“Brexit”dən sonrakı həyat | |
Oktyabrın 28-də Avropa Birliyinin 27 ölkəsi Böyük Britaniyanın xahişi əsasında bu ölkə üçün qurumu tərk etmə prosesinin son gününü yanvarın 31-dək ertələmək qərarını qəbul etdi. Əvvəlki son tarix oktyabrın 31-i idi. Krallığın baş naziri Boris Conson “Brexit”in mümkün qədər tez baş verməsinin tərəfdarı olsa da, parlament ölkədə az qala bütün fəaliyyət sferalarına təsir edəcək böyük geosiyasi prosesin tələsmədən həyata keçirilməsinin vacibliyini bildirmişdi. Məhz bu səbəbdən AB də Britaniyanın istəyinə müsbət cavab verdi.
“Brexit”, yəni Böyük Britaniyanın AB ilə vidalaşması bütün Avropa üçün yeni tarixin başlanğıcı deməkdir. Maliyyə əməliyyatlarından tutmuş qlobal siyasi proseslərə reaksiyayadək. Britaniyanın özünə gəldikdə, bu dəyişiklik ölkə daxilində insan fəaliyyətinin bütün istiqamətlərinə, o cümlədən bizim üçün maraqlı olan təhsil və əmək bazarının formalaşmasına təsirsiz ötüşməyəcək. Sirr deyil ki, hazırda krallıq dünyanın əsas biznes mərkəzlərindən biri, bəlkə də birincisidir. Dünyanın hər bir yerindən müxtəlif təmayüllü mütəxəssislər Britaniyada işləmək arzusundadırlar. “Dumanlı albion”un ali və orta məktəbləri bütün reytinqlərdə ön yerləri tuturlar. Əgər indiyədək xaricdən gəlib Britaniyada təhsil almaq, yaxud burada əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün bir reallıq var idisə, “Brexit”dən sonra ciddi dəyişikliklərlə üzləşəcəkləri sirr deyil. Bəs hazırda vəziyyət necədir? Krallıq ərazisində məşğulluq problemini həll etmək istəyən əcnəbi vətəndaşlar hansı bürokratik mərhələlərdən keçməlidirlər?
İldə 30 min funt!
Britaniyada işləmək üçün tələb olunan standart viza forması “Tier2” (General) adlanır. Potensial işçinin bu vizanı alması üçün işəgötürənin müvafiq lisenziyası olmalıdır. İşlə təmin olunmaq istəyən şəxs üçün tutacağı peşənin əməkhaqqının lazımi həddə olması da digər şərtdir. 2019-cu ilin iyun ayına olan məlumata görə, Britaniyada 30 mindən çox şirkətin xarici işçini işə götürməyə icazə verən lisenziyası var. Bu işçilərin əməkhaqqı ixtisasından asılı olaraq təqribən 30 min funt həddində olmalıdır (ildə). Müqayisə üçün qeyd edək ki, Britaniyada təhsilini başa vurub tələbələr üçün nəzərdə tutulan “Tier4” vizasından “Tier2” vizasına keçid edən əcnəbi vətəndaşın işlə təmin olunmasında maaş həddi təqribən 19500 funtla məhdudlaşır (ildə).
Bundan əlavə, “Tier5” vizası da mövcuddur. Bu sənəd gənc mütəxəssislərə müvəqqəti işlə təmin olunmağa imkan yaradır. Əgər gənc maksimum üç il bundan əvvəl məzun olubsa və ən azı birillik təcrübə keçmək təklifinə malikdirsə, bu vizadan yararlana bilər. Yəni, əgər siz krallıq ərazisini tərk etmisinizsə, bu sənəd hesabına yenidən qayıdıb iş axtara bilərsiniz. Bu vizanın üstünlüyü həm də ondadır ki, şirkətlərin əcnəbiləri işlətmələri üçün lisenziyaya malik olmalarına ehtiyac yoxdur. Vizanın başqa “bonus”u ondan ibarətdir ki, ona malik olan şəxsin həyat yoldaşı da “dependant” statusuna əsasən iş axtara və təhsilə baş vura bilər. Ən əsası, yadda saxlamaq lazımdır: Britaniyaya turist vizası ilə gəlib iş axtarmaq qəti qadağandır. Bu halda həmin şəxs ölkədən deportasiya olunur. Yeganə istisna budur ki, əcnəbi şəxs işə qəbul üçün müsahibəyə gəlibsə, turist vizası keçərli hesab olunur.
Britaniyanın AB-dən çıxması müəyyən mənada qurum xaricindən olan şəxslərə dividendlər verəcək. Belə ki, məsələn, Azərbaycandan gedib krallıq ərazisində işlə təmin olunmaq istəyən şəxslə AB ölkələrindən olanların hüquqları arasında heç bir fərq olmayacaq. AB vətəndaşları da bizim kimi iş vizası almağa məcburdurlar. Prosesi asanlaşdıracaq daha bir amil isə “Resident Labour Market Test” prosedurunun ləğvi olacaq. Bu prosedurun əsas missiyası yerli əmək bazarının kadrlara ehtiyacının olub-olmamasını müəyyən etmək idi. Bu isə vizanın alınması üçün böyük əngəl sayılırdı. Bununla paralel olaraq təhsil səviyyəsi və peşə kvalifikasiyasına münasibətdə tələblər də yumşalacaq. Bakalavr və magistr pillələrini bitirən şəxslərə 6 ay ərzində iş tapmaq üçün icazə veriləcək. Artıq bu ildən Böyük Britaniyanın “Russel Group” assosiasiyasına daxil olan universitetləri əcnəbi məzunlara iş axtarmaq üçün 6 aylıq imkan yaradır. Ekspertlərin fikrincə, işlə təmin olunmaq üçün bu müddət kifayətdir. PhD-lər üçün bu müddət bir il olacaq. Ən əsası isə ehtiyac duyulan peşələrin siyahısına yenidən baxılacaq - istisna deyil ki, genişlənmə məqsədilə.
IT mütəxəssislərin nəzərinə
Böyük Britaniya Krallığı və İrlandiyada ən çox ehtiyac duyulan peşə IT sferasındadır. Bu səbəbdən bu sahənin mütəxəssisləri “Tier2” vizasını digərlərinə nisbətən asan əldə edə bilirlər. Özü də hətta iri şirkətdə işləmək üçün belə mütəxəssislərə ingilis dilini yüksək səviyyədə bilmək tələbi qoyulmur. Əsas odur lazımi biliklərin və təcrübən olsun. Ən tələb olunan istiqamətlər bunlardır: ərzaq menecmenti, sistemli idarəetmə, IT-arxitektura, 2D və 3D animasiya, videooyunların və təhlükəsizlik sistemlərin hazırlanması.
Britaniyada işləmək şansına tək texniki sahələrin təmsilçiləri malik deyillər. Bu yaxınlarda “Linkedİn”də dərc olunan 2332 açıq vakansiya içində texniki sahələr azlıq təşkil edir. Məsələn, “Facebook”, “Bloomberg”, “Amazon” və “TransferGo” rusdilli akaunt-menecerlər axtarışındadırlar. Bir neçə bank isə analitiklərə ehtiyac duyur. Son illərdə iri korporasiyalar yaxşı marketoloqlara ehtiyac duyurlar. Bu tendensiyanı çoxsaylı startaplar, orta və xırda biznesə də aid etmək olar. Sosial şəbəkələrdə lazım olan dijital-marketinq mütəxəssislərini “əl-əl gəzir”lər. Britaniyada HR, konsaltinq və layihə menecmenti sahələrinin mütəxəssisləri üçün də xeyli iş yeri mövcuddur.
Belə bir rəy formalaşıb ki, Britaniyada əcnəbilər üçün əmək vizasını əksər hallarda böyük şirkətlər açdıra bilir. Belə deyil. Statistikaya görə, xarici vətəndaşlara işləmək üçün viza alan şirkətlərin 60%-i 10-300 arasında əməkdaşı olanlardır. Əksinə, ekspertlər hesab edirlər ki, belə şirkətlər mütəxəssislərin bilik və bacarıqlarını daha yaxşı qiymətləndirirlər.
İş üçün ən asan yol - təhsil
Reallıq budur ki, bütün güzəşt və mümkün yumşalmalara baxmayaraq, təhsil Böyük Britaniyada məşğulluq problemini həll etməyin ən rahat və asan yoludur. Birincisi, təhsilini başa vuran şəxsin ölkəni tərk etmədən “Tier4” vizasını “Tier2”-yə dəyişmək imkanı var. Digər tərəfdən, işəgötürənin “Resident labour Market Test” keçirməsinə ehtiyac qalmır, çünki məzunlar bu məcburiyyətdən azaddırlar. Oxuya-oxuya iş yeri axtarmağın mühüm üstünlükləri var. Məsələn, əgər siz London və ya Mançester kimi iri şəhərlərdə oxuyursunuzsa, çoxsaylı netvorkinq tədbirləri, karyera sərgilər və tematik mühazirələrə baş vura bilərsiniz. Ən əsası, şirkətlər özləri mütəmadi olaraq əməkdaşlarını yaxşı mütəxəssis seçimi üçün ali məktəblərə ezam edirlər. Bu isə real şans deməkdir.
Kənar təşkilat və fondlar tərəfindən verilən qrant və təqaüdlərin mahiyyəti nisbətən fərqlidir. Adətən müəyyən kriteriyalar əsasında verilir. Tutaq ki, xüsusi ixtisaslar üzrə oxuyacaq etnik azlıqlara və s. Bununla belə, daha geniş imkanlar yaradan təqaüdlər də var. Məsələn, hökumətin təqdim etdiyi “Chevening” tələbənin təhsili və yaşayışını tam əhatə edə bilir. Bir şərtlə ki, təhsilini başa vuran şəxs minimum iki il müddətinə öz vətəninə qayıtmalıdır.
Britaniya işəgötürənləri üçün ideal rezüme və məzmunlu göndəriş məktubları çox vacibdir. Rezümelərdə bilik və bacarıqlar, təcrübə barədə səhih məlumat tələb olunur. Eyni zamanda, iştirakçısı olduğunuz xeyriyyə tədbirləri, məşğuliyyətiniz, idman və musiqi alətlərində ifa bacarığınız da qeyd olunsa, müsbət qiymətləndiriləcək. Ciddi şirkətlər işə götürmək istədikləri namizədin sosial şəbəkələrdəki statusları və profilinə diqqət yetirirlər. Arzuolunandır ki, qeyri-ciddi şəkillər profillərdən yığışdırılsın. CV mükəmməl ingilis dilində hazırlanmalıdır. Söhbət həm də “Linkedİn”dəki profildən gedir.
Hər bir insan öz taleyinin memarıdır. Bu yanaşmanı təhsil və peşə seçiminə də tətbiq etsək, gələcəyinizin sizdən başqa sahibi yoxdur. Britaniyada oxumaq və işləmək istəyən şəxslər üçün isə gələcəyə sahib olmaq yolunada “Brexit” pəncərəsi açılır. İstifadə edin. Oxuyun.
Rüstəm QARAXANLI
|
|
01.11.2019 | 10:28 | |
|
|
|