Təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri | |
Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq təbliğat-təşviqat və maarifləndirmə tədbirləri davam etdirilir.
Təhsil Nazirliyinin struktur qurumları və Baş Dövlət Yol Polisi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən növbəti belə tədbir Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə baş tutub.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramın”da qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat verib. Mübariz Ağayev bu sahədə həyata keçirilən tədbirlərin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. Mübariz Ağayev yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov da çıxış edərək rəhbərlik etdikləri müəssisələrdə mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkil edildiyini bildiriblər. Onlar bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verdiklərini qeyd ediblər.
Tədbirdə məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunub.
|
|
01.11.2019 | 17:34 | |
|
|
|