«Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” | |
Səbail Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” Respublika elmi konfransı keçirilib. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı müxtəlif dövlət qurumların nümayəndələri, Milli Məclisin üzvləri, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP-ın Səbail rayon təşkilatının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları ADPU-da xalqımızın ümummilli lideri Heydər Əliyevin heykəli önünə gələrək xatirəsini ehtiramla yad edib, önünə əklil və tər çiçəklər düzüblər.
Konfransda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Təbiidir ki, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir Azərbaycan dövləti də olmazdı. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli olmuşdur.
İcra başçısı vurğulayıb ki, qədirbilən xalqımız dahi şəxsiyyətin ölkəmizin inkişaf və tərəqqisi üçün gördüyü işləri yüksək qiymətləndirir və buna görə də ulu öndərin 95 illik yubileyi Azərbaycanın hər yerində ümumxalq bayramı kimi qəbul olunur.
YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurları və gələcək perspektivləri barədə danışıblar. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan son illər möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Ulu öndərin müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlətimizin bugünkü böyük uğur və nailiyyətlərinin əsas təminatçısıdır.
Konfransda ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov “Heydər Əliyev və Azərbaycanda elmi potensialın inkişafı”, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov “Heydər Əliyev və Azərbaycanda milli-pedaqoji fikir tarixinin tədqiqi” mövzularında məruzə ediblər.
Sonra konfransın bölmə iclasında məruzə və müzakirələr dinlənilib. Universitetin professor və müəllimləri ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin, həmçinin idmanın inkişafındakı rolu ilə bağlı maraqlı və məzmunlu çıxışlar ediblər.
Sonda konfrans iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunub, konfransdakı məruzələrin işlənərək kitab şəklində buraxılması qərara alınıb.
|
|
01.05.2018 | 15:16 | |
|
|
|