Fibonacci intellektual yarışının 2-ci mövsümünə start verilib

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” III qrant müsabiqəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışının 2-ci mövsümünün açılış mərasimi keçirilib.

 

Bakı şəhəri  6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov layihənin başlıca məqsədinin akademik savadla yanaşı məktəb-şagird, şagird-müəllim və məktəblilərarası əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Orxan Abbasov bildirib ki, şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübə və biliyini təhlil etmək, özünüqiymətləndirmə, əməkdaşlıq etmək, başqalarını dinləmək və müxtəlif fikirlərə hörmət etmək bacarıqlarını aşılamaq, onlarda kreativ təfəkkürü inkişaf etdirmək də layihənin məqsədləri sırasındadır.

 

Bakı şəhəri 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova da öz növbəsində şagirdlərin məntiqi təfəkkürünün inkişafında bilik yarışlarının əhəmiyyətini diqqətə çatdırıb. Layihə barədə məlumat verən Gülşən Orucova qeyd edib ki, Fibonacci intellektual oyunlarına Bakı şəhəri üzrə 40 məktəb cəlb olunub. 8 adi, 2 yarımfinal və 1 final oyununun keçirilməsi nəzərdə tutulub.

 

Bildirilib ki, məktəblərin cari akademik fəaliyyətini nəzərə alaraq oyunların ayda iki dəfə, şənbə günləri keçirilməsi planlaşdırılıb. Şagirdlərin motivasiyasının təmin edilməsi məqsədilə onların yaş və maraq dairələrinin tələblərinə uyğun hər bir mərhələ oyununda və finalda qalib gələn komandalara xüsusi hədiyyələr təqdim ediləcək.

 

Rəsmi açılış mərasimindən sonra yarışın ilk oyununa start verilib.

 

Oyunun nəticələrinə görə, birinci turda Heydər Əliyev adına Müasir Təhsil Kompleksi I, Bakı şəhəri 36 nömrəli tam orta məktəb II, Bakı şəhəri 313 nömrəli tam orta məktəb isə III yerə layiq görülüblər. İkinci turda isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi  I, Bakı şəhəri 257 nömrəli tam orta məktəb II, Təhsil Nazirliyinin tabeliyindəki  İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi isə III yeri tutub.

 

Sonda qalib komandalara xüsusi hədiyyələr təqdim edilib.

 



28.10.2019 | 16:14