Dilimizin yorulmaz tədqiqatçısı

Görkəmli Azərbaycan alimi, sovet dövrünün seçilən türkoloqlarından biri akademik Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 110 ili tamam olur. M.Şirəliyevin adı sağlığında ikən təkcə SSRİ ərazisində deyil, xarici ölkələrdə də tanınırdı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 19 iyul 2019-cu il tarixdə sərəncam imzalamışdır.

 

Akademik M.Şirəliyev Azərbaycan dilçilik elminin Bəkir Çobanzadə, Fərhad Ağazadə, Abdulla Tağızadə, İdris Həsənov, Xoca Səid Xocayev kimi dilçilər nəslindən sonrakı elmi nəslə mənsub idi. Bu nəslin nümayəndələrinə isə başda M.Şirəliyev olmaqla, Əbdülləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, İsmayıl Əfəndiyev və başqa bu kimi görkəmli dilçi alimləri aid etmək olar.

 

Sovet dövrü elmi məktəb yaratmış Azərbaycan alimlərindən Yusif Məmmədəliyev, Abdulla Qarayev, Həsən Abdullayev, Mustafa Topçubaşov, Əhməd Seyidov, Ziya Bünyadov, Azad Mirzəcanzadə və başqa alimlər kimi M.Şirəliyev də elmi məktəb yaradan ziyalılardan idi. Başlanğıcını görkəmli sovet türkoloqu N.Aşmarindən götürən milli dialektlərimizin öyrənilməsi M.Şirəliyevin elmi fəaliyyəti nəticəsində elmi məktəb səviyyəsinə qaldırıldı. Azərbaycanda dialektoloji araşdırmalar, dialekt və şivələrimizin tədqiqi bilavasitə bu alimin adı və elmi fəaliyyəti ilə bağlıdır.

 

Görkəmli alim Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən olan Şamaxıda doğulmuş, onun uşaqlıq illəri erməni daşnak-bolşevik quldurlarının Şamaxı və ona yaxın əraziləri gülləbaran, talan etdikləri illərə təsadüf etmişdi. M.Şirəliyev 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmiş, sonralar respublikanın müxtəlif ali məktəblərində dərs demiş, kafedra müdiri, dekan, prorektor və b. vəzifələrdə çalışmışdır.

 

M.Şirəliyevin aspiranturada elmi rəhbəri B.Çobanzadə olmuşdur. Lakin B.Çobanzadə qanlı Stalin repressiyasının günahsız qurbanı oldu, buna baxmayaraq, gənc aspirant daha ciddi səylə elmi axtarışlarını davam etdirdi. Bu yerdə professor Əlövsət Abdullayevin sözləri yada düşür: “... İstanbul Universitetində təhsil almış dilçi professor B.Çobanzadə 1937-ci ildə həbs edildi. Onun aspirantları M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Hüseynzadə, İ.Əfəndiyev başsız qaldılar. Sonralar onların yetişməsi üçün uzun illər lazım oldu”.

 

M.Şirəliyev 1941-ci ildə “Bakı dialekti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, lakin əsərin elmi məziyyəti nəzərə alınaraq, ona birbaşa filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. O, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü (1962) seçilmiş, “Əməkdar elm xadimi”  fəxri adına layiq görülmüşdü (1962). Görkəmli alim 1949-cu ildən ömrünü Elmlər Akademiyası sisteminə bağlamış, Nizami adına Ədəbiyyat və Dil İnstitutunun, sonralar, 1969-cu ildən isə uzun illər Nəsimi adına Dilçilik İnstitutunun direktoru  vəzifəsində işləmişdir.

 

Böyük türkoloqun elmi fəaliyyətində başlıca yeri dialektoloji tədqiqlər tutur. Alimin dialekt və şivələrin öyrənilməsi sahəsindəki işi bir sıra nəzəri ümumiləşdirmələr aparmağa, ümumiləşdirici nəzəri əsərlər yaratmağa imkan verdi və bu əsasda “Azərbaycan dialektologiyasının əsasları” adlı dərsliyi nəşr olundu (1962). Həmin əsər 1968-ci ildə təkmilləşdirilmiş şəkildə yenidən çap edildi. Sonralar bu əsərinə görə görkəmli alimə Azərbaycan Respublikasının Dövlət mükafatı verildi.

 

50-ci illərin sonlarından Azərbaycan dialektologiyasının yeni bir sahəsi, dilçilik coğrafiyası inkişaf etməyə başladı. Keçmiş sovet türkologiyasında, eləcə də Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının əsasını M.Şirəliyev qoymuşdur. O, ilk dəfə Azərbaycan dialektlərinin arealıq prinsipləri nəzərə alınmaqla düzgün elmi təsnifini vermişdir. Türk dilləri dialektlərinin tədqiqi sahəsində  birinci olaraq, Azərbaycan dialektoloqları dialektlərin özünəməxsus xüsusiyyətlərini aydınlaşdırmaq və izoqlassları (dilçilik coğrafiyasında dil xüsusiyyətləri eyni olan yerləri birləşdirən xətt - A.N.) seçmək məqsədilə dilçilik coğrafiyası metodunu tətbiq etdilər. M.Şirəliyevin rəhbərliyi ilə türk dilləri arasında ilk dəfə Azərbaycan dialektoloqları dilimizin Şərq qrupu dialekt və şivələrini əhatə edən təcrübi dialektoloji atlas hazırlamışlar. Türkologiya tarixində ilk təcrübə olaraq, 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası” 1990-cı ildə nəşr olunmuşdur.

 

1964-cü ildə M.Şirəliyevin redaktorluğu altında “Azərbaycan dilinin dialektoloji lüğəti” nəşr edilmişdir. Azərbaycan dilçilərinin yaxından iştirakı ilə ikicildlik “Azərbaycan dilinin dialektoloji lüğəti” 1999-cu ildə Türkiyədə nəşr olundu və lüğətə fəxri redaktor kimi M.Şirəliyevin adı salındı.

 

XX əsrin 70-ci illərindən Bakı şəhəri keçmiş SSRİ məkanında türkoloji mərkəzlərdən biri kimi tanınmağa başladı. Bu, bir tərəfdən  Azərbaycan KP MK-nın birinci katibi ümummilli lider  Heydər Əliyevin Azərbaycanı Ümumittifaq miqyasında daha yaxından tanıtması ilə əlaqədar idisə, digər tərəfdən də M.Şirəliyev və başqa türkoloq alimlərimizin elmi nüfuzları bu sahədə təsirsiz qalmamışdı. 1970-ci ildən Bakıda beynəlxalq səviyyəli “Sovetskaya tyurkologiya” jurnalı nəşr olunmağa başladı. Sovet dövründə türk dillərinin dialektologiya məsələlərinə həsr edilmiş elmi konfranslardan üçü Bakıda keçirilmişdi (1956, 1960, 1965).

 

Sovet dövründə türkdilli respublikaların hamısında dialektoloji tədqiqləri idarə edən və əlaqələndirən bir təşkilat - Dialektologiya Komitəsi fəaliyyət göstərirdi ki, onun da sədri akademik M.Şirəliyev idi. Böyük türkoloqun elmi fəaliyyətinin nəticəsi idi ki, Azərbaycan dialektologiya məktəbi başqa türk dilləri dialektlərinin tədqiqi yolunda nümunəyə çevrilmişdi.

 

Görkəmli alimin elmi yaradıcılıq sahəsi yalnız dialektoloji araşdırmalarla bitmir, o, dilimizin qrammatikasına, nitq mədəniyyətinə, üslubiyyatına, orfoqrafiya və orfoepiyaya, türkologiyanın nəzəri məsələlərinə dair əsərlərin, ali və orta məktəblər üçün dərsliklərin müəllifi olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, alimin M.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı “Azərbaycan dilinin qrammatikası” (sintaksis) kitabı yarım əsrə yaxın məktəblilərin stolüstü dərsliyi olmuşdu. Bir sözlə, alimin qələmindən 200-dən artıq elmi əsər, məqalə və dərslik çıxmışdır.

 

Azərbaycan dilçilik elmi onilliklər ərzində M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Hüseynzadə kimi alimlərin çiyinləri üstündə formalaşdı və bu alimlərin elmi fədakarlığı sayəsində 60-70-ci illərdə elmdə nüfuzlu imza qoymuş, İttifaqda  və beynəlxalq aləmdə tanınan dilçilər nəsli yetişdi. M.Şirəliyevin bilavasitə rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, eləcə də türkdilli respublikalarda çoxlu dilçi kadrlar, türkoloqlar hazırlandı. Bu türkdilli ərazilərin koordinatları Aşqabad, Alma-Ata, Daşkənd, Kazan, Ufa şəhərlərindən keçir.

 

Stalinin repressiya “dalğa”sının nisbətən səngidiyi 50-ci illərin əvvəllərində bir çox alim, şair və ziyalılar kimi M.Şirəliyev də kosmopolitizmdə günahlandırıldı. Xalq şairi S.Vurğun da onların sırasında idi. Şairin “Muğan” poemasında kosmopolitizmdə günahlandırılması barədə bir eyhamı qeyd etmək yerinə düşər:

 

Kosmopolit tənqidçilər ömrü boyu dandı məni

Dedi: “Əsl şairlərin nə yurdu var, nə vətəni”,

Dedi bütün yer üzüdür sənətkarın ana yurdu

Bizim çoban şairi də saz üstündə şeir qurdu...

 

Görkəmli alimin elmi fəaliyyət dairəsi yalnız keçmiş SSRİ ərazisi ilə məhdudlaşmırdı. O, 1957-ci ildə Türk Dil Qurumuna üzv seçilmişdi (o zamanlar Azərbaycandan Ə. Dəmirçizadə və H.Araslı da bu qurumun üzvü idilər).  1953-54-cü illərdə Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya Universitetində, 1963-cü  ildə Polşa Respublikasının Varşava, Krakov universitetlərində türk dillərindən mühazirələr oxumuşdu. Tanınmış türkoloq bir sıra beynəlxalq elmi yığıncaqlarda uğurla çıxış etmiş, əsərləri bir çox xarici dillərdə çap olunmuşdur.

 

Zəhmətkeş alim çoxcildlik “Azərbaycan Sovet Ensiklopediyası”nda baş redaksiya heyətinin üzvü idi. Keçən əsrin 70-ci illərində görkəmli alimin həyatı və elmi biblioqrafiyası haqqında rus dilində “Görkəmli adamların həyatı” seriyasından kitabça da nəşr edilmişdi.

 

M.Şirəliyev indi həyatda olmasa da, unudulmaz xatirəsi onu tanıyanların qəlbində yaşayır və fəxredici haldır ki, görkəmli alimin adı bu gün də keçmiş sovet dövrünün dünyaşöhrətli türkoloqları  A.Kononov, N.Baskakov, A.Borovkov, A.Şerbak, V.Serebrennikov və b. alimlərin sırasında çəkilir.

 

Peyğəmbər Əleyhissalam buyururdu: “Elmindən fayda gələn alim min abiddən irəlidir”. Bəli, türkoloq alim M.Şirəliyev elmi ilə xalqına, vətəninə fayda gətirən elm yolçusu idi.

 

Bu kiçik məqalə ilə böyük alimin xatirəsini yad edir, ona hörmət və ehtiramımızı göstəririk. Xalq şairi S.Vurğun demişkən, “Bizdən ayrı düşənlərə Borcumuzdur bu ehtiram!”.

 

Aydın NAĞDALIYEV,

Gəncə Dövlət Universitetinin fəxri professoru, filologiya üzrə fəlsəfə doktoru



25.10.2019 | 16:03