyük dəstəyim anam olub. Türklərlə, onların dili ilə yaxın olduğumuzdan gələcəkdə bu dili bütün incəliyi ilə rahatca öyrənəcəyimi iddia edəndə, anam qarşı çıxdı. Dedi, bu dil onsuz da rahatdır, sən rus dilini öyrən, ingilisi öyrən.
Azərbaycanda əhalinin əksəriyyəti rus dilini bilir, ingilis dili genişlənir, ünsiyyət sənə rahat olacaq və s. məsləhətlər. Çində rus və ingilis dillərinin əhəmiyyətini daha çox hiss etdim. Rus dilində ruslar, ukraynalılardan başqa, Özbəkistan Tacikistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan və bəzi Avropa ölkələrinin nümayəndələri ilə də asanlıqla ünsiyyət qura bildim... Zaman-zaman ingilis dilinə meyllənirdim, daha sonra çin dili xoşuma gəldi. Əvvəl-əvvəl bir az çətin oldu, sonra rahat. Dildə yalnız qrammatika öyrənmək yanlışdır. Düzgün danışığı öyrənsək, qrammatikanı da şüuraltı bilmiş olarıq... Çində otaq yoldaşım Karadənizli bir qız idi. Türk dilində onun ləhcəsi ilə danışmağa başladım. Ona maraqlı gəldi və bu, aramızdakı dostluğu daha da möhkəmləndirdi.
Yəni, bir xarici dil bildikdə, ikincini öyrənmək həm rahat, həm də daha effektli olur. Konkret Çin dilini öyrənmək çalışqanlıqdan əlavə, böyük həvəs və istək tələb edir. Özümüzə güvəndikdən sonra bacara bilməyəcəyimiz iş yoxdur.
- Çin necə bir ölkə... sənə görə? - Deyə bilərəm ki, maraqlı. Əslində, Çinə gedəcəyimi eşidəndə sevindim, ona görə ki, Azərbaycanı təmsil etməklə yanaşı, oranı yaxından görəcəkdim. Mədəniyyəti, təbiət maraqlıdır. Pekində, İmperator saray kompleksi Quqonda olduq. Quqon haqqında məlumatlı idim, lakin hər bir sarayın üzərindəki kiçik əjdahanın orada yaşayan imperator sayını göstərdiyini öyrənmək mənim üçün təəccüblü idi. Çünki burada çoxlu saray var, hərəsinin üzərində ən azı 3 əjdaha heykəli... Çin səddi məni valeh elədi. Xüsusən pilləkənlər. Bir-birinə bənzəməyən pilləkənlərin necə tikildiyi hələ də müəmmalıdır. Zhinzhou şəhərindən Çinin anası olan Xuanxe çayı keçir. Mənası “sarı çay” deməkdir. Çay Löss laylasından keçəndə gilli süxurları dağıdıb parçalayaraq özü ilə aparır və rəngi daim sarı olur. Bu da ilginc idi. Şəhərdə yerləşən Şaolin məbədi 495 -ci ildə tikilməyinə baxmayaraq, üzərindəki bəzəkləri aydın görmək olurdu. Çini bütün dünyada tanıdan Konfo sənəti məhz həmin məbəddə yaranıb. Bax, bütün bunları yaxından görmək adamı valeh edir. Deyirəm, nə yaxşı ki, Çin dilini öyrənmişəm. Müəllimələrim də deyir ki, sən artıq yolunu tapmısan. Bu, elə sənin üçün gələcəkdə ən yaxşı sənət, məşğul olacağın ən gözəl iş olacaq.
V.Allahverdiyeva |
|
05.11.2019 | 14:45 | |
|
|
|