SDU-da riyaziyyat olimpiadası keçirilib

Bilik və biliyə əsaslanan təcrübə insanın həyatı boyu qazanacağı ən böyük sərvətidir. Biliyə aparan enişli-yoxuşlu yolu zəhmətkeş, əzmkar, iradəsi möhkəm olanlar, zəhmətə qatlaşmağı bacaranlar qət edə bilir. Qazanılan qələbə onu qazananların yaddaşında hər zaman ən xoş xatirə kimi qalır və onları daha böyük qələbələrə sövq edir.

 

Məhz bu nəzərə alındığındandır ki, Sumqayıt Dövlət Universitetində fənn olimpiadaları keçirmək artıq ənənə halını alıb. Aprelin 29-da növbəti  bilik yarışı keçirilib. Sumqayıt Dövlət Universiteti və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutmuş olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunub. “Bu günün şagirdi, sabahın alimidir” devizi altında keçirilən olimpiadada şəhər məktəblərinin IV-XI sinif şagirdləri iştirak edib. Olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşəyönümünün istiqamətləndirilməsi məqsədilə gerçəkləşib.

 

Yarışmada  Sumqayıt şəhərində fəaliyyət göstərən 37 tam orta məktəbdən  600 şagird iştirak edib. Olimpiadanın nəticələri bu həftə açıqlanacaq, qaliblər mükafatlandırılacaq.

 



01.05.2018 | 11:27