Ümumi pedaqogika: zəngin nəzəriyyə və təcrübə mənbəyi

Pedaqogika elmləri doktoru, professor, akademik Yusif Məmmədəliyev, akademik Mehdi Mehdizadə mükafatları laureatı, Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü Fərahim Sadıqov yüzdən artıq kitabı, mindən artıq elmi məqalələri, Avropanın, Asiya və Amerikanın təhsil müəssisələrində apardığı çoxillik tədqiqatları, eləcə də beynəlxalq konfranslardakı çıxışları ilə pedaqoji fikir tariximizə dəyərli töhfələr verən alimdir. Belə bir alimin məhsuldar bir  tədqiqatçı olmasını isə daha çox qabartmalıyıq.. Onun rəhbərlik etdiyi “Pedaqogika”  jurnalındakı fəaliyyəti də yüksək tədqiqatçılıq səriştəsinə malik olmasından xəbər verir. “Pedaqogika” jurnalında çap olunan elmi məqalələrin müstəqillik dövrümüzün ən aktual tələblərinə cavab verməsini də Fərahim müəllim yüksək tədqiqatçılıq səriştəsinin məhsulu kimi dəyərləndirilməlidir. Yorulmaz və məhsuldar tədqiqatçı kimi tanıdığımız professor Fərahim Sadıqovun yeni bir sanballı əsərinin, 852  səhifədən ibarət olan dərs vəsaitinin işıq üzü görməsini də pedaqogika elminin nailiyyətlərindən biri kimi qiymətləndirməliyik. İlk dəfə olaraq ölkəmizdə “Ümumi pedaqogika” adı altında nəşr olunan bu dərs vəsaitini pedaqoji fikir tariximizi zənginləşdirən bir əsər kimi təqdir etməliyik.

 

Professor Fərahim Sadıqovun “Ümumi pedaqogika”(Bakı,”Maarif”nəşriyyatı, 2018, 852 səh.) kitabı zəngin nəzəriyyə və təcrübə mənbəyidir. Pedaqoji məzmunu didaktik dəyəri və tərbiyəşünaslıq baxımından zənginliyi ilə seçilən kitabın elmi redaktorunun fikirlərindən, rəyçilərin kitaba verdikləri dəyərlərdən məlum olur ki, kitab ali məktəbin bakalavr və magistr pilləsinin tələbələri üçün layiqli tədris vəsaiti olmaqla yanaşı, elmi işçilərin, doktorantların, dissertantların əsl bilik mənbəyidir. Elmi redaktoru Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənli, rəyçiləri Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Akademiyasının akademiki Fərrux Rüstəmov, pedaqogika elmləri doktoru, professor Akif Abbasov, psixologiya elmləri doktoru, professor Ramiz Əliyev, professor Seyran Mirzəyev kimi alimlərin olması bu kitabın sanbalından xəbər verir.

 

Kitabda sinergetik dövr üçün səciyyəvi olan vətəndaş qloballaşmasının baş verdiyi bir şəraitdə pedaqogikanın nəzəri və  təcrübi cəhətdən məzmununun formalaşdırılmasına, təkmilləşməsinə, müasir tələblər baxımından yanaşmaların zəruriliyini haqlı olaraq müəllif diqqətdə saxlamışdır. Özünün girişdə qeyd etdiyi kimi, “Azərbaycanda ilk dəfə olaraq “Ümumi pedaqogika” adı altında dərc olunan dərs vəsaitində pedaqogikanın bir sıra sahələri, o cümlədən  “Məktəbəqədər pedaqogika”, “Məktəb pedaqogikası”, “Ali məktəb pedaqogikası”, “Müqayisəli pedaqogika” və “Pedaqogika tarixi” bölmələri sistem halında öz əksini tapmışdır”. Yazının “Ümumi pedaqogika:zəngin nəzəriyyə və təcrübə mənbəyi” adı altında verilməsində müəyyən qanunauyğunluq vardır. Müəllif qeyd olunan bölmələri mövcud mənbələrə peşəkarcasına istinad etməklə, ən mühüm elmi əsaslara söykənməklə, uyğunsuzluqları və onların aradan qaldırılmasına nail olmaqla, insan şəxsiyyətinin formalaşmasına təsir edən müəyyən dinamikanın yaranmasına təminat vermiş olur.

 

Birinci bölmədə yer alan “Məktəbəqədər pedaqogikanın ümumi məsələləri” ilə bağlı verilən təhlillər əsl həqiqəti üzə çıxarmağa  xidmət edir. Hər hansı dəyişikliyin onu ifadə edən anlayışın mahiyyətinin dəqiqliyi ilə ifadə olunması, nəzəri və təcrübi proseslərin əsasını təşkil edir. Müəllifin “Məktəbəqədər pedaqogika” ifadəsi ilə əlaqədar araşdırdığı 50-dən çox ədəbiyyatda fikir müxtəlifliyini müəyyən edib, səbəblərini üzə çıxarıb vahid məxrəcə gəlməsi, pedaqoji elmlər sisteminin keyfiyyətcə inkişafına kömək deməkdir. Məsələ ilə bağlı müəllifin fikirlərindən bəzi məqamları diqqətə çatdırmağı məqsədəuyğun sayırıq: “...90-cı illərin sonuna qədər respublikamızda “Məktəbəqədər pedaqogika”  adı altında heç bir dərslik və dərs vəsaiti çap olunmadığı üçün bu ifadəyə münasibət bildirən mütəxəssislərin, demək olar ki, hamısı keçmiş SSRİ məkanında çap olunmuş ədəbiyyata istinad etmişlər...”,  “...respublikamızda hazırlanan “Uşaq bağçasında tərbiyə proqramı”, “Uşaq bağçasında tərbiyə və təlim proqramı” adı altında çap edilmiş ədəbiyyatların heç birində “Məktəbəqədər pedaqogika” ifadəsi işlədilmir və məsələyə məktəbəqədər pedaqogika sferasından yanaşılmır”(Bax.s.5). Müəllifin problemə belə dərindən yanaşması onun bu problemə yaxından bələd olması ilə izah edilməlidir.

 

Məktəbəqədəryaşlı uşaqların milli tərbiyəsi, ətraf mühitin qorunması, musiqili-didaktik və müxtəlif oyunların təşkili formaları ilə əlaqədar pedaqoji məsələlər  nəzəriyyə və təcrübənin vəhdəti kontekstində təqdim olunmalıdır.  Məhz belə olduğu təqdirdə, müəllifin dili ilə desək, məktəbəqədər pedaqogika sahəsində aparılan səmərəli tədqiqatlar uşaqlar üçün əsl töhfədir.

 

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, professor Mircəfər Həsənovla həmmüəllif olduğum “Məktəbəqədəryaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili” (Bakı, “Nasir” nəşriyyatı, 2001, 200 səh.) adlı metodik vəsait haqlı olaraq danışılan məsələyə  verilən töhfə kimi dəyərləndirilə bilər.

 

Pedaqogika tarixinə girişdə (ikinci bölmə) professor F.Sadıqov çox maraqlı bir ümumiləşmə apararaq qeyd edir ki, “Azərbaycanda pedaqoji fikrin görkəmli nümayəndələri çoxdur. Onları bir ordu şəklində təsəvvür etsək, onda ən azı Məhəmməd Peyğəmbərdən ulu Nizamiyədək, Nizami Gəncəvidən də hazırda fəaliyyət göstərən tanınmış pedaqoji elmlər doktorlarına qədər yüzlərlə şəxsiyyətin adını çəkmək və xidmətlərini qeyd etmək lazım gələr” (Bax. səh.53).

 

Müəllif görkəmli pedaqoq alim Əhməd Yusif oğlu Seyidov birinci olmaqla otuz iki şəxsiyyətin pedaqogika tarixində özünəməxsus yaradıcı əməyi olanlar barədə qısa informasiya verməklə, daha yaxından  tanıtdırmaqla bu sahədə olan yaxşı ənənənin qorunub saxlanılmasına nail olur. Kitabda Ə.Seyidovdan sonra professor F.Rüstəmov kimi görkəmli alimin rəhbərliyi ilə pedaqogika tarixinə dair aparılan tədqiqatların etibarlı əllərdə olması faktını stimullaşdırıcı, örnək faktlar kimi dəyərləndirmək lazımdır.

 

Məktəb pedaqogikası və pedaqogikanın ümumi məsələləri (üçüncü bölmə) ilə əlaqədar daxil edilən mövzulara nəzəri və təcrübi baxımdan verilən elmi şərhlər mütəxəssislər tərəfindən böyük maraqla qarşılanır. Çünki həmin şərhlərdə müəllifin yüksək elmi erudisiyasına əsaslanan ümumiləşdirmələr yer alır.

 

“Ümumi pedaqogika” kitabının məzmununa daxil edilən, şəxsiyyətlə bağlı məsələlərin həllinə yönələn amillərin tərbiyədə rolu, interaktiv təlim üsullarından istifadə, pedaqoji texnologiyalar, müəllim kadrların hazırlığı və onların həlli yolları, distant təhsil və bu kimi digər mövzuların şərhi “özünü tanı” mesajının aktuallığına dəlalət edir.

 

Tərbiyəşünaslıqla (dördüncü bölmə) əlaqədar bölmədə təsbit olunan “Heydər Əliyev irsində ideya-siyasi tərbiyə və pedaqoji prosesdə ondan istifadə” mövzusu barədə müəllifin fikri metodoloji səciyyə daşıyır. “Heydər Əliyev irsi məzmununa görə, elə möhtəşəm fövqəltəbii və zəngin irsdir ki, ondan bütün təlim-tərbiyə müəssisələrində istifadə olunması, yetişən nəslin nəinki ideya-siyasi tərbiyəsi, hətta onların hərtərəfli dünyagörüşə malik vətəndaşlar kimi yetişməsi üçün çox dəyərli bir həyat məktəbidir”(Bax. s.398).

 

Müəllif əmək tərbiyəsi anlayışı, onun məzmunu, dərsdənkənar tədbirlərdə məktəblilərə işgüzarlıq keyfiyyətlərinin aşılanması yolları ilə əlaqədar klassiklərin yaradıcılığına və mütəxəssislərin fikirlərinə elmi təhlil verərək  orjinal münasibət formalaşdırmaqla məsələnin məntiqi cəhətdən mahiyyətini dəyərləndirmişdir.  İşgüzarlıq tərbiyəsini əmək tərbiyəsinin ən zəruri vasitəsi və tərkib hissəsi kimi elmi pedaqogikaya gətirən professor Fərahim Sadıqov onun elmi, pedaqoji, didaktik mahiyyətini də sistem halında şərh etməyə müyəssər olmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bağlı 24 oktyabr 2013-cü il tarixli sərəncamı   ölkə başçısının təhsilə göstərdiyi ardıcıl diqqət və qayğısından, “maddi kapitalın insan kapitalına çevirmək”  ideyasından qaynaqlanır. Strategiyada qeyd edilir ki, “İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir”. F.Sadıqovun “Ümumi pedaqogika”sında “İqtisadi tərbiyə” başlığı altında verilən bölmədə əmək tərbiyəsinin işgüzarlıq mühitində iqtisadi imkanlardan istifadənin pedaqoji əsaslarının yer alması məhz bu baxımdan təqdirəlayiq hal kimi dəyərləndirilməlidir.

 

Kitabın beşinci bölməsində təsbit olunan “Məktəbşünaslıq” ənənə və müasirlik baxımından maraq doğurur.

 

Müəllif qeyd edir ki, “Məktəbşünaslıq keçmiş sovetlər məkanında məktəbin idarə olunmasından bəhs edən metodik iş kimi məhdud bir çərçivədə öyrənilirdi. Hazırda ölkəmizdə həyata keçirilən təhsil islahatlarının tələblərinə uyğun olaraq məktəbin idarə olunması dünyəvi təhsilin, Avropa təhsil sisteminin aparıcı ideyalarına istinad edilərək həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur” (Bax.s.569).

 

Kitabın altıncı bölməsində “Müqayisəli pedaqogikanın predmeti”, “Müqayisəli pedaqogikanın əsas inkişaf mərhələləri”, “Müqayisəli pedaqogikanın metodoloji əsasları”, “Müqayisəli pedaqogikanın məqsədi və əsas vəzifələri”, “Müqayisəli pedaqogikanın tədqiqat üsulları”, “Müqayisəli pedaqogika tədris predmeti kimi” mövzuların məzmunu  ən dəyərli mənbə olub pedaqoji kadrların hazırlanmasında əhəmiyyətli rolu vardır.

 

Həmin bölmədə “Amerika təhsilinin Azərbaycan təhsili ilə müqayisəsi” başlığı altında verilən tədqiqat xarakterli materialda müvafiq qanunauyğunluq əsasında problemin mahiyyətinə yanaşmaqla, müəllif  reallıqları üzə çıxarmış olur.

 

Kitabın sonuncu bölməsi “Korreksiya pedaqogikası”na aid olan məsələlərdən bəhs olunur. Müəllifin keçən illərdə  “Korreksiya pedaqogikasının bəzi məsələləri” barədə mətbuatda çap etdirdiyi məqalədə verdiyi məntiqi fikirləri kitabda təlim materialı kimi yer almışdır. 

 

Professor Fərahim Sadıqovun gərgin intellektual əməyinin məhsulu olan “Ümumi pedaqogika” adlı dərs vəsaiti barədə bəzi cizgiləri diqqətə çatdırdıq ki, marağı olanlar üçün xeyirxahlıq nümayiş etdirək. Mahiyyətini dərindən dərk edib faydalanmaq, səbəbkarın məhsuldar əməyini dəyərləndirmək mütəxəssislərin işidir.

 

Şahrza AĞAYEV,

pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nin dosenti, Qabaqcıl təhsil işçisi



03.11.2019 | 10:08