“Məktəbimizdə” – fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.

 

Budəfəki görüntülər respublikamızın ən qocaman təhsil müəssisələrindən biri olan Şəki şəhəri 5 nömrəli tam orta məktəbdən çəkilib.Təhsil müəssisəsi 30 dekabr 1831-ci il tarixində Şəkidə (Nuxada) rus-tatar qəza məktəbi kimi fəaliyyətə başlayıb. Bu il tam orta məktəbin 188 yaşı tamam olur. Sözügedən məktəbdə təhsil alan, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və maarifinin inkişafında mühüm xidməti olanların sırasında Mirzə Fətəli Axundov, Rəşid Bəy Əfəndiyev, Salman Mümtaz, Heydər Əfəndiyev, Cəlil Hüseynov, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Sadıqov və Şirməmməd Hüseynovun adını qeyd etmək olar. 

 

Məktəb 1981-ci ildə 150 illiyi münasibətilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülüb. 2011-2012-ci tədris ilində məktəb üçün 320 şagird yerlik yeni tədris binası tikilib, digər korpusu isə əsaslı təmir edilib. 2015-2019-cu illərdə məktəbin şagirdləri respublika fənn olimpiadalarında 7 medal qazanıblar. Son 5 ildə məktəbi bitirən məzunların 70-80 faizi  ali məktəbə qəbul imtahanlarında uğurlu nəticə göstərib. 2018-2019-ci tədris ili üzrə məktəbin XI sinfini bitirən 59 nəfərdən 6-sı fərqlənmə attestatına, 1-i gümüş, 1-i isə qızıl medala layiq görülüb. Məzunlardan 49 nəfər tələbə adını qazanıb. Onlardan 10-u 500-dən, 5-i isə 600-dən yuxarı bal toplayıb.

 

Hazırda məktəbdə 869 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 63 müəllim məşğul olur. Təhsil müəssisəsində fəaliyyət göstərən 3 qrupda 70 uşaq məktəbəhazırlığa cəlb edilib.

 

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

 



28.10.2019 | 15:37