“Müəllimlik peşəsini seçməkdə ilk yol göstərənim anam olub” | |
İradə Təhməzova 1980-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Qaradağ rayonunun 106 nömrəli tam orta məktəbini bitirib. Həmin il Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub. 2002-ci ildə bakalavriat pilləsi üzrə təhsilini başa vurub.
Hazırda Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində kimya müəllimi işləyir. Onun dərs dediyi şagirdlər hər il olduğu kimi, bu il də kimya fənnindən yüksək bal toplayaraq respublikanın ali məktəblərinə qəbul olub. Pedaqoji uğurları ilə fəxr edən İradə xanımın fikir və təəssüratlarını öyrənmək üçün onunla müsahib olduq.
- İradə xanım, ali məktəbə qəbul imtahanı verdiyiniz vaxtda keçirdiyiniz hissləri necə xatırlayırsınız? - Maraqlı sualdır. Bütün abituriyentlər kimi mən də həyəcanlı idim. Amma düzünü deyim ki, həm də özümə çox arxayın idim. Ümid edirdim ki, qəbul imtahanında yüksək bal toplayacağam. Nəticədə belə də oldu.
- Müəllimlik peşəsinə sizdə maraq hardan yaranıb? Başqa peşə sahibi də ola bilərdiniz? - Sizinlə razıyam, nə çox peşə... Amma müəllimlik peşəsini seçməkdə ilk yol göstərənim anam olub. O, orta məktəbdə təqaüdə çıxana kimi biologiya müəllimi işləyib. Mənə həmişə deyirdi ki, qızım, müəllimlik peşəsi ən şərəfli, müqəddəs peşədir. Bu peşəni seçsən heç vaxt peşman olmazsan.
- O vaxtdan artıq 11 il keçir. Pedaqoji fəaliyyətinizdə hansısa gün, yaxud şagirdlərlə ilk dərs yaddaşınızda necə qalıb? - Müəllimlər otağında məni məktəbin direktoru qarşıladı. O vaxt məni pedaqoji kollektivə təqdim edəndə belə bir söz dedi: “İradənin bizim məktəbə gəlişi məni çox sevindirir. Çünki onun anası da peşəsini sevən bir müəllim idi. İnanıram ki, İradə xanım da belə olacaq”.
O gündən pedaqoji kollektivin, xüsusilə direktorun bu etimadı və anamın müəllim olmağı mənim üzərimə çox böyük məsuliyyət qoydu.
...İlk dərsim də maraqla qarşılandı. Şagirdlərimin ürəyinə yol tapa bildim.
- Pedaqoji fəaliyyətinizdə qazandığınız nailiyyətlər barədə nə deyə bilərsiniz? - Mən müəllim işləməklə bərabər, bir müddət Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi komissiyasında ekspert olmuşam. İndi isə dərsliklərin qiymətləndirilməsi şurasının üzvüyəm. Müəllimlərin işə qəbulunda da ekspert kimi fəaliyyət göstərirəm.
- Müəllim işləyə-işləyə bu qədər vəzifələri necə yerinə yetirirsiniz? - Gözləyirdim ki, belə bir sual verəcəksiniz. Doğrusu, mən öz peşəmi çox sevirəm. Heç vaxt yorulmuram. Hələ bu işləri yerinə yetirməklə bərabər, DİM-də marker müəllimiyəm.
- Orta məktəb səviyyəsində kimyəvi bilik və bacarıqlara yiyələnmək bizim hər birimizə nə verə bilər? Ümumiyyətlə, kimya fənninin əhəmiyyəti nədən ibarətdir? - Müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatının inkişafında kimyanın rolu böyükdür. Müasir kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq, energetika kompleksləri, metallurgiya, nəqliyyat, rabitə, tikinti, elektronika, məişət, xidmət sahələri və s. inkişaf edə bilməz. Kimya sənayesi xalq təsərrüfatını müxtəlif kimyəvi məhsullarla təmin edir. Bir çox sənaye sahələrində kimyəvi metodların tətbiqi əvəzedilməzdir. Məsələn, metalların korroziyadan qorunması, istehsal proseslərinin sürətləndirilməsi üçün kimyəvi maddələrdən istifadə edilməsi, maddələrin kimyəvi emalı və s. Hazırda mövcud olan təhsil proqramı müəllimlərdən təhsilalanın daha yaxşı motivasiya olunması və kimya fənninə marağın artırılması üçün fənnin tədrisini daha aktual etməyini tələb edir.
- Şagirdlərin diqqətini və marağını cəlb etmək üçün dərsin maraqlı qurulmasında müxtəlif üsul və vasitələrdən necə istifadə edirsiniz? - Mən dərslərimdə mövzunu tam əhatə etmək üçün şagirdlərimlə bir sıra stolüstü oyunlar təşkil edirəm. Şagirdlər həm əylənirlər, həm də öyrənirlər. Dərs prosesi ilə yanaşı, dərsdənkənar məşğələlər, dərnəklər və fakültativ kurslarda da şagirdlərlə ekoloji böhranla, külli miqdarda məişət tullantılarının canlılara verdiyi fəsadlarla bağlı müxtəlif istiqamətlərdə söhbətlər aparıram. Mövzu ilə əlaqədar şagirdləri yazı və nitq bacarıqlarının formalaşması istiqamətində referat və esselərin hazırlanmasına cəlb edirəm.
- Sonda müəllim olmaq istəyənlərə gənc müəllim kimi nə tövsiyə edərdiniz? - Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür.
Müəllimlərimiz öz fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun quraraq elə işləməlidirlər ki, yetirmələri ilə fəxr edə bilsinlər.
Aysel TAHİROVA, Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
02.11.2019 | 09:02 | |
|
|
|