BANM-da Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilir | |
Aprelin 30-da Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Respublika elmi-texniki konfransının açılışı olub. Konfransda BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, münsiflər heyətinin üzvləri kimi digər ali təhsil müəssisələrindən nümayəndələr, BANM-ın professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın 10 ali məktəbindən tələbələr iştirak edib.
Tədbiri açan BANM-ın rektoru Elmar Qasımov artıq 6-ci ildir ki, keçirilən konfransın ulu öndər Heydər Əliyevin şəxsiyyətinə dərin hörmət və ehtiramın təzahürü olduğunu deyib. Bildirib ki, əsas məqsəd tələbələrin elmə olan maraqlarını, bilik və bacarıqlarını artırmaq, onlarda elmi-tədqiqat işləri aparmaq üçün maraq yaratmaq və bu sahədə tələbələr arasında bilik və bacarıqların mübadiləsini təmin etməkdir.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, gənclərin elm və təhsilə cəlb olunmasını dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Konfrans öz işini “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafı - 1969-2003-cü illər”, “Kimya mühəndisliyi”, “Fizika-riyaziyyat”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” adlı bölmələrdə davam etdirəcək. Konfransa həmin bölmələr üzrə 68 məruzə təqdim edilib. Bu məruzələrdən 35-i BANM-a, qalanı isə digər universitetlərə aiddir.
Mayın 2-dək davam edəcək konfransın yekun iclasında tələbələr tərəfindən hazırlanmış məruzələrin mükafatlandırılması olacaq. Mükafatlandırılma zamanı tələbələrə 1-ci və 2-ci dərəcəli diplomların təqdim olunması, eləcə də çıxışları ilə seçilmiş tələbələrə sponsorlar tərəfindən həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, konfransa SOCAR, SOCAR AQŞ, ABB, Avandsis Group, Schneider Electric, Emerson, Total, Statoil, Halliburton, Confidence Capital, BP, TP Engineering, Schlumberger kimi şirkətlər dəstək göstəriblər.
|
|
01.05.2018 | 10:58 | |
|
|
|