Azərbaycan məktəblisi Çində öz bacarığını nümayiş etdirir

Çində keçirilən “Çin Körpüsü-12” beynəlxalq müsabiqəsində Azərbaycanı IX sinif  şagirdi Xədicə Əsgərova təmsil edir. Müsabiqədə bütün qitələrdən ölkələr üzrə seçim turlarının qalibləri olan 105 şagird iştirak edir. Onlar yarışmanın planına uyğun finalda iştirak etmək üçün 15 gün Çində səfərdə olacaqlar. Bu yarış formalarından biri ölkə təmsilçilərinə Konfutsi mərkəzinin saytında yaradılmış səhifədə (http://bridge.chinese.cn/s12/vote/vote.php) səs verməklə aparılır. Dəstək olmaq üçün hər kəs gün ərzində 5 səs vermək imkanına malikdir.

 

Qeyd edək ki, beynəlxalq “Çin dili körpüsü” müsabiqəsi hər il keçirilir və Çin dövlətinin təsis etdiyi “Çin dilini öyrən və öz gələcəyini qur”devizi altında baş tutur.

 

Tədbirin məqsədi  gənclər arasında çin dilini öyrənmək üçün platforma yaratmaq, qarşılıqlı təhsil və ünsiyyət, çin dilini öyrənmək təşəbbüsünü stimullaşdırmaq, bütün dünya gənclərinin dostluğuna dəstək olmaqdır. 

 

Ölkəmizdə illərdir fəaliyyət göstərən Konfutsi İnstitutunun mərkəzləri Azərbaycan məktəblilərinin də bu layihədə iştirakını təmin edir. Bu ilin may ayında Azərbaycan Dillər Unversitetində 3 mərhələ üzrə həyata keçirilən seçim turunda qiymətləndirilmə zamanı Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun şagirdi kimi Xədicə Əsgərova I yerə layiq görülüb. Məktəblilərin çıxışları Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.  Bakıdakı 53 saylı tam orta məktəbin şagirdi Xədicə Əsgərova Çin dilini 3 il ərzində öyrənməklə bu yarışa qatılmağı hədəfləyib  və istəyinə nail olaraq , qalib kimi Azərbaycanı Çindəki final yarışmasında təmsil etmək haqqı qazanıb.

 

Qeyd edək ki, dünya məktəblilərinin qatıldığı müsabiqənin finalında qalib olacaq şagirdlər Çində təqaüdlü təhsil imkanı və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

 

V. Allahverdiyeva



28.10.2019 | 10:32