Müəllim və tələbələr Nabranda | |
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllimlərindən ibarət heyət Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Nabrandakı “Təhsil-İstirahət Mərkəzi”ndə “Milli-mənəvi dəyərlərimizin təbliği” mövzusunda keçirilən konfransda iştirak edib.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev xalqımızın zəngin və qədim milli-mənəvi dəyərlər sisteminə malik olmasından, bu dəyərləri əsrlərlə sədaqətlə qorumasından danışıb. Rəhbərlik etdiyi ali təhsil ocağında aparılan islahatlara toxunan rektor müəllim-tələbə münasibətlərinin sağlam, milli dəyərlərimiz zəminində qurulmasının vacibliyinə diqqət çəkib və AzTU-nu regionun aparıcı universitetinə çevirəcək strateji inkişaf konsepsiyasına geniş yer ayırıb.
Daha sonra rektorun çıxışı ətrafında diskussiya aparılıb. İştirakçılar universiteti, müəllim-tələbə münasibətlərini necə görmək istədikləri barədə mövqelərini açıqlayıb, rektora tədris, elmi inkişaf, onları narahat edən məsələlər və s. ilə bağlı suallar ünvanlayıblar. Tələbələr rektorun istirahət gününü onlarla keçirməsindən məmnun qalıblar.
Konfrans başa çatdıqdan sonra tələbələr arasında intellektual oyunlar, idman (futbol, basketbol və voleybol) yarışları keçirilib. Bakalavrlar, magistrlər, universitetin gənc müəllimləri, əcnəbi tələbələr, Bakı Texniki Kolleci və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri yarışlarda fəal iştirak ediblər.
Yarışlarda fərqlənənlərə sertifikatlar təqdim edilib. |
|
29.10.2019 | 18:26 | |
|
|
|