ADPU-da Elmi Şuranın iclası olub | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirilib.
Universitetin pektoru, professor Cəfər Cəfərov qeyd edib ki, ölkə rəhbərliyinin Azərbaycanda formalaşmaqda olan yeni elmi istiqamətlərin inkişafına xüsusi önəm verməsi, elmə, təhsilə göstərdiyi diqqət və qayğısı təhsil müəssisələrinin hər birinin üzərinə böyük məsuliyyət qoyur.
C.Cəfərov Moskva və Vaşinqton səfərlərindən danışaraq, hər iki səfərin ADPU-nun inkişafı üçün çox faydalı olacağını nəzərə çatdırıb.
“ADPU-da tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülmüş işlər və vəzifələr haqqında” prorektor, dosent Eldar Aslanov hesabat məruzəsi ilə çıxış edib. O, Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) üzrə işlər, davamlı inkişaf üçün təhsil sənədi üzrə işlər, YUNESKO-nun 2017-ci ildə qəbul etdiyi davamlılıq üçün əsas kompetensiyaları haqqında məlumat verib.
“2020-ci ildə ADPU-da keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi konfranslar haqqında” elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxış edib. Professor çıxışında xarici ölkələrin, həmçinin Azərbaycanın müvafiq universitetləri və elmi-tədqiqat institutları ilə birgə “İnklüziv təhsil: reallıqlar, çağırışlar, perspektivlər”, “Yeni pedaqoji yanaşmalar: reallıqlar və tələblər”, “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”, “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”, “Qeyri-müəyyənliklər şəraitində qərarların qəbul edilməsi problemləri”, “Qori Müəllimlər Seminariyası və Azərbaycanda təhsil”, “Regionlarda ali təhsil: reallıqlar, perspektivlər”, “Müəllim peşəkarlığı: ənənələr və innovasiyalar”, “Fizika-riyaziyyat təhsili: reallıqlar, tələblər” mövzularında ADPU-da 2020-ci ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi konfranslar barədə məruzə edib.
Elmi Şura professor A.Zamanovun məruzəsinə əsasən, 2020-ci ildə adıçəkilən mövzularda konfransların keçirilməsinin vacibliyini nəzərə alaraq, bu barədə Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılmasını məqsədəuyğun hesab edib.
Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.
Elmi katib, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Qasımova cari məsələlər barədə məlumat verib. Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda rektor C.Cəfərov Elmi Şurada qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verib. |
|
01.11.2019 | 17:22 | |
|
|
|