Tələbələr “ASELSAN-Bakı”da staj keçəcəklər | |
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev “ASELSAN-Bakı” şirkətinin direktoru Özgür Kürüm ilə görüşüb.
Qeyd edək ki, “ASELSAN-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye komleksinin lokomotivi olan ASELSAN şirkətidir. Azərbaycanda 1998-ci ildə dövlət qeydiyyatından keçib. “ASELSAN-Bakı”nın əsas fəaliyyətini ASELSAN istehsalı olan mülki rabitə cihazları və s. radioelektronika sistemlərinin satışı, təmiri, onlara texniki dəstəyi əhatə edir.
Professor Vilayət Vəliyev sənaye-universitet işbirliyinin önəmini qeyd edərək, bu sahədə Texniki Universitetin geniş potensialı olduğunu bildirib. Özgür Kürüm AzTU-da tədris edilən bir sıra ixtisasların rəhbərlik etdiyi şirkətin fəaliyyət dairəsi ilə birbaşa əlaqəli olduğunu və bu istiqamət üzrə əməkdaşlıq qurmaqda maraqlı olduqlarını vurğulayıb.
Əldə edilən razılığa əsasən, AzTU-nun 3-cü və 4-cü kurslarının fərqlənən tələbələri üçaylıq proqram çərçivəsində “ASELSAN-Bakı” şirkətində staj keçəcəklər. “ASELSAN-Bakı”da təcrübə keçəcək tələbələri tərəflər birlikdə seçəcək və şirkətin stajoru olacaq tələbələr müəyyən imkanlar əldə edəcəklər. |
|
26.10.2019 | 13:36 | |
|
|
|