Bundestaqda beş ay təçrübə keçmək şansı

Alman Bundestaqının deputatı Yan Metslerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.

 

Məlumat üçün bildirək ki, qonaqların Bakıya səfəri  Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramında iştirak etmək üçün ən yaxşı azərbaycanlı iştirakçıları seçmək məqsədi daşıyır. 

 

ADU-nun rektoru, akademik Kamal Abdulla Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramını son dərəcə yüksək qiymətləndirıb: “Bu layihə ilə əlaqədar universitetdə müəyyən görüşlər keçirilib. Proqram yalnız ADU-da alman mədəniyyətini öyrənən tələbələr, müəllimlər arasında deyil, Azərbaycanın geniş ictimai, siyasi zümrələri arasında da məşhur proqrama çevrilir. Təbii ki, bu, Azərbaycan və Almaniya gənclərinin bir-birini daha yaxşı tanımasına, dünyagörüşünə, intellektual-mədəni səviyyələrinin daha da artırılmasına xidmət göstərən proqramdır. Almaniya Bundestaqında beş ay müddətinə təcrübə keçmək bir gənc üçün böyük şansdır. Mən inanıram ki, seçilən azərbaycanlı gənclər Almaniyada Azərbaycanı ləyaqətlə təmsil edəcəklər. Arzumuz ondan ibarətdir ki, gələn seçimlərdə gənclərimizin sayı artsın”.

 

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq proqramın üstünlüklərindən və əhəmiyyətindən söz açıb. Bildirib ki, proqram Alman Bundestaqı prezidentinin xüsusi himayəsi və Berlinin üç universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilır. O, həmçinin qeyd edib ki, bu proqram hər il ali məktəbi bitirən gənclərə Bundestaqın bir deputatının yanında çoxaylıq iş təcrübəsi keçərək parlamentar qərarvermə proseslərinə yaxından nəzər salmaq imkanı yaradır.

 

Sözügedən proqramın ötənilki iştirakçısı, ADU-nun məzunu Zaur Bəndəliyev təcrübə və təəssüratlarını bölüşüb.

 

Sonda təqaüd proqramından bəhs edən tanıtım çarxı nümayiş olunub. 



31.10.2019 | 10:56