İlyas Əfəndiyev dühası | |
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından artıq 23 il ötür. Azərbaycan ədəbiyyatı və dramaturgiyasının milli sərvəti sayılan İlyas Əfəndiyevin 105 illiyi ilə əlaqədar efir məkanlarında, çoxsaylı qəzet və jurnallarda, internet portallarında silsilə xəbər və yazılar öz əksini tapmaqdadır.
İlyas Əfəndiyevin yaradıcılığına nəzər salsaq, görərik ki, nasir ədəbiyyata gəldiyi ilk gündən maraq dairəsi dramaturgiya sahəsinə olmuşdur. O, teatr mühitinə 1943-cü ildə Mehdi Hüseynin təklifi ilə onunla müştərək yazdığı “İntizar” pyesinin tamaşası ilə daxil olmuş, ömrünün sonuna qədər teatr və səhnədən ayrıla bilməmişdir. O, öz gəlişi ilə Azərbaycan ədəbiyyatına və dramaturgiyasına yeni ruh, yeni nəfəs, yeni çalar və motivlər gətirmişdir.
İlyas Əfəndiyev yaradıcılığı çoxşaxəlidir. Belə ki, o, yaradıcılığı dövründə hekayələr, əmək qəhrəmanları haqqında oçerklər, irihəcmli pyeslər və romanlar, dramaturji cəhətdən bir-birindən fərqli olan səhnə əsərləri yazıb-yaratmışdır. Məhz bu kontekstdən İlyas Əfəndiyev bütün sovet məkanında öz dövrünün ən görkəmli və məhsuldar yazıçısı kimi dəyərləndirilmişdir. Həmin dönəmlərdə yazdığı hekayələr, oçerklər - “Söyüdlü arx”, “Dağlar arxasız olmur”, “Üçatılan”, “Körpüsalanlar”, “Geriyə baxmaÖ qoca” kimi romanları və bir-birindən maraqlı pyesləri bunun bariz nümunəsidir.
İlyas Əfəndiyevin xarici ölkələrin teatrlarında səhnələşdirilən dramaturgiya nümunələri də az deyildir. Ədibin ayrı-ayrı əsərləri türk, fars, rus, alman, ingilis, fransız, bolqar, çex və digər dillərə tərcümə edilmişdir. Onun yaradıcılığı təkcə nəsr və dramaturgiya nümunələri ilə məhdudlaşmır. O, bədii yaradıcılığın mühüm sənətkarlıq məsələlərinə, yazıçı fərdiyyətinə, dil, üslub problemlərinə, dram əsərlərinin səhnə təcəssümünə dair qiymətli məqalələrin, onlarla publisistik yazının müəllifidir.
Böyük dramaturq 1964-cü ildə yazdığı “Sən həmişə mənimləsən” pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq növbəti illərdə “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Bağlardan gələn səs” və s. pyeslərini yazır. Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, insani dəyərlər və xüsusiyyətlər aşılanan bu kimi pyeslərlə Azərbaycan teatr sənətində yeni bir mərhələ açılır - İlyas Əfəndiyev teatr məktəbi.
İlyas Əfəndiyev yaradıcılığında üslub dəst-xətti ilə seçilən “Şeyx Xiyabani” pyesi ədəbiyyatımızda Azərbaycan xalqının birliyi probleminə həsr olunmuş ilk dram əsəridir. Sovetlər dövründə Xiyabani hərəkatı bu taydakı Demokratik Respublikanın bilavasitə təsiri ilə İranda - Cənubi Azərbaycanda azərbaycanlıların hüquqları uğrunda mübarizəyə qalxmış milli hərəkat kimi deyil, sovet ideologiyasına xas bir şəkildə və qəsdən dini hərəkat kimi səciyyələndirilərək, bolşeviklərlə əlaqələndirilirdi. Bu mövzu yazıçının “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” pyeslərində də bir motiv olaraq özünü göstərmişdir.
60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev 90-cı illərdə, həyat və yaradıcılığının ən müdrik və qocaman çağlarında belə, usanmadan incəsənət və mədəniyyətimizə öz töhfələrini verməkdə idi. Sovet rejiminin bərqərar olduğu, partiya qadağalarının hökm sürdüyü bir vaxtda, Azərbaycanın tarixi və milli dəyərlərinə dair hər hansı bir faktı və ya məlumatı yazmaq yasaq olunduğu bir dönəmdə İlyas Əfəndiyev bu mövzuları çəkinmədən, cəsarətlə ədəbiyyata gətirmiş, onları yeni zamanın kontekstində oxuculara təqdim etmişdir.
Dünya dramaturgiyasında qəbul olunmuş bir neçə klassik dramaturqun səhnə sənətində yaratdıqları ədəbi məktəblər vardır ki, bunlardan Şekspir, Molyer, Ostrovski, Çexov, Brext dramaturji məktəblərini misal çəkmək olar. Eləcə də Azərbaycanda Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, İlyas Əfəndiyev ədəbi məktəbləri də mövcuddur ki, yetişməkdə olan neçə-neçə gənc aktyor, rejissor nəslinin bəhrələnməsi üçün mədəni məbəddir.
Azərbaycan dramaturgiyasında yuxarıda adları sadalananlarla yanaşı Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev kimi ədəbi simalarımızın da böyük xidmətləri olmuşdur. Lakin danılmaz faktdır ki, 20-ci əsrin ikinci yarısından etibarən Akademik Milli Dram Teatrı əsasən İlyas Əfəndiyev dramaturgiyasının nəhəng sütununa söykənirdi. İlyas Əfəndiyev bütün səhnə əsərlərini yalnız Akademik Milli Dram Teatrı üçün yazmışdır.
İlyas Əfəndiyevin sağlığında ikən 20-dən artıq pyesi Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “On manatlıq lüstr”, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Ağıllılar və dəlilər”, “Hökmdar və qızı” və s. əsərləri tamaşaya qoyulmuşdur. Yazıçının uşaqlar üçün yazdığı “Ceyran ovu”, “Maraqlı hadisə”, “Qoruqlarda”, “Yasəmən ağacı”, “İz ilə”, “Ovçunun nağılı”, “Zəmidə bir turac səslənirdi” kimi hekayələri məktəb dərsliklərinə salınmışdır.
Azərbaycan filmoqrafiyasında yazıçının - “Körpüsalanlar”, “Bizi dağlarda axtarın”, “Atayevlər ailəsi”, “Gözlə məni”, “Bircəciyim”, “Sən həmişə bizimləsən”, “Bizim qəribə taleyimiz” və b. əsərləri əsasında filmlər də çəkilmişdir.
İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasının inkişafında müstəsna xidmətlər göstərmiş ədiblərimizdən biridir.
Dövri mətbuatda peşəkar nasir və dramaturq İlyas Əfəndiyevin məhsuldar yaradıcılığı haqqında zirvələrdə qərar tutmuş tanınmış qələm sahibləri, yazıçı və şairlərimizdən M.Hüseyn, O.Sarıvəlli, M.Arif, M.Cəfər, B.Bayramov, İ.Şıxlı, Ə.Cəfərzadə, B.Vahabzadə, Ə.Vəliyev, X.R.Ulutürk və başqaları geniş söz açmışlar. Yazılan və söylənilən müsbət fikir və rəylər bir daha onu göstərir ki, İ.Əfəndiyev böyük sənətkar olmaqla yanaşı, həm də mənəvi baxımdan böyük düha sahibidir.
Hələ zamanında ədəbiyyatımızın inkişafında xidmətlərini nəzərə alan ulu öndərimiz Heydər Əliyev İ.Əfəndiyevin anadan olmasının 80 illiyinin təntənəli surətdə qeyd edilməsi haqqında sərəncam imzalamış və onu “Şöhrət” ordeni ilə təltif etmişdir.
İlyas Əfəndiyevin uşaqlar üçün yığcam və sadə dildə yazmış olduğu kiçikhəcmli hekayələri hazırkı ibtidai məktəb dərsliklərinə də salınmışdır. İ.Əfəndiyev yaradıcılığı ətrafında hər zaman tədqiqat işləri aparılmış, onun hər dəfə yeni izah, yeni yanaşma, yeni interpretasiya tələb edilən ədəbi nəsri haqqında monoqrafik əsərlər yazılmışdır. Bu gün İlyas Əfəndiyev irsindən müəyyən seçmələr orta məktəb dərsliklərində öz əksini tapmaqla yanaşı, incəsənət yönlü ali təhsil ocaqlarında da, xüsusilə teatrşünas, rejissor, aktyorluq və s. kimi ixtisas fənlərində böyük dramaturqun yaradıcılığı daha dərindən tədris olunur.
Böyük ədibimizin illər öncə haqq dünyasına qovuşması Azərbaycan dramaturgiyası üçün böyük itki idi. Lakin onun yazıb-yaratdığı, qoyub getdiyi dramaturji məktəb və mədəni irsi ona ölməzlik, həmişəyaşarlılıq gətirmişdir. Əziz və sevimli dramaturqumuz İlyas Əfəndiyevin ruhuna hər zaman Uca Tanrıdan rəhmət diləyirik.
Vəfa GÖVHƏR, Bakı Xoreoqrafiya Akademiyasının mətbuat katibi |
|
26.10.2019 | 10:08 | |
|
|
|