AzTU-nu “Action space-2018”-də təmsil edəcək startapçılar məlum oldu

Azərbaycan Texniki Universitetində (AzTU) Fransanın “Action space” şirkəti tərəfindən elan edilən “Action space-2018” Beynəlxalq İnnovasiyalar Yarışının növbəti mərhələsi keçirilib.

 

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov tələbələrə “Action space-2018” startap yarışları haqqında qısa məlumat verib. Prorektor bildirib ki, Fransanın “Action space” şirkəti tərəfindən keçirilən bu yarışmada əsasən kosmik sənaye, peyk rabitəsi və kosmik tədqiqatlar üzrə ideyalara önəm verilir. Bununla belə, yarışmada ideya seçiminin sərbəst olduğunu qeyd edən Sübhan Namazov qalib startapçıların 6 nəfərlik münsiflər heyəti tərəfindən səsvermə yolu ilə seçiləcəyini vurğulayıb.

 

AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov və tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov çıxışlarında layihənin önəmindən danışaraq tələbələri aktiv olmağa, Fransada ölkəmizi  və təhsil aldıqları universiteti layiqincə təmsil etməyə çağırıblar.

 

Daha sonra ideyaların yarışması başlanıb.

 

Yarışmada səsləndirilən ideyalar arasında kosmik və peyk sənayesi ilə yanaşı İT, maşınqayırma və həmçinin sosial ideyalar da yer alıb.

 

İdeyaların müəllifləri tərəfindən təqdimatından sonra 5 ballıq sistemlə münsiflər heyətinin qiymətləndirməsi həyata keçirilib.

           

Hər münsifin ayrılıqda verdiyi qiymət toplanaraq yekun nəticə kimi elan edilib. Səsvermənin nəticələrinə əsasən 3 münsifdən 5 bal alan Rəbiyyə Aslanovanın “3D görüntülü danışıq” ideyası 27 balla yarışmanın qalibi seçilib. Eyyub Abbasquliyevin “İnformasiyanın ifrat tezlikli sürətlə ötürülməsi” ideyası isə 23 balla ikinci yeri qazanıb.

 

Sonda hər iki müəllif ideyalarının layihə halına salınması və prototiplərinin hazırlanması üçün digər iştirakçılar arasından öz komanda üzvlərini seçiblər.

 

Qeyd edək ki, yarışın növbəti mərhələsi ölkə üzrə 25-26 may tarixlərində keçiriləcək.   



30.04.2018 | 17:49