“Beynəlxalq Astronavtika Konqresində iştirakdan sevincliyəm”

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb.

 

Azərbaycan builki Beynəlxalq Astronavtika Konqresində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinin tərkibində Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasının magistrantı Ramil Şükürov də var.

 

Mötəbər beynəlxalq tədbir barədə fikirlərini bölüşən Ramil Şükürov bildirib ki,  bu konqresin iştirakçısı olduğu üçün çox sevinclidir:

 

-Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasında Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un böyük əməyi var. Bu konqres Azərbaycanın turizm sektoruna öz müsbət təsirini göstərməklə yanaşı, ölkəmizin adət- ənənələrini, tarixini və həqiqətlərini dünyaya bir daha nümayiş etdirməyə imkan yaradacaq. Müsbət təsirlərə kosmik sahənin sürətli inkişafı və bu sahədə əlaqələrin genişləndirilməsi faktorunu da əlavə etmək olar.

 

R. Şükürov konqresə dünyanın bir çox universitetlərindən tələbələr qatıldığını və kosmosun gələcəyi ilə bağlı keçirilən müxtəlif texniki sessiyalarda iştirak etdiyini də bildirib.

 

Məlumat üçün bildirək ki,  68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri  və ən son innovasiyaları izləmək fürsəti əldə edir.



04.11.2019 | 15:10