Yeni təlim proqramlarının təqdimatı | |
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşlığı çərçivəsində işsiz və işaxtaran, yeni səriştələr qazanmaq istəyən vətəndaşların peşə təhsili müəssisələrində təlimləndirilməsi üçün yeni təlim proqramlarının (kurikulumların) təqdimatı keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təqdimatda iştirak edən işəgötürənlər və sahə üzrə mütəxəssislərin elektrik qaz qaynaqçısı, ofisiant, ərzaq malları satıcısı, əməliyyatçı-mühasib (1C), kompüter operatoru (MC Office), təmirçi-santexnik, kombi təmirçisi, elektrik montyoru, paltaryuyan və qabyuyan ustası, kondisioner təmirçisi ixtisasları üzrə qısamüddətli kurslar üçün hazırlanan kurikulumlara dair rəy və təklifləri dinlənilib.
Tədbirdə işəgötürənlərin nümayəndələrinin təhsilalanların təlimləndirilməsində, eləcə də onların bilik və bacarıqlarının qiymətləndirilməsində iştirakı imkanları müzakirə edilib, peşə təhsilinin işəgötürənlərə yaxınlaşması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən reallaşdırılan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilib. |
|
28.10.2019 | 15:12 | |
|
|
|